Bir başçıdan prezidentə iki “nömrə”

Zərdabda bu barədə müdhiş lətifələr dolaşır

 

İlham Əliyevin bu yaxınlardakı Ağcabədi-Zərdab səfərində Zərdabın icra başçısı Lütvəli Babayev ona “adam sırıyıb”. Lütvəli Babayevin prezidentə “müharibə veteranı” kimi təqdim etdiyi şəxs, Zərdab rayon sakini Hüseynov Həsən Dəmir oğlu, sadəcə olaraq, müharibə veteranı deyil. Ola bilər ki, Hüseyn Həsənov Ikinci Dünya Müharibəsində iştirak etmək, müstəsna fədakarlıqlar və qəhrəmanlıqlar göstərmək istəyib, amma buna onun fiziki imkanı, daha doğrusu, fiziki mövcudluq imkanı çatmayıb: Hüseyn Həsənov müharibədən sonrakı illərdə doğulduğu üçün.
Amma görünür, dövlət başçısına “müharibə veteranı” kimi təqdim ediləndə də həmin munis arzularını ifadə edərək, prezidentin bütün müharibə veteranlarına və şəxsən ona qayğısından riqqətlə danışıb. Deyib ki, o, müharibə veteranları üçün ayrılan maddi yardımları vaxtlı-vaxtında alır.
Yeri gəlmişkən, müharibədə iştirak etmək üçün yaşı və təvəllüdü çatmayan adamın Zərdabda veteran kimi təqdim edilməsi, həm də maliyyə saxtakarlıqları ilə bağlı ola bilər. Axı, Lütvəli Babayev elə həmin rəsmi mərasimdə Zərdabın küçə divarlarının bir hissəsinə linoleum yapışdıraraq Ilham Əliyevə taxta hasar kimi təqdim edib və bunun da maliyyə maxinasiyası ilə bağlı olduğunu hər kəs bilir.
Icra başçısının yaxın çevrəsi isə onunla fəxr edir və bir səfərdə prezidentə iki mühüm yalanı sırıya bildiyinə görə onun fövqəladə fərasət sahibi olduğunu bildirirlər. Bu məsələ ilə bağlı Zərdab əhalisinin quraşdırdığı lətifələri isə bir başqa vaxt diqqətinizə təqdim edərik.

 

İnformasiya şöbəsi