İnfrastruktura ayrılan vəsaitin 5.4 milyardı “yeyiləcək”

Nemət Əliyev: «Beynəlxalq təşkilatların korrupsiya ilə bağlı hesablamalarına görə, ölkəmizdə ümumdaxili məhsulun 60 faizi gizli iqtisadiyyatın payına düşür»

Azərbaycan hökumətinin bu il infrastruktur layihələrinə nəzərdə tutduğu vəsait təxminən 9 milyard manatdır. Bu isə, öz növbəsində heç şübhəsiz, ölkədə inflyasiya meyllərini gücləndirəcək. Bu da o deməkdir ki, hökumətin büdcə təşkilatlarında çalışanların məvaciblərinə etməyi nəzərdə tutduğu artımlar inflyasiyanın yemi olacaq. Beynəlxalq Valyuta Fondunun hesabatında vurğulanır ki, Qafqaz və Mərkəzi Asiya ölkələrində qlobal böhrandan sonra iqtisadi artım müşahidə olunsa da, region ölkələrini inflyasiya problemi gözləyir.
Amma 2011-ci ildə neft və qaz hasilatı artımının ləngiməsilə iqtisadi artım ləngiyəcək. Və nəticədə Qafqaz və Mərkəzi Asiya ölkələrində inflyasiya artımı, ərzağın qiymətinin yüksək olması ilə əlaqədar sosial problemlər çoxalacaq.
AXCP Iqtisadiyyat Komissiyasının sədri Nemət Əliyev bildirdi ki, Azərbaycanın infrastruktur layihələri neftdən gələn gəlirlərin çoxalması hesabına həyata keçirilir. Azərbaycanın hasilatının çoxaldığı bir zamanda dünya bazarında da neftin qiymətinin artdığını deyən N.Əliyev vurğuladı ki, Dövlət Neft Fondundan edilən transfertlər də hökumətin “tikinti” layihəsini gündəmdə saxlayır: “Əvvəlla onu qeyd etmək istəyirəm ki, Azərbaycan hökumətinin Neft Fondunun vəsaitlərindən istifadə siyasəti düzgün qurulmayıb. Belə davam edərsə, çox qısa zamanda biz bu vəsaitlərin xərclənib qurtarmasının şahidi olacağıq. Bu isə böyük fəlakətlər vəd edir. Çünki neftin hasilatı azalacağı və dünya bazarındakı qiyməti aşağı düşəcəyi halda, yarana biləcək maliyyə problemlərini çözmək çətin olacaq. Ümumiyyətlə, Neft Fondundan vəsaitlərin cəlb olunması yolu ilə büdcənin şişirdilməsi və investisiya xərclərinin artırılması özü yanlışdır. Özü də həmin vəsaitlərin böyük əksəriyyəti material alınması adı altında silinir”.
Infrastruktur layihələrinə ayrılan vəsaitlərin rəsmiləşdirilərək silinməsi ilə bağlı problemlərin ciddi olduğunu deyən N.Əliyev vurğuladı ki, bu istiqamətdə böyük yeyintilər var. Infrastruktur layihələrinə ayrılan vəsaitlərin təxminən 60 faizi mənimsənilir: “Beynəlxalq təşkilatların Azərbaycandakı korrupsiya ilə bağlı qiymətləndirməsi var. Onların hesablamalarına görə, Azərbaycanda istehsal olunan ümumdaxili məhsulun altmış faizi gizli iqtisadiyyatın payına düşür. Ona görə də bu il infrastruktur layihələrinə ayrılan vəsaitin də altmış faizinin mənimsəniləcəyini söyləmək olar. Başqa ölkələrdə körpülərin bir kilometrinin tikilməsinə normalda 1.5 və ya 2 milyon dollar vəsait xərclənirsə, Azərbaycanda bu göstərici 15 milyondur”.
N.Əliyevin fikrincə, hökumət neftdən gələn gəlirləri infrastruktur layihələrinə deyil, qeyri-neft sektorunun inkişafına yönəltməlidir. Amma əksi müşahidə olunur. Maddi istehsalın inkişaf etdirilməsi istiqamətində həmin vəsaitlərin böyük hissəsi xərclənsə də, sosial proqramlar adı altında vəsaitlərin böyük hissəsi mənimsənilib. N.Əliyevin sözlərinə görə, hər bir halda böyük pul kütləsinin dövriyyəyə buraxılması inflyasiya yaradır.

Xəyal