Taner Yıldız: «Azərbaycanın cavabı mənfi olacaqsa, o halda biz Türkmənistan, Iraq və Iranla təmaslara keçəcəyik»
Bu il iyunun 6-da Türkiyədə “Nabucco” qaz kəməri layihəsinə dair saziş imzalanacaq. “CNN-Türk” telekanalının xəbərinə görə, bunu Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız bəyan edib.
Nazir bildirib ki, sazişi OMV (Avstriya), “BOTAŞ” (Türkiyə), “Bulgargaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), “Mol Natural Gas” (Macarıstan) və RWE (Almaniya) şirkətləri imzalayacaqlar(APA).
Onun sözlərinə görə, sazişin imzalanması üçün artıq heç bir maneə qalmayıb: “Bu saziş böyük əhəmiyyətə malikdir”.
T.Yıldız qeyd edib ki, cari il ərzində layihənin sponsorları Azərbaycan tərəfindən layihədə iştiraka dair konkret cavab almağa çalışacaqlar:”Əgər Azərbaycanın cavabı mənfi olacaqsa, o halda biz Türkmənistan, Iraq və Iranla təmaslara keçəcəyik. Həm bizim üçün, həm də Avropa üçün bu layihə böyük əhəmiyyət kəsb edir. Ona görə biz vaxt itirə bilmərik və “Nabucco”nun reallaşdırılması üçün bütün variantlara əl atacağıq”.