Hakimiyyət hər il neft pulundan 10 milyard xərcləyir
Proqnozlaşdırılan 150 milyard bu templə 15 ilə xərclənəcək
Qubad İbadoğlu: «Qeyri-iş günlərini də nəzərə alsaq, o zaman investisiya xərclərinin günlük məbləği 35 milyona çatır»
Dünən Iqtisadi Tədqiqatlar Mərkəzinin Idarə Heyətinin rəhbəri Qubad Ibadoğlu 2011-ci il dövlət büdcəsinə yenidən baxılması və büdcənin təxminən 3493,2 milyon manat məbləğində artırılması ilə bağlı mətbuat konfransı keçirib. 2011-ci il dövlət büdcəsinə dəyişiklikləri nəzərdə tutan layihədə Iqtisadi Tədqiqatlar Mərkəzi ekspertlərini narahat edən bir sıra məqamlar var. Büdcənin birdən-birə bu qədər artırılmasının gözlənilməz olduğunu deyən Q.Ibadoğlu öncə bu artımın xarakteristikasına aydınlıq gətirdi. Q.Ibadoğlunun açıqladığı rəqəmlərdən məlum oldu ki, layihədə dövlət və icmal büdcələrin gəlirlərinin hesablanmasında istifadə olunan neftin 1 barrelinin qiyməti 60 dollardan 80 dollara çatdırılıb. Buna müvafiq olaraq 2011-ci il dövlət büdcəsinin gəlirləri 3493,2 milyon manat məbləğində artırılıb.
Bu artımdan sonra 2011-ci il dövlət büdcəsinin gəlirləri 15554,2 milyon manata çatıb. Gəlirlərdəki bu artımın 770,0 milyon manatı vergi və gömrükdən daxilolmalar, 2,7 milyard manatı isə Dövlət Neft Fondundan transfert hesabına təmin ediləcək. Büdcənin xərcləri isə 3193,2 milyon manat artırılaraq 15941,2 milyon manata çatdırılır. Artımlardan sonra xərclərin 49,4 faizini və ya 7878,0 milyon manatını əsaslı xərclər, 48,4 faizini və ya 7716,5 milyon manatını cari xərclər, 2,2 faizini və ya 346,7 milyon manatını dövlət borclarına xidmətlə bağlı xərclər təşkil edəcək.
Neft Fondundan büdcəyə 9,1 milyard
Hər il Neft Fondundan büdcəyə transfertlərin artdığını deyən Q.Ibadoğlu vurğuladı ki, bu tendensiya olduqca təhlükəlidir. Çünki bu yolla gələcək nəsillərə saxlanmalı olan neft pulları korrupsiyanın predmetinə çevrilir. Iqtisadçı hesab edir ki, bu, gələcək nəsillərin hüquqlarının pozulmasıdır. Yəni, əvvəlcədən elan olunduğu kimi, neft gəlirləri gələcək nəsillərə çatmayacaq. Digər tərəfdən, büdcənin belə formalaşdırılması onun dayanıqlığı üçün də risk yaradır: “Burada bizi narahat edən başlıca məsələ dövlət büdcəsinə Dövlət Neft Fondundan əlavə olaraq 2,7 milyard manatın transfert ediləcəyidir. Bu, iki baxımdan narahatlıq yaradır. Birincisi budur ki, büdcənin neftdən asılılığı təhlükəli həddə güclənir. Dəyişikliklərdən sonra Fonddan büdcəyə ümumilikdə 9 milyard 180 milyon manat transfert ediləcək. Bu, büdcə gəlirlərinin 59,2 faizi deməkdir. ”Azəri-Çıraq-Günəşli” layihəsi üzrə büdcəyə daxil olacaq 600 milyon manatı, hər il ARDNŞ-nin təmin etdiyi 1 milyard manatı, həmçinin neftin qiymət fərqindən əldə ediləcək gəlirləri də nəzərə aldıqda, dövlət büdcəsinin gəlirlərində neft sektorunun payının 70 faizə çatdığını görürük. Halbuki ötən il bu rəqəm 63 faiz təşkil edib. Bu, Azərbaycanı neftin dünya bazarındakı qiymətindən asılı etmək deməkdir. Bir gün bu qiymət indikindən iki dəfə aşağı düşsə, dövlət büdcəsinin hansı vəziyyətə düşəcəyini təsəvvür etmək elə də çətin deyil. Dövlətin büdcəyə yarana biləcək riskləri həll etmək üçün hər hansı proqramı yoxdur. Hər il büdcə vasitəsilə neft pullarının təxminən 10 milyardı xərclənir. Bu isə o deməkdir ki, belə getsə, Azərbaycan onun üçün proqnozlaşdırılan 150-160 milyardlıq neft gəlirlərini on-on beş il ərzində xərcləyəcək”.
