Cabbar! Mayın bitməsinə az qalıb, amma bu ölkə hələ də doğru-dürüst günəşli bir gün görmədi. Az qala, hələ də qış libasını soyunmayıb adamlar. “Gül bayramı” oldu, amma biz güllərin belə, doğru-dürüst açıldığını hiss etmədik, elə bil güllər də açılmadan soldular. Bilirəm, bunları sənə – həbsdəki bir adama yazmaq hakimiyyətdəkilərin səhər-axşam ac xalqa yemək verilişləri göstərməsi qədər qeyri-etikdir. Amma yazıramsa, deməli, bir məqsədim var.
Hə, Cabbar, may bitir, amma hələ də bahar öz nəfəsini hiss etdirməyib. Sanki bahar da gəlmək istəmir artıq Azərbaycana. Azadlıq gəlmədən bahar da gəlmək istəmir sanki. Axı bu bahar dünyanın neçə-neçə ölkəsinə azadlıqla birgə gəlmişdi. Biz isə hələ də gözləyirik: azadlıq gecikir deyə, bahar da gecikir elə bil. Və bir az da sənə görə gecikir bahar bəlkə, sənə görə – gəncliyini, ömrünün baharını qaranlıq, soyuq divarlar arxasında yaşayan qürurlu bir vətən övladına, sənin kimi azadlıq uğruna azadlığını itirən digər dostlarımıza görə gecikir bəlkə.
Cabbar! Bu il müstəqilliyimizin 20-ci ildönümüdür, bilirsən. Hətta kral həzrətləri keçənlərdə fərman verdi, müstəqilliyə təntənəli yubiley keçirmək üçün. Tədbirlər planı hazırlanmasını istədi. Istəməklə də qalmadı, özü həmən hərəkətə keçdi, əvvəlcə müstəqillik aktının əleyhinə səs vermiş Arifin (Rəhimzadənin) döşündən “Şöhrət” ordeni asdı, ardınca müstəqillik aktına səs vermiş bir başqa Arifi (Hacılını) qondarma suçdan dəmir barmaqlıqlar ardına tıkdı. Yəni müstəqilliyin yubileyi ilə bağlı tədbirlər planı bir növ həbs-qətimkan tədbirləri planına çevrildi. Mən bundan başqa heç nə yazmayım, bunların nə yuvanın quşu olduğuna hər kəs öz vicdanı ilə qərar versin artıq.
Cabbar! Müstəqilliyin 20-ci ildönümündə müstəqilliyin əleyhinə səs vermiş adamı mükafatlandırıb müstəqillik aktına qol qoymuş adamı qandallayan bir zehniyyətin durub sənin – müstəqilliyin memarlarını sevən, Rəsulzadəni sevən, Elçibəyi sevən bir gəncin cibindən narkotik çıxarmalarına təəccüblənməmək lazımdır. Çünki bunların idarəetmə fəlsəfəsi, bunların dövlətçilikdən, hüquqdan, ədalətdən qandığı budur: cibindən Azərbaycanın müstəqilliyinə qarşı olanların qurduğu partiyanın bileti çıxmırsa, deməli, mütləq narkotik çıxmalıdır. Cibin bu ölkədə başqa təyinatımı qaldı ki?
Cabbar! Hər zərərdə bir xeyir var deyirlər, indi sən şərlənməyinə bir də yaxşı tərəfdən bax. Cibindən narkotik yerinə YAP-ın biletini çıxarsaydılar nələr hiss edərdin, onu düşün…Özünə yaxşı bax. Sevgilərlə…
Misir inqilabıBizim olmayan təhsilimizin naziri Misir Mərdanov dünən Qubaya gedib, orada keçirilən bir konfransda çıxış edib və şimal rayonlarında təhsilin vəziyyətindən narazı qaldığını deyib.
Amma biz ölkədə təhsilin vəziyyətindən narazı qalanda xətrinə dəyir Misir müəllimin, küsür, inciyir bizdən, asıb-kəsir bizi Misir müəllim.Allah sənə gülmək versin, sən hələ nazir ola-ola ölkənin bir bölgəsində təhsilin vəziyyətindən narazısan, biz bütün ölkədə təhsilin vəziyyətindən narazıyıq, çoxdurmu?
Məlum olsa ki, nazirlər yaxşı işləyir, bəs onda necə olacaq?
Bakıda keçiriləcək “Eurovision-2012″nin Təşkilat Komitəsinə təşkilat komitəsi demək mümkün deyil, Nazirlər Kabineti az qala, tam kadro oradadır: Ramil Usubov, Şahin Mustafayev, Elmar Məmmədyarov, Əbülfəs Qarayev, Əli Abbasov, Azad Rəhimov, Hacıbala Abutalıbov, Cahangir Əsgərov, Etibar Pirverdiyev, daha kimlər, kimlər?
Bəri başdan “Eurovision”un yüksək səviyyədə keçiriləcəyinə təminat verirlər, şübhəmiz yoxdur. Sadəcə mənə maraqlıdır: bu nazirlərlə təşkil olunacaq “Eurovision” yüksək səviyyədə keçsə, “Ilham Əliyev yaxşıdır, ətrafı pis” arqumentinin müəllifləri başına haranın daşını tökəcəklər? “Nazirlər bacarıqsızdır, prezidentə işləməyə imkan vermirlər” deyib kralı sudan quru çıxarmaq istəyənlər bundan sonra hansı bəhanəni tapacaqlar? Indiyədək üyütdükləri yalan ifşa olunca azacıq da olsa, utana biləcəklərmi?