Obama və Kamerondan Qəzzafiyə son xəbərdarlıq

«Bizim göstərdiyimiz təzyiqdə heç bir güzəşt olmayacaq»

Avropa ölkələrinə səfəri çərçivəsində Böyük Britaniyada olan ABŞ prezidenti Barak Obamanın baş nazir Devid Kameronla görüşündən sonra liderlər birgə mətbuat konfransı keçiriblər.
Devid Kameron bildirib ki, Barak Obama ilə ikitərəfli danışıqlar zamanı Yaxın Şərq, Liviya, Suriya, Yəmən, Əfqanıstan və Sudanda son vəziyyət, terrorçuluqla birgə mübarizə, qlobal iqtisadi vəziyyət də daxil olmaqla, bir sıra məsələləri müzakirə ediblər.
Liderlər bir daha Liviya diktatoru Müəmmər Qəzzafini istefa verməyə çağırıblar. Devid Kameron Qəzzafi ilə Liviyanın heç bir gələcəyinin olmadığını, Böyük Britaniya və ABŞ-ın bu rejimin istefasıyla bağlı bütün vasitələri nəzərdən keçirdiyini bildirib: “Qəzzafi rejiminə qarşı təzyiqlər gücləndirilməlidir. Biz Liviya xalqının öz gələcəyini müstəqil seçə bilməsi üçün BMT Təhlükəsizlik Şurasının qətnaməsi çərçivəsində təqdim olunan bütün imkanlardan istifadə edəcəyik”.
Ağ ev rəhbəri isə Liviyada dinc sakinlərin həyatının xilas olunmasında beynəlxalq ictimaiyyətin böyük irəliləyişlər əldə etdiyini vurğulayıb: “Qəzzafi və onun rejimi anlamalıdır ki, bizim göstərdiyimiz təzyiqdə heç bir güzəşt olmayacaq. ABŞ bu işi sona çatdırmaqda olduqca qətiyyətlidir. Bizim məqsədimiz Liviya xalqının öz həyatını qurmaqda sərbəst seçim edə bilməsidir”.
Hər iki lider ölkələrinin Liviyaya quru qoşunlar göndərmək niyyətində olmadıqlarını da vurğulayıb. Həmçinin onlar Liviya müxalifətini üzərinə böyük məsuliyyət götürməyə çağırıb.

İnformasiya şöbəsi