Nurəddin Məmmədli: «Bu şərtlər real müxalifəti maliyyələşmədən kənarda qoymağa xidmət edir»
Hakim Yeni Azərbaycan Partiyası siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsini nəzərdə tutan təkliflərini açıqlayıb. YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov “Media forum”a açıqlamasında deyib ki, YAP partiyaların dövlət büdcəsindən bir necə parametr üzrə maliyyələşməsini təklif edir:
“Təklif edirik ki, ”Siyasi partiyalar haqqında” yeni qanun qəbul olunduqdan sonra partiyalar təkrar dövlət qeydiyyatından keçirilsin və qeydiyyatdan keçən partiyaların hamısı dövlət büdcəsindən maliyyələşdirilsin. Ikincisi, parlament seçkisində iştirak edən partiyalar aldıqları səsin miqdarına görə maliyyələşdirilsin. Üçüncüsü, Milli Məclisdə deputat mandatının sayına görə partiyaya maliyyə ayrılsın. Bizim təklifimizə əsasən elə partiya olacaq ki, üç istiqamətdə maliyyə alacaq”.
Deputatın sözlərinə görə, artıq “Siyasi partiyalar haqqında” qanuna əlavə və dəyişikliklər layihəsini Milli Məclisə təqdim ediblər: “Məsələ ictimai müzakirəyə çıxarılanda mövqeyimizi bildirəcəyik. Bizim təkliflər qanuna dörd istiqamətdə dəyişiklik edilməsini nəzərdə tutur. Birincisi, partiyaların dövlət qeydiyyatı, ikincisi, siyasi partiyaların fəaliyyət istiqamətləri, üçüncüsü, partiyaların maliyyələşdirilməsi, dördüncüsü isə partiyaların beynəlxalq qurumlarda təmsilçiliyi ilə bağlı təkliflərimizi vermişik. Hesab edirik ki, bu dörd əsas şərt qanunda öz əksini tapmalıdır və bununla bağlı geniş layihə hazırlamışıq”.
Layihənin payız sessiyasında müzakirəyə çıxarılacağı gözlənilir.
AXCP sədrinin müavini Nurəddin Məmmədli əvvəlcə siyasi partiyaların maliyyələşməsinin dünya modelinə aydınlıq gətirdi: “Partiyaların dövlət qeydiyyatından keçirilməsi əsas formalardan biri kimi qəbul olunur. Ikinci, parlament seçkilərində qazanılan səslərin miqdarı nəzərə alınır. Üçüncü də, təmsilçilik məsələsinə diqqət yetirilir ki, bu partiya ölkə ərazisində nə dərəcə təmsil olunur. Partiya üzvlərinin sayı və digər məqamlar da nəzərə alınır”.
N.Məmmədli deyir ki, demokratik ölkələrin əksəriyyətində qeydiyyat anlayışı ümumiyyətlə, yoxdur. Azərbaycanda bunun əsas götürülməsi isə Konstitusiyaya ziddir: “Çünki Azərbaycan Konstitusiyası bütün vətəndaşlara digərləri ilə bir araya gələrək siyasi fəaliyyətlə məşğul olmaq hüququ verir. Bizdə isə qeydiyyatın şərtləri ayrı-ayrı şəxslərə Konstitusiyanın verdiyi imkanları məhv edir. Min nəfərlik hədd təyin edilibsə, belə çıxır ki, o min nəfər içində 999-nun siyasi fəaliyyətlə məşğul olması yerdə qalan bir adamın istəyindən asılıdır. Bu bir adam olmasa, o birilərinin hüququ tapdanmalıdır. Dünya təcrübəsində belə bir şey yoxdur. Bizdə qeydiyyat məsələsinin şərt kimi təklif edilməsi Azərbaycanda real müxalifəti maliyyələşmədən kənarda qoymağa xidmət edir. Azərbaycanda despotik rejim var və bu rejim müxalifəti tamamilə məhv etməyə yönəlib”.
Gültəkin