Vəfa Quluzadə: «Ərdoğan bilməlidir ki, istifadə etdiyi metod Türkiyədə hansı əks-səda doğuracaq»
Türkiyədə qızğın seçki kampaniyası gedir. Azərbaycan kimi ölkələr bu kampaniyadan nümunə olaraq xeyli şey götürə bilərlər. Iqtidarda və ya müxalifətdə təmsil olunmasından asılı olmayaraq bütün partiyalara bərabər şərait yaradılır.
Müxalifətdən olan namizədlər çox rahat şəkildə seçiciləri ilə görüşür, tez-tez televiziya kanallarındakı siyasi verilişlərə çıxır, təbliğat reklamlarını yayırlar. Amma qüsurlar da yox deyil. Xüsusən hakim partiyanın əvvəlcə əsas müxalifət partiyalarından sayılan CHP-yə, daha sonra isə MHP-yə qarşı məlum kaset kartından istifadə etməsi məyusedicidir. Baş nazir Rəcəb Tayyib Ərdoğan az qala, hər görüşündə CHP ilə bağlı kaset qalmaqalını yada salaraq rəqibini aşağılamaya çalışırdı. Yəqin bundan sonrakı görüşlərində də MHP ilə bağlı yaşanan son kaset qalmaqalını bayraq edəcək.
Qeyd edək ki, məlum kaset olayından sonra Dövlət Baxçalının sədrlik etdiyi Milliyyətçi Hərəkat Partiyasının beş müavini öz ərizəsi ilə istefa verib və deputatlığa namizədlikdən geri çəkilib. Müsəlman cəmiyyətlərində “qara piar”ın məhz bu növündən istifadə qəbuledilməz sayılır. Insanların şəxsi həyatına aid məlumatları bu formada ictimailəşdirməyin dini dəyərlərə sıx bağlı olan bir partiyaya – AKP-yə siyasi xal gətirib-gətirməyəcəyini isə zaman göstərəcək.
Politoloq Vəfa Quluzadə əvvəlcə bu seçkidə daha çox hansı partiyanın qalib gəlmək şansının olduğuna aydınlıq gətirdi: “Son illər Türkiyənin dünyadakı nüfuzu xeyli artıb. Türkiyə regional gücə çevrilib, beynəlxalq aləmdə adı tez-tez hallanır. Ona görə hakim partiyanın şansları böyükdür.
Mən Türkiyənin ictimai-siyasi həyatında böyük bir uğursuzluq görmürəm. Nöqsanlar hər ölkədə var. Amma Ərdoğan və hakimiyyətinin böyük uğursuzluğa düçar olduğunu, Türkiyənin gerilədiyini demək doğru olmaz. Hakimiyyətə yeni bir qüvvə də gələ bilər və bu, çox normal qarşılanar. Ərdoğan əbədi ola bilməz ki? O, hakimiyyəti başqa bir partiyaya təhvil verə də bilər. Bəzi ölkələrdə elektorat yenilik istəyir. Bilmir ki, yeni gələn yaxşı olacaq, ya pis, amma yenə də yeniyə səs verir. Ona görə hesab edirəm ki, Türkiyədəki seçkilər asan olmayacaq”.
AKP-nin CHP və MHP-ni gözdən salmaq üçün məlum kaset qalmaqalından istifadə etməsinin hakim partiyaya siyasi xal gətirib-gətirməyəcəyinə gəlincə, politoloq hesab edir ki, Ərdoğan bunu əvvəlcədən hesablamalıdır: “Nəzərə almalıdır ki, onun istifadə etdiyi metodlar Türkiyədə hansı əks-səda doğura bilər? Buna mütləq fikir vermək lazımdır. Amma bu cür şeylər dünyanın hər yerində olur. Amerikada seçki vaxtı hər bir tərbiyəsizliyə yol verilir. Rəqiblər bir-birinə ağızlarına gələni deyirlər. Məsələn, Bill Klinton Rusiya casusu elan edilmişdi, bəzilərini əxlaqsızlıqda ittiham etmişdilər. Demokratik cəmiyyətlərdə belə şeylər olur. Seçkidən sonra səs-küy kəsilir”.
Gültəkin