Bu ölkədə heç kimin mal və can güvənliyi yoxdur

 

Vergilər Nazirliyinin Audit Departamenti Əli Əhmədovun şəxsi mülkündə yerləşirmiş, YAP-ın icraçı katibi evini dövlətə icarəyə veribmiş.Təəccüblü nə var ki? Bunlar hakimiyyətdə olduqları illər ərzində dövlətin bütün sərvətinə sahib çıxdılar, yeraltı-yerüstü nemətləri öz şəxsi əmlakları kimi istifadə etdilər, sonra da ölkəni qarış-qarış, addım-addım aldılar.

 

Ölkə başdan-başa bunların şəxsi villaları, ticarət obyektləri, xidmət mərkəzləri, istehsal müəssisələri, otlaq, əkin sahələrindən ibarətdir. Azərbaycan bütöv halda hakimiyyətdə oturmuş bir qrup adamın əmlakına çevrilib: hara gedirsən-get, harda olursan-ol, fərqi yoxdur, “özəl torpaqda”san – yalnız bu məmurun “özəlləşdirilmiş” mülkündən o birisinə adlaya bilərsən. Ölkənin bütün istirahət, turizm obyektləri bunlarındır, dağı, daşı, meşəni belə, hektar-hektar, sot-sot öz aralarında bölüb hasara alıblar.

Qətiyyən elə fikirləşməyin ki, oturduğunuz ev, yaşadığınız həyət sizə məxsusdur. Ölkənin ali qanunu var – istənilən an “dövlət mənafeyi üçün” sizin evinizi başınıza uçura, yerində inzibati bina ucalda, yol çəkə, hətta turp əkə bilərlər. Necə ki, eləyirlər: insanları ata-babalarının az qala, yüz illərlə yaşadığı mülkdən “Qış bulvarı”, “xizəksürmə meydançası” və s. kimi müxtəlif vasitələrlə çıxarıb atırlar, əmlaklarının pulunu belə, normal ödəmədən şəhərin mərkəzindən ucqarlara sürgün edirlər.

Iş o yerə gəlib çatıb ki, dövlət idarələri inzibati bina kimi ayrı-ayrı məmurların özəl villalarını icarəyə götürürlər. Bir müddətdən sonra Milli Məclis, ya Prezident Aparatı binasının özəlləşdiyini eşitsək, yenə də təəccüblənməyəcəyik, bunu da adi qarşılayacağıq. Sadə bir məntiqlə: “Ata malı” bu millətin düşüncəsində ən halal, ən haqlı əmlak sayılır. 10 ildir beynimizə yeridirlər ki, bu dövlət hakimiyyətdəkilərin “Ata malı”dır. Ata malını isə istədikləri kimi idarə etmək, zatən, haqları.

Ona görə tarixi saxtalaşdırırlar, yeni nəsli tamam ayrı ruhda tərbiyə edirlər: Heydər Əliyev gəlməsəydi, Azərbaycan olmayacaqdı, yaşamayacaqdı, dünya xəritəsindən silinəcəkdi. Gəlibsə, Azərbaycanı yaşadıbsa, qoruyubsa, deməli, bu ölkə möhtərəmin şəxsi əmlakından başqa bir şey deyil.1988-93-cü il hadisələrinə necə münasibət göstərilirsə, tarixi abidələrə də yanaşma o cürdür. Ona görə Içəri şəhəri, AzTV-nin dediyi kimi, “Avropa standartlarına uyğun modern təmir” edirlər: millətin daş yaddaşını sökürlər, dağıdırlar, hətta sökə bilmədikləri atributların – Qız qalası kimi – daş yaddaşını qaşımağa girişiblər: Yeni nəsil Ilham Əliyevin tikdiyi “modern” evlərdən başqa bu ölkədə heç bir tikili görməməlidir və “anlamalıdır” ki, dövlət kimin şəxsi mülküdür.

Kütlə düşüncəsi yaratmaq və hamını eyni cür düşünməyə, daha doğrusu, düşünməməyə, instinktlə yaşamağa vadar etmək bu hakimiyyətin strateji ideyasıdır. Başa varmasın!

“Eurovision-2012″nin zibili

“Eurovizion-2011″ə çəkilən xərc ötənilkinə nisbətən xeyli az idi – 2010-cu ildə 3 milyon avro xərclənmişdisə, 2011-də rəqəm 2 milyon oldu.Bu, Azərbaycan hakimiyyətinin “Eurovision-2011″ yarışmasında qələbə çalmaq niyyətinin olmaması ehtimalını yaradırdı. Cənabi-möhtərəmin Eldar və Nigara əvvəlki təmsilçilərə nisbətən daha az diqqət və qayğı göstərməsi isə bu ehtimalı yəqinə çevirməkdədir.

Ərəb inqilablarının dünyanı başına götürdüyü bir dönəmdə Azərbaycanın “Eurovision-2011″də qələbə çalması (və ya Avropanın Azərbaycanı qalib etməsi) və Avropanın nəzərlərinin ”neftlə zəngin Bakı”ya dikilməsi diktatura rejimi üçün təbii ki, ürəkaçan deyil. Təkcə mayın 15-dən (qalib gəldiyimiz gündən) 18-nə qədərki 3 gün müddətində “Google”da Azərbaycana aid 800 milyon axtarış verilmişdi. Azərbaycanı səhmdar cəmiyyətə çevirmiş diktatura üçün indiki məqamda bu qədər göz önünə gəlmək lazımdırmı?
Beləcə, “Eurovision”un zibilinə düşmüşük – rəsmi olaraq…