Yaradılan dil

Fərqli fikrə görə tələbələrin şərlənərək qovulduğu Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov məni xeyli sevindirib. Sevincimin səbəbi sadədir. Akademik elə bir fikir söyləyib ki, elmi dərəcəmin olmadığına şadlanmışam. Bunu isə kim necə istəyirsə, elə də başa düşsün…

Akademikin fikirləri isə budur: “Vahid türk dili yaradılmalı, bu istiqamətdə alimlərin səyləri birləşdirilməlidir”.

Azma siz dünyada yaradılan bir dilin olduğunu bilirsinizmi? Tarixdə elə bir şey olubmu ki, insanlar yığışıb yeni bir dil yaratsınlar? Həm də alimlərin səyi ilə. Alimlər nə edəcəklər görəsən, yeni bir dil düzəldib, hamıya o dildə danışmağımı əmr edəcəklər? Tarixin bir kökdən ayıraraq təşəkkül etdirdiyi dilləri vahid bir dilə çevirməyi hansı alimlər icad edəcək?

Yalana sürüklənmiş cəmiyyətlərin necə absurdlarla yaşadığını gördükcə, adam ibtidai insana həsəd aparmaq istəyir. Hər gün qulağın bir əcaib fikir eşitməsə, elə bilərsən ki, dünyada hamı lal olub.

Mümkündür ki, iki və daha çox qohum dil yüksək inteqrasiya nəticəsində yaxınlaşsın və uzun bir yol keçərək vahid dilə çevrilsin. Bu, o qədər təbii olmalıdır ki, alimlər özləri bu prosesin izi ilə getməlidir. Yoxsa Abel müəllimin təklifi ilə Vahid Türk Dili Zavodu açıb, yeni dil istehsal etməklə işlər çox fərqli səmtə gedərdi. Bunu təsəvvür etməyə Jül Vern qədər fantaziya qabiliyyətin olmalıdır. Üstəlik… məgər bizim dərdimiz budur? Bizə nədə mane olur dillərimiz? Məsələ ondadır ki, Iranda milyonlarla azərbaycanlı öz dilində yazıb-oxuya bilmir və Abel Məhərrəmov indiyəcən nə bir konfrans keçirib, nə də bir bəyanat verib. Bəlkə Irana da vahid bir dil icad eləsin hörmətli akademik-deputat?

Ikinci bir məsələ də var. O alimlər ki, yığışıb yeni dil yaratmalıdırlar, niyə görəsən normal bir universitet qura bilmirlər? Mötəbər siyahılarda BDU-nun reytinqinə baxanda adam az qalır bilmədiyi dildə danışsın.

Üçüncü bir məsələ də var. Hazırda türk dilləri dünyanın hər yerində yalan və diktatura dilidir. Aralarındakı bir oxşarlıq da bundadır. Ərdoğan da bu cür davam etsə, türk dillərini türk xalqlarının aldadılması və əzilməsi dilləri də adlandırmaq olar. Bütün türk dövlətləri azadlıq qıtlığı çəkir. Türkiyəni istisna etsək, hamısı qeyri-azad, korrupsiyalaşmış, təhsili bərbad olan ölkələrdir. Hələ Qırğızıstan da ciddi irəliləyişlərə sahib olmayıb. Bütün bunlar ortada varkən, vahid türk dili yaratmaq cəhdinə adam söz tapmır. Elə bilirlər, Neft Fondundan pul ayırmaqla dünyada hər işi eləmək olar.

Məhəmməd Əmin bəyin evi

Qarşıdan Istiqlal günümüz gəlir. Mayın 28-də yenə də uşaqlarımızın əlindən tutub, Bakının Novxanı kəndinə Rəsulzadənin abidəsini ziyarət etməyə gedəcəyik. Üzümüzdə sevinc, ürəyimizdə fərəh hissi olacaq. Məhəmməd Əmin bəy və silahdaşları bizim fəxrimizdir. Övladlarımıza onları doğma babaları kimi sevdiririk. Çünki onlar bizə bir bayraq, bir istiqlal, bir hədəf qoyublar. Onlar azad və rifahlı bir Azərbaycan yaratmaq istəyirdilər. Öz balalarının varlanması üçün çalışmırdılar, hamısı da bu yolda əsl fədakarlıqlar etdi.

Onların bir yadigarı da Bakı Dövlət Universitetidir. Görəsən, BDU-nun adından Rəsulzadənin adını götürənlər və onlara qulluq edənlər 28 Mayda hansı hissləri keçirirlər? Bilirlərmi ki, Məmməd Əmin bəy bir gün öz evinə qayıdacaq!