Axır ki, özlərinin geosiyasi təmayüllərini, hərbi-siyasi bloklara münasibət və aidiyyətlərini müəyyənləşdirmək qərarına gəldilər, bloklara qoşulmamaq üçün hələ soyuq müharibə dövründən mövcud olan təşkilata üzvlük haqda qərar verdilər. Nə demək olar? O məqsəd ki, bunların qarşısında dayanır və o maraqlar ki, bunları idarə edir, onlara münasibət baxımından çox düzgün və ağıllı hərəkət edirlər. Amma bir daha təkrar edirəm ki, baxır, hansı prizma və maraq bucağından bu məsələyə baxırsan.
Bunlar milli maraqlarla yox, öz siyasi maraqları ilə düşünürlər. Bəli, Rusiyanı sakitləşdirmək, arxayın etmək lazımdır! Nə etməli? Neytral dövlət statusu əldə etməli! Iranı qıcıqlandırmaq olmaz! Nə etməli? Bloklara qoşulmamaq hərəkatına üzv olmaq! Prinsipcə, yaxşı düşünülüb. Təbii ki, öz maraqları prizmasından. Ruslar da, farslar da arxayın ola bilərlər, daha Azərbaycan NATO-nu bura çəkib gətirməyəcək və onun nüfuz sferasına daxil olmayacaq. Mən həmin dövlətlərin siyahısına nəzər yetirdim, Avropadan gözüm ancaq Belarusu gördü. Son vaxtlar bizim adımız tez-tez Belarusla birgə hallanır, Allah axırını yaxşı eləsin. Əslində qorxulu bir şey qalmayıb, ölkənin siyasi sistemi Belarusla identikdir, elə bir fərq yoxdur. Indi aydın oldu ki, NATO-nun genişlənməsi bunları niyə və nə səbəbdən belə əndişələndirirmiş. Epizodik müzakirələrdə məsələdən söz düşəndə səbrləri tükənir, hətta əsəbiləşirdilər, sanki NATO bunların stoluna göz dikibmiş. Bunlar ölkəyə dövlət kimi yox, şəxsi firma kimi baxırlar və ən gəlirli sahələri seçirlər, o sahələri ki, bunlara daha çox gəlir vəd edir. Görən, bunlar nə qədər hakimiyyətdə qalmaq niyyətindədirlər? Mənə elə gəlir ki, bu sual qədər mücərrəd və qeyri-müəyyən ikinci sual yoxdur.
Milləti siyasət deyilən institutdan çəkindirir, ona siyasi apatiya aşılayırlar, amma özləri nəsilliklə və elliklə siyasətlə məşğul olurlar! Bizim xalq siyasiləşməyib! Hə, əgər siyasət pis məşğuliyyətdirsə, niyə bununla elliklə və nəsilliklə məşğul olursunuz? Əgər pisdirsə, gedin siz də başqa məşğuliyyət tapın, qoy, siyasi fəaliyyətlə başqaları məşğul olsun! Amma heç düşünmürlər də… Müxalifət sözünü eşidəndə sanki bunların gözünə hansısa əcaib bir məxluq görünür. Səhv etmirəmsə, indi MDB ərazisində ancaq iki ölkədə müxalifəti mühakimə edirlər – Belarusda və Azərbaycanda! Sanki bizi qarğıyıblar – hələ də MDB abreviaturasını dilə gətirməyə məhkumuq. Bundan sonra daha bir qüdrətli təşkilatdan danışmalı olacağıq – bloklara qoşulmayanlar hərəkatından! Biri azlıq edirdi, ölkəni daha bir bataqlığa sürüklədilər. Demokratik islahatlar və ictimai nəzarət tələb olunmur, mahiyyəti bəlli deyil – yeni geosiyasi ünvanı ancaq beləcə xarakterizə etmək olar! Əsl xəlvəticə təşkilatdır – nə istəyirsən et, necə istəyirsən idarə et, parlament assambleyası yox, monitorinqi yox! Düz on ildən çox hərbi doktrinanın qəbulunu yubatdılar, axırda deklarasiya qəbul etdilər! Elə o vaxt müəyyən şübhələr yaranmışdı ki, bunlar NATO-da özlərini görmürlər. Bu gün həmin şübhələr təsdiqini tapdı. Kürsülərində bir az da rahat otura bilərlər, narahatlıq bir az da azaldı, indi rusiyalı ekspert və politoloqların arayışlarından istifadə edərək ölkəni bir az da avtoritar və sərt rejimə sürükləmək olar. Deyəsən, Urmiyə sazişindən sonra Iran da bir az sakitləşib, onun sarıdan da arxayın olmaq olar. Qalır bunların ən qorxulu rəqibi – millət! Indi bütün güclərini ona qarşı yönəldə bilərlər…
Gürcüstan tək qaldı
Mənə belə gəlir ki, Gürcüstanın da NATO-ya yolunu elə bunlar bağlayıblar. Hiss olunur, NATO təkcə Gürcüstanı öz sıralarına qəbul etməyə can atmır. Indi regionda əsl geosiyasi mozaika yaranıb. Gürcüstan NATO ilə, ermənilər Rusiya ilə hərbi ittifaqdadır, Azərbaycan isə neytral geosiyasi kurs tutub! Bəli, Qafqaz həqiqətən də “rəngarəngliyilə” təəccübləndirir, təkcə özünün etnik və linqvistik mozaikası ilə deyil, həm də geosiyasi mozaikası ilə diqqət çəkir. Bölgənin geosiyasi arxitekturası nəhayət ki, tamamlanmaq və yekuna çatmaq ərəfəsindədir!