Paşayevlər Sumqayıtı ələ keçirə biləcəkmi?

Eldar Əzizovun cəhdlərinə baxmayaraq, Qərbi Azərbaycan və kürd qruplaşması hələ ki, mövqelərindən bir addım çəkilmir

Sumqayıtın yeni icra başçısı Eldar Əzizovla şəhərin oliqarxları arasında ziddiyyətlərin yaranması barədə məlumat vermişdik. Bildirmişdik ki, Eldar Əzizovun abadlıq-quruculuq adı altında söküntü işlərinə start verməsi oliqarxların maraqlarına toxunub. Həmçinin yeni icra başçısının kadr islahatları onu bir neçə qruplaşma ilə üz-üzə qoyub.
Dünən məlumat aldıq ki, əslində Eldar Əzizovun icra başçısı təyin ediləndən sonra “abadlıq” işlərinə start verilməsi şəhərin yenidən bölüşdürülməsi planı olub. Hakimiyyətin ehtiyat qanadı sayılan Paşayevlərin komandasına daxil olan Eldar Əzizov Sumqayıtda üzvü olduğu qruplaşmanın dayaqlarını möhkəmləndirmək istəyib. Əlbəttə ki, Paşayevlərin tapşırığı ilə. Elə bu baxımdan da Eldar Əzizov icra başçısı təyin olunduğu ilk günlərdə heç kimə güzəşt olunmayacağı, ciddi kadr islahatlarının aparılacağı və s. bu kimi sərt bəyanatlar səsləndirməkdən çəkinməyib.
Lakin müşahidələr göstərir ki, Paşayevlər Sumqayıtda məqsədlərinə nail ola bilməyiblər. Bu, müvəqqəti xarakter də daşıya bilər. Lakin Sumqayıtda Qərbi Azərbaycan və kürd qruplaşmasının güclü olması Paşayevlərin şəhərə nəzarəti ələ keçirməsini xeyli çətinləşdirəcək.
Sumqayıtda Qərbi Azərbaycan qruplaşmasının ağsaqqalı “univermaq Zaman” kimi tanınan sahibkar Zaman Isgəndərov sayılır. O, təhsil nazirinin müavini Isgəndər Isgəndərovun qardaşıdır. Oğlu Nizami Isgəndərov 2005-ci il parlament seçkilərində YAP-ın siyahısı ilə deputat mandatı əldə etsə də, 2010-cu ildə Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin göstərişi ilə seçkidən kənarda saxlanılıb. Seçkidən sonra Milli Məclisin spikeri Oqtay Əsədov Nizami Isgəndərovu özünə köməkçi götürsə də, Ramiz Mehdiyev növbəti dəfə onu “işsiz” qoyub. Isgəndərovlar hakimiyyətdəki Qərbi Azərbaycan qruplaşmasının fəal üzvlərindən hesab edilir. Sumqayıtda xeyli sayda iri obyektlərə malikdirlər. Yeri gəlmişkən, Eldar Əzizov Zaman Isgəndərova məxsus ən iri obyektlərdən biri olan “Cavid” Ticarət Mərkəzini sökdürmək niyyətində idi. Lakin icra başçısı niyyətini həyata keçirə bilmədi.
Sumqayıtdakı kürd qruplaşmasının ünlü simaları isə “çörək Tofiq” kimi tanınan Çörək zavodunun sahibi Tofiq Hüseynov, “qaz Nəbi” kimi tanınan, Nəbi Nəbiyevdir. Abşeronun icra başçısı Zakir Fərəcovun Sumqayıta kifayət qədər təsir imkanları var. Eldar Əzizov bu qruplaşmanı da hələ ki, yerində oturda bilməyib. Qısası, hazırda Sumqayıtda Paşayevlər Eldar Əzizovun vasitəsilə şəhərdəki iki güclü klanı küncə sıxışdıraraq, şəhəri ələ keçirmək, ən pis halda isə bərabər  bölüşdürülməsinə nail olmaqdır.

İnformasiya şöbəsi