Əvvəl Azadlıq meydanını mitinqlər üçün müxalifətə verən Ermənistan prezidenti bu dəfə böyük amnistiya təşəbbüsü ilə parlamentə müraciət edib
Son zamanlar Ermənistan hakimiyyətinin ölkə cəmiyyətinə yönəlik liberal addımlar atması diqqətdən yayınmır. Uzun fasilədən sonra Yerevandakı Azadlıq meydanının mitinqlər üçün müxalifətə verilməsi bir müddət əvvəl gözlənilməz addım kimi müzakirə mövzusu oldu. Bununla Ermənistan hökuməti daxildə siyasi gərginliyi azaltmaq baxımından müxalifətlə dialoqa üstünlük verdiyinə işarə etmiş oldu. Həm də Qərbdə özünün demokratik, liberal dəyərlər daşıyıcısı obrazını yaratmaq baxımından da bu addım Sərkisyana müəyyən xal qazandıra bilərdi. Təsadüfi deyil ki, beynəlxalq ictimaiyyət Ermənistan hökumətinin bu siyasi jestini demokratikləşmə prosesində irəliyə doğru mühüm addım kimi qiymətləndirdi.
Dünən isə Serj Sərkisyan parlamentə amnistiya aktı layihəsilə müraciət edib. Ermənistan prezidentinin mətbuat xidmətindən bildirilib ki, Sərkisyanın amnistiya təklifi ölkənin müstəqilliyinin 20 illiyilə bağlıdır. Ölkəsinə artan beynəlxalq siyasi təzyiqlərin fonunda Sərkisyanın belə bir təşəbbüsdə bulunması onun demokratikləşmə məsələsində Qərblə konfrontasiyaya getmək niyyətində olmadığının, müxalifətlə dialoq üçün siyasi zəmin hazırlamağın daha doğru yol olduğunu anlamasının göstəricisi sayıla bilər.
Sərkisyanın son gedişlərinin həm də Qarabağ məsələsində onun ölkəsinə siyasi dividentlər qazandırmaq məqsədi güddüyü də istisna deyil. Yəni, Azərbaycanla müqayisədə daha demokratik ölkə olmağa can atması prinsipial məqamda beynəlxalq güclərin dəstəyini qazanmaq istəyi kimi də yozula bilər.
Belə bir vaxtda Azərbaycanda isə, Ilham Əliyev ölkəsinin avtoritar imic qazanması üçün demək olar ki, bütün mümkün vasitələrdən istifadə edir. Məsələn, Əliyev Azərbaycanda ifadə azadlığı, insan haqları, hüququn aliliyi kimi məsələlərdə güzəştə getmək niyyətində olmadığını hər gün atdığı növbəti addımıyla bir daha sübut edir.
Ermənistan prezidentinin son gedişləri fonunda Sərkisyanla Əliyevi müqayisə edəndə məlum olur ki, istər müxalifətə mitinqlər üçün normal yerlərin ayrılması, istərsə də amnistiya elan olunmasıyla bağlı rəsmilərin son açıqlamalarını nəzərə alsaq, hakimiyyətin bu kontekstdə müsbət addım atmaq niyyətində olmadığı açıq-aydın görünür.
Qeyd edək ki, 28 May – Respublika Günü münasibətilə amnistiya verilməsi təşəbbüsünə Azərbaycan hökumət nümayəndələri “yox” cavabı verib.
Bu cür davranışın nəticəsidir ki, Azərbaycan hakimiyyətinin son illər qabaran avtoritar obrazı dünya ictimai rəyində get-gedə daha da möhkəmlənir. Bu gedişatın ağrılı yerimiz olan Qarabağ danışıqlarında özünü mənfi mənada biruzə verəcəyi isə narahatlıq doğuran əsas məsələlərdən biridir.
Beləliklə, müxalifətin keçirdiyi son mitinqlərin polis gücünə amansızca dağıdılması, bir sıra siyasi xadimlərin, gənclərin şübhəli ittihamlarla həbsxanalara doldurulması, beynəlxalq ictimaiyyətin ifadə azadlığı, insan haqları, demokratiya, həbs olunanların dərhal azadlığa buraxılmasıyla bağlı çağırışlarının qulaqardına vurulması, Qərb ölkələrinə qarşı aşırı qəzəb və təhqir dolu bəyanatların səsləndirilməsi onu göstərir ki, Azərbaycan hökumətini ölkədə demokratik, hüquqi cəmiyyət quruculuğuna nail olmaq, itirilmiş torpaqları azad etmək deyil, yalnız hakimiyyət, kürsü düşündürür.
Rəşad B.