Zindan azadlığı

Hüquq müdafiəçisi Vidadi Isgəndərlinin Bakı Təcrid Istintaqxanasından həmvətənlərə və göyçaylılara məktubunu oxudum. Məktub öz nikbinliyi ilə son dərəcə ictimai əhəmiyyət daşıyır və mən əminəm ki, vaxt gələcək bu tip məktublar tarix kitablarında, dərsliklərdə yer alacaq, istibdad və irtica illərində xalqın ziyalı oğullarının, yəni elə xalqın heç də susmadığını, canıyla-qanıyla diktaturaya qarşı savaşdığını gələcək nəsillərə öyrədəcək, onların daha mübariz yetişməsi üçün əvəzsiz rol oynayacaq. O kitabları oxuyanların 90 faizi bu ölkədə bir daha indiki kimi avtoritar rejimlərin hakimiyyətə gəlməsinə və hansısa qüvvənin hakimiyyətə gələndən sonra irtica yolu tutmasına imkan verməyəcək, indiki çoxluqdan fərqli olaraq demokratiyanın, insan azadlığının qədrini daha gözəl biləcəklər. Bax o zaman qüvvələr nisbəti indikinin tam əksinə olacaq – onda hər hansı köləlik elementləri ilə barışmayanların sayı, indi qorxanların və susanların sayı qədər çox, qorxaqların sayı isə indiki savaşçılar qədər az olacaq.

Vidadi bəyin içində nələr çəkdiyini ürəyi olan hər bir insan anlaya bilər – bu, ailədən-uşaqdan, yaxınlardan-doğmalardan, ana torpaqdan, açıq səmadan, gedilən uzun yollardan təcrid olunmanın ağrısıdı. Lakin bu ağrını biz bəzən eləcə yaşayış yerimizi müvəqqəti dəyişəndə də keçiririk. Ilyarımlıq hərbi xidmət, beş illik ali təhsil illəri də bizi çox vaxt doğmalardan ayırır və qəlbimizi az da olsa sızladır. Əsas odur ki, sən özünü hər bir halda azad hiss eləyəsən. Ölkə özü boyda bir həbsxana, zindan isə, zindan içində zindana düşmək elə də fərqli bir qismət deyil. Hər bir halda azadlıq yanğısı bizimlədi. Vidadi bəyin məktubu insanın nə qədər güclü olmasını göstərir. Buna zindan azadlığı da deyə bilərik. Vidadi bəy zindan içindədi, onun içində olan isə bütün zindanlardan böyük, bütün məhbəslərdən güclüdü – onun içində olan Azadlıq eşqidi. O azadlığı həbs eləmək isə, hələ heç bir müstəbidə nəsib olmayıb.

Müxalifətdən gözəl təşəbbüs

Bakıda səfərdə olan Avropa Parlamentinin sədri Yeji Buzek dünən müxalifət liderlərilə görüşüb. Görüşdə müxtəlif məsələlərdən danışılıb. Bunları sadalamaq fikrim yoxdu. 
Görüşdə müxalifət liderlərinin səsləndirdiyi bir fikri, daha doğrusu təklifi çox bəyəndim. 

Söhbət siyasi motivlərlə universitetlərdən qovulan tələbələrə Avropadakı təhsil müəssisələrində oxumaq imkanının yaradılmasından gedir. Bildirilir ki, Avropa Parlamentinin sədrindən bu məsələdə Belarusa tətbiq olunan praktikanın Azərbaycana da şamil edilməsi xahiş olunub.

Məncə, bu təklif müsbət həll edilə bilsə, onda gənclərin ictimai fəallığı indikindən qat-qat çoxalacaq, azad fikirli gənclərin sıraları daha da genişlənəcək. Dünyanın hər bir yerində dəyişiliklərin zəminində gənclərin fəallığı, gənclər təşkilatlarının başlatdığı hərəkatlar olur. Gəncliyin qarşısında durmağa isə heç bir qüvvənin gücü çatmaz. Elə 1988-lərdən başlayan xalq hərəkatında gənclərin rolunu yada salsaq, hər şey aydın olar. 

Belə bir iş baş tutsa, universitetlərdən qovulan tələbələrə Avropada təhsil almaq şəraiti yaradılsa, o zaman ürəyi azadlıq eşqilə döyünən tələbələrin qarşısını almaq mümkün olmayacaq. Hər nə qədər olmasa da, it zillətilə daxil olduqları ali təhsil ocaqlarından qovulmaq qorxusu çoxunun qarşısını kəsir, aktivlikdən uzaqlaşdırır. Buna görə də, indi nə yolla olur-olsun bunun üçün çalışmalı, qovulmuş tələbələrin təhsillərini davam etdirmələrinə nail olunmalıdı.