Parlamentdə gömrükçü-hərbçi mübahisəsi

Vahid Əhmədovla gömrük məmurunun mübahisəsinə Cavid Qurbanovla Samir Şərifov da qoşuldu

“Niyə ağır şəraitdə xidmət edən hərbçi 250-300, polisdə, gömrükdə işləyənlər 600-1000 manat maaş almalıdır?”

“Dünən Milli Məclisin Iqtisadi siyasət komitəsində 2011-ci il dövlət büdcəsinə əlavə və dəyişikliklər layihəsinin müzakirələri zamanı deputat Vahid Əhmədovun hərbçilərin maaşlarının artırılması ilə bağlı məsələ mübahisələrə səbəb olub.
Deputat V.Əhmədov cəbhə xəttində xidmət edən zabit və gizirlərin maaşlarının artırılması təklifi ilə çıxış edib: “Biz tez-tez cəbhə xəttində olur, hərbçilərlə görüşürük. Bu məsələni zabitlər dəfələrlə qaldırıblar. Niyə ağır şəraitdə, məhrumiyyətlər içində xidmət edən gənc leytenant və ya baş leytenant 250-300 manat, arxada, hüquq-mühafizə orqanlarında, yaxud gömrük orqanında xidmət edən zabitlər 600-1000 manat maaş almalıdır?”
V.Əhmədovun təklifinə reaksiya verən Dövlət Gömrük Komitəsinin Baş Idarə rəisi Mirqasım Vahabov deputatın gömrükçülərin maaşlarının yüksək olması fikrinə etiraz edib. M.Vahabov DGK-da baş idarə rəisinin 300 manat, inspektorlanın isə 190 manat maaş aldıqlarını, bu cür yanaşmanın ədalətsiz olduğunu vurğulayıb.
Deputat Cavid Qurbanov da ön xətdə xidmət edən hərbçilərin ağır şəraitdə yaşadıqlarını, onların maaşlarının artırılmasının zəruriliyini bildirib:”Burada mübahisə lazım deyil. Maaşların artırılması ilə bağlı qərarı Milli Məclis deyil, hökumət qəbul edir”.
Maliyyə naziri Samir Şərifov isə deyib ki, zabitlərin əməkhaqlarının artırılması aktual məsələdir. Nazir hərbçilərin maaşlarının artırılması üçün büdcəyə təklif olunan əlavələrdə vəsaitin nəzərdə tutulduğunu vurğulayıb(APA).