Hörmətli yazarımız Hüseynbala Səlimovun “Dünyada bir standart olsaydı…” yazısında bir fikirlə qarşılaşdım:“… gəlin etiraf edək. Axı 20 ilə düzgüncə seçki təşkil etməyi öyrənmək olardı!”.
Söhbət ondan gedir ki, Qərb dünya üçün vahid standart tanımır, ölkələri siniflərə bölür, gənc müstəbid ölkələrdə baş verən iyrəncliklərə dərindən yanaşmır, qeyri-müəyyən ifadələrlə saxtakarlıqları gözardı eləyir, həmin gənc müstəbidlər isə “biz hələ gəncik və təcrübəmiz azdı”,- deyə yaxa ələ vermirlər. Və bu fikirlərindən sonra Hüseynbala bəy həmin cümləni yazır: “Axı 20 ilə düzgüncə seçki təşkil etməyi öyrənmək olardı!”.Təbii ki, əziz yazarımız bilir ki, problem nə ildə, nə də təşkil eləməyi öyrənməkdədi. Sadəcə, o da məsələyə həmin bir olmayan standartın məntiqindən yanaşır, iradlara verilən cavablara, əks-arqumentlərə öz məntiqi sualını qoyur.
Əslində isə məsələ bambaşqadı. Birincisi:
Normal seçki keçirmək üçün heç də zaman və təcrübə əsas deyil. Başlıcası siyasi iradə, seçim azadlığı, alternativlərə yaradılan bərabər şərait və hakimiyyətin dövlət resurslarından öz nəfinə istifadə etməməyidi. Yəni, sadəcə kimsəyə təzyiq göstərmirsən, seçicilərə tam azadlıq verərək basqılardan əl götürür və sandığı saxta bülletenlərlə doldurmur, özgənin səsini özün üçün saydırmırsan, vəssalam. Bunun üçünsə təşkilatlanmaya zərrəcə gərək yoxdu. Seçim savaşına kişi kimi girirsən, kişi kimi də ya qələbə qazanır, ya da “Beloçka” tumlarından çıxan kağızda yazıldığı kimi “bəxtini bir də sına”yacağın vaxtı gözləyirsən. Rəqibinin əlini sıxıb, ona “vətənə xeyirli-uğurlu olsun” deyib, gedirsən işlərinin ardınca. Bütün bunlar elə tum çırtlamaq kimi asan şeydi, çətin olan yalnız və yalnız kişilik məsələsidi.
Bambaşqa olan əsas məsələnin ikincisi isə budur ki, biz niyə hesab eləməliyik ki, onlar bu iyirmi ildə seçki keçirməyi öyrənməyiblər? Biz tamamilə yanılırıq. Onlar bu illər boyunca seçkinin təşkil olunmasını o qədər gözəl öyrəniblər ki, dünyanın ən saxtakar rejimləri belə, həsəd apara bilər. Ibtidai saxtakarlıq metodları – sandığa əvvəlcədən yazılmış bülletenləri doldurmaq, seçicini dillə-fellə ələ almaq və s. bu kimi üsullar artıq çoxdan köhnəlib. Bunlarla qarşılaşanda bilin ki, bu, sadəcə köhnə merətə qalmış vərdişdi. Əlləri, üzləri, vicdanları öyrəşib. Yeni üsul tam təhlükəsizdi – Məmmədin adına çıxan bülletenləri Əhmədin adına sayıb aktlaşdırırsan, vəssalam. Sonra işi qanuna salmaq üçün neçə il vaxt olur. Bəli, onlar seçkinin təşkil edilməsini öyrəniblər, həm də çox ustaca. Bunun bir adı var – allahsızlıq. Hətta o dərəcədə ki, namizədlik üçün Məmmədin yığdığı halal imzaları saxta saya, imza yiyəsi gəlib imzasının saxta olmadığını başıyla təsdiq eləyəndə belə, dalına bir təpik vurub qapıdan qovurlar. Indi hansı təşkildən danışa bilərik, qardaş?
Bildirildiyinə görə, Qərb Ilham Əliyevin qarşısında parlamentin buraxılması və yeni seçki keçirilməsi tələbini qoyub. Lap deyək ki, Əliyev özünə, öz yoluna asi çıxıb yerini şirin salmaq üçün parlamenti buraxdı və yeni seçki keçirilməsinə sərəncam verdi. Bu addım əlbəttə ki, siyasi rüsvayçılıq olardı, ancaq, onlar üçün rüsvayçılıq nə qədər ciddi mənəvi faktordu ki? Hər addımları Azərbaycanı dünyada rüsvay eləməyə yönəlməyibmi? Deyək ki, yeni seçki keçirildi. Bunun əvvəlkindən nə fərqi olacaq ki? Heç bir fərqi. Çünki onlar illər ərzində seçkinin çox ustalıqla təşkil olunmasını öyrəniblər. Toplananların yerini dəyişəndə cəm dəyişmir.