Müxalifət iyunda yenidən mitinqlərə başlayacaq

Fuad Qəhrəmanlı: «Böyük ehtimalla iyun ayının ilk ongünlüyünə Ictimai Palatanın aksiyası təyin olunacaq»

“AXCP-nin də, Müsavat Partiyasının da aksiyaların davam etdirilməsi ilə bağlı qərarı var idi. Sadəcə olaraq, aksiyaların vaxtı ilə əlaqədar müəyyən mübahisələr, müzakirələr yaranmışdı”.
Bunu APA-ya AXCP sədrinin müavini Nurəddin Məmmədli partiyanın mayın 21-də aksiyaların keçirilməsi ilə bağlı qərarını şərh edərkən deyib. O, aksiyaların IP tərəfindən təyin olunduğunu bildirib:”Aksiyaları Ictimai Palata keçirdiyinə görə, onun vaxtı, yeri və formasını biz müəyyən eləmirik. Qərar daha səlahiyyətli olan Ictimai Palatada qəbul olunur. Təbii ki, Ictimai Palata aksiyaların keçirilməməsi barədə də qərar verə bilər. Bu, onların səlahiyyətinə aiddir. Hesab edirəm ki, Ictimai Palatanın aksiyaların keçirilməsi barədə qərarı qüvvədə saxlanılacaq”.
AXCP sədrinin digər müavini Fuad Qəhrəmanlı isə deyib ki, IP-nin mayın 27-də keçiriləcək sessiyasında növbəti aksiyanın təyin olunacağı gözlənilir:”Çünki Ictimai Palataya daxil olan partiyalardan əsas aparıcı mövqeyi olan partiya kimi AXCP-nin belə bir qərarı var. Yəqin ki, Ictimai Palata da bu istiqamətdə müvafiq qərar qəbul edəcək. Böyük ehtimalla aksiya iyun ayının ilk ongünlüyünə təyin olunacaq”.