“Azərbaycandan öz üzərinə götürdüyü öhdəliklərdən başqa nəsə etməyi tələb etmirik”
«Azərbaycan rəhbərliyini vətəndaş cəmiyyəti və müxalifətlə əməkdaşlığa çağırdım»
Azərbaycanda səfərdə olan Avropa Parlamentinin prezidenti Yeji Buzek Milli Məclisin sədri Oqtay Əsədovla görüşüb. Görüşdə O.Əsədov Avropa Parlamentinin mayın 12-də Azərbaycanla bağlı qəbul etdiyi qətnamədən narazılığını çatdırıb. Y.Buzek isə jurnalistlər qarşısında bu məsələyə toxunaraq, deyib ki, Avropa Parlamenti Azərbaycandan yalnız üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyi tələb edir: “Biz Azərbaycandan öz üzərinə götürdüyü öhdəliklərdən başqa nəsə etməyi tələb etmirik. Azərbaycanın suverenliyinə hörmətlə yanaşırıq. Amma Azərbaycan hakimiyyətinin aprelin 2-də keçirilən aksiyaya verdiyi reaksiya beynəlxalq sənədlərlə ziddiyyət təşkil edir”.
“Görüşlərimdə Azərbaycan rəhbərliyini vətəndaş cəmiyyəti və müxalifətlə əməkdaşlığa çağırdım. Sərbəst toplaşmaq, özünü ifadə etmək azadlığı, müstəqil media, müstəqil ədliyyə sahəsində dəyişikliklərin faydalı olduğunu vurğuladım və Azərbaycan rəhbərliyini buna inandırmağa çalışdım”. Bu sözləri isə Yeji Buzek Azərbaycanı tərk etməmişdən öncə keçirdiyi mətbuat konfrasında deyib. Yeji Buzek bildirib ki, o, bu dəyişikliklərin vacib olduğunu təsadüfən demir: “Mənim ölkəmin təcrübəsinə əsaslanaraq bu dəyişikliklərin vacib olduğunu deyirəm. Mənim ölkəm bu prosesi keçib. Azərbaycanın inkişafı, rifahı üçün bu dəyişiklər çox faydalıdır. Lakin əlbəttə ki, seçim Azərbaycanındır”.
Yeji Buzek mətbuat konfransında da Avropa Parlamentinin qətnaməsi ilə bağlı hakimiyyətin mövqeyinə münasibət bildirib. Avropa Parlamentinin prezidenti bu dəfə deyib: “Qətnamədə əks olunanlar Azərbaycanın Avropa Birliyi ilə əməkdaşlığı üçün olan potensialın nişanəsidir. Biz tərəfdaşlarımızla Avropa üçün əsas olan ruhda danışırıq”.
Yeji Buzek həbsdə olan baş redaktor Eynulla Fətullayev, gənc fəallar Cabbar Savalanlı, Bəxtiyar Hacıyev və siyasi motivlə həbsdə olunan digər məhbuslarla bağlı da mövqeyini açıqlayıb: “Bizdə digərlərinin də həbs olunması barədə məlumatlar var. Görüşlərdə bu məsələni müzakirə etdik. Mən əminəm ki, bu məsələ həllini tapacaq. Ümumiyyətlə, görüşlərdə insan haqları ilə bağlı bütün məsələlərə toxunduq”.
Avropa Parlamentinin prezidenti sonda bildirib ki, o, Bakıya nəyisə diqtə etmək üçün gəlməyib: “Mən təcrübələrimi bölüşməyə gəlmişəm. Və qeyd etdiyim dəyişikliklərin ölkənizin inkişafına böyük töhfə verəcəyinə əminəm. Biz də bu məsələlərdə Azərbaycana dəstək verməyə hazırıq”.
İnformasiya şöbəsi