Narazılar olmayanda

Türk rejissorunun filmi Kannda ikinci mükafat aldı. Amma nə təəssüflər, türk telekanalları belə filmləri göstərmir, bizi “soap opera”larla lap bezikdirirlər. Maraqlı nədir? Kino böyük industriyaya çevrilsə də kiçik büdcəli filmlər hələ mükafat almaqda və mövqelərini qorumaqda davam edirlər. Bizimkilərdən soruşanda, bəs bizim filmlər niyə böyük festivallarda mükafat almır, cavabı bu olur ki, böyük kino böyük xərclər tələb edir. Əslində isə belə deyil. Kiçik büdcəli filmlər, artıq qeyd etdiyim kimi, daha çox priz qazanır, nəinki böyük xərclər hesabına başa gələn filmlər…

Kinodan söz düşdü. Bir detalı da qeyd edim. Bu həftə də “Həqiqətlər və müəmmalar” verilişinin yaradıcısı, məşhur rejissor və prodüsser L.Nikolayev vəfat etdi. Ixtisasca fizik, elmlər namizədi və rejissor, elmi-kütləvi filmlərin və verilişlərin müəllifi. Rejissorlar bir az qəribə adam olurlar, onların arasında, hətta Fizika-Texnika Institutunu, elə fiziklər arasındaca “fiztex” adlanan ali məktəbi bitirənlər də var. Yəqin, kino fizikadan da cazibəlidir, öz cazibəsilə adamı çəkir. Mən bilmirəm, bizim bu hakimiyyət kinoya niyə diqqət yetirmir?! Bilirsiniz, idman, mahnı yaxşıdır və inkişaf etməlidir, amma kino heç də bunlardan az şöhrət gətirmir. Tanınmış film öz ölkəsinə elə olimpiada qədər şöhrət gətirir. Kino sevdirir, düşüncəyə sövq edir, düşündürür. Əsl kino ölkə və cəmiyyət haqda təsəvvürlər yaradır və cəmiyyətin yüksək elitasının hansı problemlər üzərində düşündüyünə bir aydınlıq gətirir. Əslində böyük kinonu yaratmaq üçün bütün imkanımız var.

Bəs problem nədədir? Aktyorlar deyir, güclü ssenarilər yoxdur. Rejissorlar buyurur ki, aktyorlar zəifdir. Prodüsserlər deyir ki, büdcə yoxdur. Beləcə bu məsələyə aydınlıq gəlmir. Müqayisə üçün deyim ki, Iran filmləri artıq dünya festivallarına yol tapıb, rejissorları tanıyır, filmləri bəyənirlər. Amma təəssüf, bir çox rejissorların filmləri festivallara gizli yolla aparılır, onlar özləri indilər həbsdədirlər. Bəli, dünyanın mədəni kəsiminin bu problemi də var. Yaradıcı insan üçün əslində heç nə maneə deyil, o bütün maneələri dəf edə bilir və yol tapa bilir. Sadəcə, sənət vurğunluq tələb edir, lap açığını desək, qurban tələb edir. Kim buna hazırdırsa, o, nəticə əldə edir, kim hazır deyilsə, həmişə yerində sayır… Əgər rejim sənətə, mədəniyyətə yardım etmirsə, onun özünü mədəniyyətin və sənətin personajına çevirimək lazımdır, elə iranlı rejissorlar kimi…

Gürcü müxalifəti qəzəblənə bilmədi

Mən bu sətirləri yazanda gürcü müxalifəti mayın 25-nə təyin etdiyi “qəzəb günü”nü təxirə salmışdı. Görünür, bir az məşq etmək qərarına gəliblər. Yox, mən onlara lağ etmək fikrindən uzağam, ona görə ki, ən gülməli vəziyyətdə biz özümüzük, “neytral Azərbaycan”nın vətəndaşları! Bəli, Gürcüstanda da müəyyən problemlər var. Insan haqlarının və demokratiyanın vəziyyəti heç də ideal deyil, ölkənin istəyinə rəğmən Avropaya inteqrasiya ləngiyir, etnik bölgələrdə, separatçı bölgələrdə problemlər olduğu kimi qalır. Məhdudiyyət inkişafa çox da imkan vermir, çünki resurslar məhduddur. Mən özüm hələ ki, bu ölkədə olmamışam, amma qayıdanların təəssüratlarını soruşuram, hamı yüksək fikirdədir, hətta orada təcrübə keçən bir həmkarım da dedi ki, adam geri qayıtmaq istəmir! Mən geosiyasi çalarları bir tərəfə qoyuram, kiçik ölkə belə çalarlarsız keçinmir. Amma cəmiyyətin daim narazı olmasında məntiq var, insanlar qane olmur, daha çox istəyirlər. Burada pis nə var ki? Bəli, indi Saakaşvili bir qədər iş görüb, başqası gəlib bir az da görəcək və elə beləcə inkişaf da davamlı olacaq. Vay o günə ki, insanlar özlərinin ən pis günlərinə şükranlıq edələr, bir parça çörək tapdıqları üçün özlərini xoşbəxt bilib daha  heç nə arzulamayalar! Ölkəni də, elə milləti də narazılar inkişaf etdirir!

Kiçik sözardı

Bu bir-iki gün bizim üçün də “əlamətdar” olacaq, çünki biz neytral ölkə və millət olmağa cəhd edəcəyik. Guya bu vaxta qədər neytral olmayıb kiminsə tərəfini saxlamışıq. Biz öz tərəfimizi saxlamırıq, ondan qala başqaları ola!..