Hanı Rauf bəyin obyektləri, villaları?

Mən bilirdim ki, Rauf bəy qos-qoca bir türk kişisi, mücahidi, cümhurbaşqanı, şərəfli ömrü ilə çoxlarına, yox, hamıya nümunə olası bir qəhrəmandır. Amma tövbə, bilməzdim, inanmazdım ki, Kuzey Kıprıs Türk Cümhuriyyətinin azadlığı uğrunda bütün ömrünü qurban verən Rauf bəy Denktaş ömrünün bu çağında qəpik-quruşa möhtac olan sıradan bir adama çevriləcəkmiş.

Deməli, on illərlə ailədən uzaq, hər an ölüm təhlükəsi altında, it zülmü çəkə-çəkə döyüş, vuruş, dövlət qur, illərlə bu dövlətin başında dur, cümhurbaşqanı ol, axırda da pensiyaya çıxan kimi 7 min lirənin (təxminən 3,5 min manat) umuduna qal…

Hələ bu 7 min lirəlik pensiyanın da 2 minini dövlət kəsərmiş, 2 minini kredit ödəyərmiş və 3 min lirəyə ayı başa vurmalıymış! Kuzey Kıprıs Türk Cümhuriyyətinin şanlı və unudulmaz lideri Rauf Denktaş bizim pulla aylıq 1500 manata yaşayırmış.

Azərbaycan iqtidarı bir yana, heç Azərbaycan xalqı da Rauf bəy kimi “strateji baxımdan korəfəhm” adam görməyib, yəqin ki! Balam, hanı sənin obyektlərin?Kuzey Kıprıs başdan-başa turizm obyektləriylə doludur. Ay kişi, ay sənə qurban olum, 40 il bu ölkənin başında durmusan, yəni, özünə bir turizm obyekti aça bilmirdin?

Pulun yoxuydusa, canın sağ olsun, Kuzey Kıprısın Ramiz Mehdiyevi, Ramil Usubovu, Zakir Qaralovudamı yoxdur? Tapşırardın birinə, iş adamlarından neçəsini kefin istəyir, tullayardılar türməyə, sənin qurduğun dövlətdə para qazanıb şellənən o “binamuslar” da bütün obyektlərini rəsmi şəkildə, notarial qaydada alqı-satqıyla keçirərdilər sənin adına. Hələ istəsən, türmədən qurtarmaq üçün oturduqları evini də satıb pulunu “dar gün üçün” köçürərdilər sənin Isveçrə bankındakı hesabına.

Bu cəhənnəm, Avropadı, görən-eşidən olardı. Yaxşı, bəs, sən yol-zad çəkməmisən, körpü tikməmisən, gələcək nəsillər üçün parklar salmamısan? Hanı sənin Ziya Məmmədovun? Bir kilometrlik yolu 10-11 milyona düz-qoş eləyib, cəmi 300 minə Avropa standartına uyğun basməmmədi yol çəkənin də yox idisə, daha sənin mübarizənə, ömrünü qurban verməyinə söz tapa bilmirəm!

Yəni, Kuzey Kıprısda binalar hamısı dövlət standartına uyğun tikilib? Heçmi ilişəcək yeri yoxdu? Bəs, sənin Kamaləddin Heydərovun hara baxırdı?Ay kişi, villan-zadın da yoxdur ki, dövlətə icarəyə verib ayda on minləri cibinə qoyasan?

Edə bilmirdin, ayıb sayırdın, öz adına, şərəfinə, ləyaqətinə sığışdırmırdın, eləmi? Bəs, sənin qohum-əqrəban, dost-tanışın, sadiq adamların yox idi? Niyə onların adına xarici banklara pul yatırmamısan, restoranlar, kafelər açmamısan, villalar ucaltmamısan?

Anlaşılandır – Kuzey Kıprısın cəmi 200 mindən bir cıqqan artıq əhalisi, çox xırdaca da ərazisi var. Olsun, Azərbaycanla müqayisə etmirəm. Heç olmasa, hörmətli biboğludan, Naxçıvan xanı Vasif Talıbovdan ibrət dərsi götürərdin! Xanın özəlləşdirdiyi Naxçıvan yox e, Bakıdakı və digər rayonlardakı obyektlərini saysam, necə səriştəsiz olduğunu görüb başını aşağı dikərsən!

Hələ, Azərbaycanın cəmi 30 min əhalisi olan ucqar dağ rayonlarından birinin 3-cə il icra başçısı işləyən kişilərini demirəm! Gəl, göstərim də sənə: rayon heç, – ora başdan-başa keçir həmin şəxsin ixtiyarına, – cəmi 3 ilə Bakının yarısını almaq səviyyəsində pul qazanır, Avropadan özünə xüsusi avtomobil, kater, gəmi sifariş edib gətizdirir, nəsil-nəcabətinə, məşuqəsinə saraylar, malikanələr, obyektlər alır.

Hörmətli xoca, bu ölkənin müstəqilliyi əleyhinə səs verən adamlar var ki, indi belimizdə əkdiyi turpun kilosunu Avropaya 7 min lirəyə satır. Canım-gözüm, yeməyəcəkdinsə, dağıtmayacaqdınsa, 7 arxa dönənin üçün milyardlar yığmayacaqdınsa, elə cəmi 7 min lirənin umuduna qalacaqdınsa, daha o dövləti niyə qururdun?Rauf bəy, Türklərin canlı əfsanəsi, Allah şəfanı versin, amma sağalan kimi anında, yubanmadan, tələsik Azərbaycana təşrif buyur. Burada 15 günə pul yığmağın, əhalinin dərisindən yun qırxmağın, milləti mələdə-mələdə xoşbəxt olmağın minlər, milyonlarla yolundan bircəciyini öyrədək sənə, get, “krallar gibi” yaşa!..