Türkiyədə baş verən siyasi proseslərin mahiyyətinə varmaq istəmirəm, elə orada da təqdir olunmayan çox olaylar baş verir. Lakin müsbət detal nədir? Ölkədə siyasi dinamika var, siyasətçilər siyasətlə məşğul olur, aksiya qurur, mitinq keçirir, seçicilər baxıb götür-qoy edirlər ki, kimə səs versinlər. Yəni, ölkəyə baxanda burada parlament seçkisinin ərəfəsi olduğunu yəqinləşdirib bir daha buna əmin olursan. Yadıma bizim ötən parlament seçkisi düşdü. O qədər quru, o qədər cansıxıcı oldu ki, adam heç inanmazdı ki, bu ölkədə də seçki gedir! Partiyalara efir saatı vermədilər, mitinq olmadı, tək tele-debat oldu, sonradan ona da icazə verdiklərinə peşman oldular.
Yadıma bir film düşdü. Qədim Roma haqda. Imperator döyüşdən qabaq öz rəqibinə işgəncə verir, onu yaralatdırır, yarıcan edir. Amma yenə də ona qalib gələ bilmir! Bu detal bizim hakimiyyətə də aiddir. Müxalifət bütün imkanlardan, hətta özünü müdafiə etmək imkanından məhrum edilir, amma yenə də hakimiyyət təmiz qələbə qazana bilmir!
Sonra da ikili standartlardan danışırlar! Məgər elə bu ikili standart deyilmi ki, 93-cü ildən bu tərəfə bircə dəfə də olsun, düzgün və demokratik seçki keçirilmədiyi halda, bu seçkilər tanınıb, hətta irəliyə doğru bir addım adlandırılıb?! Başqa ölkələrə münasibətdə belə olmur. Nəinki bir seçki pozuntusu, hətta bir qeyri-dinc və ya qeyri-etik siyasi hadisə baş verən kimi dünya qəzetləri, telekanalları haray qoparırlar, aləm qarışır və dünya qopur!
Dünyada tək bir standart olsaydı, bəzi dövlətlərə “yeni”, bəzi cəmiyyətlərə isə “keçid dövründə olanlar” kimi epitetlər yapışdırılmasaydı, hakimiyyətin vəziyyəti çox ağır olardı. Hə, onda görərdik vahid standartlar necə və nə cür olur! Amma nə edəsən, hələ müsbət mənada belə standart bir çox ölkələrə şamil olunmur. Dünya ölkələri, beynəlxalq təşkilatlar bəzi gənc müstəbid rejimlərdəki eybəcərliklərə dözümlə yanaşır, bunları müxtəlif axımlı, yayğın ifadələrlə ört-basdır edir, hələ də onların yeni və təcrübəsiz olmasını iddia edir. Amma gəlin etiraf edək. Axı 20 ilə düzgüncə seçki təşkil etməyi öyrənmək olardı!Həmin bu gənc müstəbid rejimlər başqa məsələlər gələndə bütün dünyaya ağıl öyrədir, dərs keçirlər, amma insan haqlarından, demokratiyadan və seçkidən söhbət düşəndə gənclikləri yadlarına düşür, özlərini müstəqilliyi dünən elan etmiş dövlətlər kimi aparırlar!
Yenə da yada bir detal düşdü, gərək, onu da deyim. 200-300 il bundan əvvəl Laplas akademiyaya seçki zamanı kiçik saxtakarlıq etməyə cəhd edibmiş. Hələ də bioqrafları birinci növbədə onun bu hərəkətini, daha sonra isə öz kitabının üstündən Napoleona ithafı pozaraq, kralın adını yazmasını imkan düşən kimi yada salmağı unutmurlar.
Bəli, əsl, bir standartı olan dünya belədir – saxta əməl, zorakılıq, insana qarşı sayğısızlıq unudulmur, dünya belə səhvləri heç vaxt bağışlamır. Bəli, dünyada bir standart olsaydı, bizim üçün çox gözəl və rahat olardı, amma hakimiyyətin işləri tamam fəna olardı…Siyasətçilərə yaş həddini tətbiq etmək olmazmı?
Bəli, bugünlərdə 65 yaş məsələsi günün ən aktual mövzusuna çevrildi. Ilk növbədə də bundan elmi işçilər narahatlıq keçirdi. Elə təsəvvür yaranmasın ki, hakimiyyəti müdafiə edirik, amma təzə qanun 70 yaşına qədər işləməyə imkan verir. 70 yaşında çox az adam 40-50 yaşında olduğu kimi mühazirə oxuya bilir, çox az alim 70 yaşında elmlə məşğul olur. Daha doğrusu, olanı olur, amma az, özü də bizim tərəflərdə yox. Bizimkilərin bir çoxu üçün elm doktorluq, bəziləri üçün isə elə namizədlik dissertasiyasından sonraca bitir. Nə isə. Bununla işim yox! Yaxşı olardı ki, bu yaş məsələsi elə hakimiyyətdə qocalan siyasətçilərə də şamil olunaydı. Güman, şamil ediləcək. Hər halda, qanun qəbul olunub axı!
Bir detalı da deyim. Xarici universitetlərdə ömürlük professor titulu da olur, zira bunu elmdə müstəsna xidməti olanlara verirlər!Həm də elmi fəaliyyətin də bir şkalası olmalıdır. Dünyada elmi işlərə istinad indeksi var. Hər bir alim üçün belə indeks müəyyən edilir. Bizdə isə…