Kəmaləddin Heydərovun hədəfləri açıqlandı

“Fövqəlnazir”in adamı Füzuli Ələkbərov, İsmət Abbasov, Oqtay Şirəliyev, Ziya Məmmədov və Səfər Əbiyevi topa tutdu

“Antikorrupsiya şousu” hakimiyyət daxilindəki ziddiyyətlərin açıq müstəviyə keçməsinə səbəb olub. Artıq məmurlar bir-birlərinə qarşı mətbuat vasitəsilə açıq hücuma keçməyə başlayıblar. Bu sırada, xüsusilə fövqəladə hallar naziri Kəmaləddin Heydərov fəallıq göstərir. “Fövqəlnazir”ə yaxınlığı ilə tanınan və ona simpatiyasının olduğunu gizlətməyən politoloq Cümşüd Nuriyev artıq bir neçə dəfə Kəmaləddin Heydərovun rəqiblərinin ünvanına sərt ittihamlar səsləndirib. Onun son müsahibəsini Kəmaləddin Heydərovun hədəflərinin tam siyahısını açıqlaması kimi dəyərləndirmək olar.

Politoloq “Reytinq”ə verdiyi həmin müsahibədə əvvəlcə əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovla kənd təsərrüfatı naziri Ismət Abbasovdan başlayıb: “Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyində olan özbaşınalıq nəinki nazir Füzuli Ələkbərovu vəzifədən kənarlaşdırılmağı, hətta həbsini qətiləşdirir. Kənd Təsərrüfatı Nazirliyi sistemində də çox ciddi problemlər var. Hətta onun nəzdində olan ”Aqrolizinq” ASC ölkəyə lazım olan gübrəni belə, qara bazarda satır.
Işi bilməyən adamı gətirib bu quruma rəhbər qoyanda bu cür vəziyyətin yaranacağı şübhəsiz idi. Bu sahədə bizim çox ciddi problemlərimiz var. Kənd təsərrüfatının hansı səviyyədə olduğu göz önündədir. Nazirlikdə də normal kadr, yəni, işdən başı çıxan yoxdur ki, problemləri yoluna qoya bilsin.”
Politoloq daha sonra səhiyyə naziri Oqtay Şirəliyevi hədəfə alıb: “Səhiyyəmiz də bərbad vəziyyətdədir. Bir tərəfdən deyirlər ki, səhiyyə pulsuzdur, amma xəstəxanaya gedirsən pulun olmasa elə oradaca ölərsən. Ölkədə satılan dərmanlar da keyfiyyətsizdir.  Təsəvvür edin, mənə burada verilən dərmanı aparıb Rusiyada yoxlatdırdım, adicə başağrı dərmanının tərkibi tabaşir çıxdı. Görəsən, Səhiyyə Nazirliyinin müvafiq qurumu hara baxır? Ölkənin dərman bazarında fırıldaqçılar baş alıb gedir. Ən acınacaqlısı isə odur ki, bu yolla pul qazananlar üstəlik parlamentdə otururlar”.

Cümşüd Nuriyev bu fikirləri ilə həm də Paşayevlərin bostanına daş atıb. Həm səhiyyə naziri Oqtay Şirəliyevin Paşayevlərin komandasına daxil olduğu, həm də dərman bazarına ailənin nəzarət etdiyi bəllidir. Cümşüd Nuriyev “bu yolla pul qazananlar üstəlik parlamentdə otururlar” deyəndə ailəyə məxsus “Avromed” şirkətini idarə edən deputat Cavanşir Feyziyevi nəzərdə tutur. 
Politoloq Kəmaləddin Heydərovun əsas rəqiblərindən olan müdafiə naziri Səfər Əbiyevi də tənqid atəşinə tutub: “Hərbi sahədə də çox ciddi cinayətlər baş verir. Əsgərlər sanki hərbi qulluğa yox, fəhləliyə, köləliyə aparılır. Ordu rəhbərliyindəki bəzi şəxslər kilometrlərlə ərazini hasara aldırıb, əsgərləri orada kölə kimi işlədirlər”.

Cümşüd Nuriyevin sonrakı hədəfi nəqliyyat naziri Ziya Məmmədov olub: “Eyni vəziyyət Nəqliyyat Nazirliyində də var. Adamın heyfi gəlir xərclənən milyonlara. Ötən il prezidentin açdığı yolu bir dəfə kabel keçirmək, bir dəfə də kanalizasiya çəkmək bəhanəsi ilə dağıdırlar, yenidən çəkirlər. Körpü tikilib, amma iki qanadı yeyilib. Və yaxud aeroport yolunda istifadəyə verilmiş körpü partlayıb.

Azərbaycanın xarici borcunun hardasa 1,9 milyardı bizim yollara ayrılıb. Bundan qazanan isə nəqliyyat sistemində çalışan bir qrup adamdır. Bunların özləri də övladları da harınlayıblar. Ərəb şeyxləri bizim nəqliyyat nazirinin yanında imkanlarına, yaşayış tərzinə görə geri qalır”.
Cümşüd Nuriyev sonda çıxış yolu kimi hökumətin buraxılmasını göstərib. Bu isə Kəmaləddin Heydərovun əsas məqsədlərindən biridir. Fövqəladə hallar naziri uzun müddətdir ki, baş nazir olmaq uğrunda mübarizə aparır. Cümşüd Nuriyevin müsahibəsindən belə qənaətə gəlmək olar ki, Kəmaləddin Heydərov bu istəyinə çatarsa, müsahibədə tənqid olunan məmurlar hakimiyyətdə təmsil olunmayacaq.

Analitik informasiya şöbəsi