Bakıda bu xəbərin gəzmədiyi ünvan yoxdur
Bakıda siyasi kuluarlarda gəzən söhbətlərdə hazırda Böyük Britaniyada yaşayan Sevil Əliyevaya “Baronessa” zadəgan titulunun verildiyi bildirilir. Məlumat o qədər geniş yayılıb ki, hətta orta məmur təbəqəsi də bu xəbəri baş vermiş fakt kimi təsdiqləyir. Dünən “Azadlıq”ın əməkdaşına bu barədə məlumatı da həmin ranqda olan bir dövlət məmuru çatdırıb, amma təbii ki, “mənim adım olmasın” “məxfi qrifi” ilə.
Təbii, Sevil Əliyevanın Ingiltərədə siyasi isteblişmentlə sıx əlaqələrinin olduğu heç kimə sirr deyil. Uzun müddətdir ki, orada yaşayan, Azərbaycanla, demək olar ki, bütün əlaqələrini kəsmiş kimi görünən Sevil xanım Əliyevanın belə bir titulla mükafatlandırılması üçün onun məhz, hansı xidmətlərinin əsas götürüldüyünü deyə bilmərik. Baxmayaraq ki, bu kateqoriyadan olan məsələlər həm də və bir çox hallarda şəxsi münasibətlərlə həll edilir.
İndi müasir Avropada köhnə zadəgan titullarının verilməsi təcrübəsi mövcuddur. Məsələn, Belçika və Ispaniya kralları, Lixtenşteyn knyazı, Vatikan suvereni bu cür titulların verilməsi təcrübəsini saxlayırlar. Avropada feodalları ayrıca sosial sinif kimi tanıyan, eyni zamanda, özünü Respublika elan edən San-Marinoda da bu praktika saxlanılır. Böyük Britaniyada isə köhnə zadəgan titullarının verilməsi 2004-cü ilin noyabr ayının 28-dən etibarən kraliçanın təsdiq etdiyi Parlament aktı ilə ləğv edilmə səviyyəsində məhdudlaşdırılıb. Hazırda Şotlandiyada “Baron” titulu o adamlar üçün hüquqi sayılır ki, onlar bu titulu 28 noyabr 2004-cü ilə qədər alıblar. (Xatırlanan Parlament Aktının 63-cü maddəsinə əsasən).
Sevil xanım Əliyevanın “baronessa” titulu ilə mükafatlandırılması yuxarıda sadalanan halları nəzərə almaqla mümkündür. Amma xəbərin, ümumiyyətlə, nə qədər dəqiq olduğunu müəyyən etmək çətindir. Başlıcası budur ki, Bakıda bu xəbər kifayət qədər geniş çevrələrdə müzakirə edilir və sanki, kimlərsə bu olay barədə müzakirələrin genişlənməsində maraqlıdır.
Xatırladaq ki, son zamanlar üçün bu xəbərin yayılması bir qədər qeyri-mütənasib də görünür. Belə ki, Ingiltərə mətbuatı Kraliçanın ailəsini, özəlliklə şahzadə Çarlzı Ilham Əliyevlə xüsusi yaxın münasibətlərinə görə davamlı olaraq sərt tənqid edir. Bu tənqidin məntiqinə görə, Kral ailəsi adı korrupsiyada hallanan avtoritar siyasi liderlə dostluq edirsə, burada Ingiltərə qanunlarına görə təmiz sayıla bilməyəcək hansısa elementlər var.
İnformasiya şöbəsi