Astarada abidəni söküb YAP-a bina tikirlər

Binanı tikmək üçün idarə rəhbərlərindən 3500 manat pul tələb edilir


Astara rayonunda Sovet Ittifaqı Qəhrəmanlarının xatirəsinə ucaldılmış abidənin yeri dəyişdirilir. Bu barədə “Azadlıq”a məlumatı rayon sakinlərindən biri verib. Onun sözlərinə görə sözügedən yerdə YAP-ın binası tikiləcək: “Şəhərin mərkəzində bir qarış boş torpaq qalmayıb, hamısını satıblar. Bircə bu abidə qalmışdı, onu da çox gördülər. Indi oranı sökürlər”.

Astara sakini deyir ki, binanın YAP-ın üzvlərin hesabına tikilməsi barədə rayonda şayiə yayılıb. Bununla belə, bütün idarə və müəssisə rəhbərlərinə də bu binanın tikintisilə bağlı xüsusi göstəriş verilib. Yəni, onlar aşağısı 1000, yuxarısı 3000 manat olmaqla tikintiyə yardım etməlidilər.

Astara sakini onu da qeyd edir ki, bu işlərin arxasında icra başçısı Taleh Qaraşov dayanır: “Göstərişi icra başçısı verib. Özünü ”yuxarılara” yaxşı göstərmək üçün bu cür işlər gördürür. Xadimədən tutmuş, müəlliməyə qədər hər kəsdən pul yığılır. Abidəni də “Şindan” restoranının arxasında “ucaldacaqlar”. Biz düşünürdük ki, yeni icra başçısı camaata gün ağlayar. Ancaq o gəlib, əvvəlkinin ölənlərinə rəhmət oxutdurdu”.

Ramin DEKO