Ramiz Mehdiyevə generaldan zərbə

PA rəhbərinin kadrı sayılan Azər Əmiraslanovun sürücüsünün həbsi ilə bağlı tapşırıq Vaqif Axundovdan gəlib

Prezident Administrasiyasının (PA) aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanovun sürücüsü Pərviz Məmmədovun həbsi ilə bağlı redaksiyamıza ilginc məlumat daxil olub. Pərviz Məmmədov narkotik maddələrin satışında ittiham olunur. Onun həbsi ilə bağlı xəbər bir neçə gün əvvəl “Azadlıq”a daxil olub. Lakin həbsin detalları ilə bağlı araşdırma apardığımızdan xəbəri dərc etməmişik.
Dünən “Yeni Müsavat” Pərviz Məmmədovun tutuqlanmasını ictimailəşdirib. Şöbə müdirinin həbsi ilə bağlı qəzetin yazdıqları “Azadlıq”a təqdim edilən xəbərlə üst-üstə düşür. Bildirilir ki, bir neçə ay Pərviz Məmmədovun narkoticarətlə məşğul olması barədə hüquq-mühafizə orqanlarına əməliyyat məlumatı daxil olub. Milli Təhlükəsizlik və Daxili Işlər nazirlikləri şöbə müdirinin sürücüsü ilə bağlı əməliyyat tədbirlərinə başlayıb. Pərviz Məmmədovun telefon nömrələri, təmasda olduğu şəxslər nəzarətə götürülüb. Izləmə əməliyyatı və telefon danışıqlarının dinlənilməsi nəticəsində bəlli olub ki, şöbə müdirinin sürücüsü narkoticarətlə məşğul olan mütəşəkkil dəstə ilə sıx “əməkdaşlıq” edir. Həmçinin aydın olub ki, Pərviz Məmmədov narkotik maddələrin satışını həyata keçirərkən Azər Əmiraslanovun 10 PA 537 dövlət nömrə nişanlı “BMW” markalı xidməti avtomobilindən yararlanıb. Şöbə müdirinin xidməti avtomobili Pərviz Məmmədova sığortalanmaq üçün lazım olub.
Aparılmış əməliyyat tədbirləri nəticəsində şöbə müdirinin sürücüsünün narkoticarətlə məşğul olması təsdiqini tapdıqdan sonra hüquq-mühafizə orqanları Prezident Administrasiyası ilə əlaqə saxlayıb. “Azadlıq”a daxil olan məlumata görə, Pərviz Məmmədovun həbsini Dövlət Mühafizə Xidmətinin rəisi general Vaqif Axundov “həll” edib. Məhz Vaqif Axundov sürücünün həbs olunmasında israr edib. Bundan sonra hüquq-mühafizə orqanları Pərviz Məmmədovun həbs olunması üçün əməliyyat planı hazırlayıblar. Mayın 5-də Pərviz Məmmədov narkotik maddəni dəstə üzvlərindən götürdükdən sonra həbs olunub.
Məlumatlarda bildirilir ki, Pərviz Məmmədovun həbsi əslində Azər Əmiraslanovun vurulmasına hesablanıb. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin kadrı sayılan Azər Əmiraslanov akademikin təqdimatı ilə kənd təsərrüfatı naziri təyin olunmalıydı. Şöbə müdirinin bu posta gətirilməsi xəbərləri bir neçə aydır ki, yayılıb. Hakimiyyətdə başqa bir güclü fiqur – fövqəladə hallar naziri Kəmaləddin Heydərov da Kənd Təsərrüfatı Nazirliyini (KTN) ələ keçirməyə çalışır. “Fövqəlnazir”in namizədi isə deputat Eldar Ibrahimovdur. Məlumatlarda deyilir ki, Pərviz Məmmədovun həbsi də KTN uğrunda mübarizənin təzahürü kimi dəyərləndirilməlidir. Azər Əmiraslanovun sürücüsünün narkoticarətlə məşğul olması təbii ki, şöbə müdirinin karyerasına ciddi zərbədir. Bu məsələdə, hətta şöbə müdirinin özü də ciddi ittihamlarla üzləşə bilər. Vaqif Axundovun Kəmaləddin Heydərovla yaxın münasibətlərini nəzərə alsaq, onda Pərviz Məmmədovun həbsində Azər Əmiraslanovun nazir olmasının qarşısını almaq məsələsinin dayanması barədə deyilənlərin doğruluğuna şübhə qalmır.  

İnformasiya şöbəsi