Büdcə gəlirləri cari xərcləri ödəməyə belə çatmır
Dəyişikliklərdən sonra büdcənin qeyri-neft gəlirlərinin ölkənin cari xərclərini ödəməyə imkan verməyəcəyini deyən Q.Ibadoğlu bunun da ciddi məqam olduğunu söylədi. Çünki cari xərclər dövlətin saxlanması xərcləridir, onların maliyyələşdirilməməsi mümkün deyil. Bu il bütövlükdə büdcənin cari xərcləri 7 milyard 716 milyon manat nəzərdə tutulub. Vergi və gömrükdən daxilolmalar isə 6,3 milyard manat nəzərdə tutulub. Yəni, vergi və gömrükdən daxil olan vəsaitlər büdcənin cari xərclərini belə ödəyə bilmir. Bu da bir daha göstərir ki, büdcəyə neft pulları daxil olmasa onun hazırkı formada saxlanması qeyri-mümkün olar. Q.Ibadoğlu vurğuladı ki, vergidən daxilolmalardan neft sektorunun payını çıxdıqda vəziyyətin acınacaqlı olduğu görünür. Belə ki, neft sektorundan vergi yolu ilə büdcəyə daxil olmalar 4 milyard 710 milyon manatdır. Bu isə cari xərclərin cəmi 61 faizi deməkdir.
Dörd ayda 0,8 faiz ÜDM artımı olub
ITM eskpertlərini narahat edən ikinci məsələ dövlət büdcəsinin artımının Ümumi Daxili Məhsulun artım dinamikasından daha sürətli olmasıdır. Dövlət xərcləmələri və büdcə bu qədər artsa da, amma bu ilin 4 ayında ÜDM cəmi 0,8 faiz artıb. Q.Ibadoğlunun fikrincə, bu o deməkdir ki, bir neçə ildən sonra biz büdcəni azaltmaq məcburiyyətində qalsaq, ÜDM-in kəskin azalması ilə üzləşə bilərik: “Bu da göstərir ki, Azərbaycan hökumətinin strateji baxışı yoxdur. Hökumətin addımları yalnız bir il üçün nəzərdə tutulan tədbirlərdir. Bu ildə daxili mənbələrdən infrastruktura 8 milyard 228 milyon manat sərf etməyi planlaşdırırlar. Bu həcmdə vəsaitlərin bir ildə xərclənməsi nə iqtisadi baxımdan, nə də praktiki baxımdan mümkündür. Çünki bu qədər vəsaiti xərcləməyə nə ölkədə işçi potensialı imkan verir, nə maddi-texniki təchizat, nə də infrastruktur səviyyəsi. Buna görə də ilin sonuncu aylarında büdcədən nəzərdə tutulan investisiya istiqamətləri üzrə vəsaitlərin silinməsi həyata keçirilir. Keçən illərdə biz bunun şahidi olduq. Təkcə dekabr ayında ümumi investisiya xərclərinin 28,5 faizə qədəri, yaxud 3 milyard 345 milyon manatı sərf edildi. Bu il də belə olacaq”.
Q.Ibadoğlu qeyd etdi ki, investisiya xərcləri bütün aylar üzrə bərabər paylaşdırılsa, bu o deməkdir ki, dövlət bir il ərzində hər gün 22,5 milyon manat xərcləməlidir. Biz bir il ərzindəki qeyri-iş günlərini də nəzərə alsaq, o zaman bu rəqəm hər günə 35 milyon manat edir. Bundan başqa, o da nəzərə alınmalıdır ki, bu ilin 6-cı ayı yaxınlaşmaqdadır. Bu isə o deməkdir ki, 8 milyard 228 milyon manat qarşıdan gələn altı ayda xərclənməlidir.
Investisiya xərclərinin artırılmasının hakimiyyətlə sıx əlaqələri olan biznes strukturların fəaliyyətini yenə genişləndirəcəyini deyən Q.Ibadoğlu vurğuladı ki, bundan qazanan yenə də siyasi hakimiyyətə yaxın biznes təşkilatları olacaq. Iqtisadçının sözlərinə görə, bu hal ötən illərdə Nəqliyyat Nazirliyinin timsalında müşahidə edilib.
Sahibkarları vergi “sınağı” gözləyir
Q.Ibadoğlu hesab edir ki, vergi və gömrükdən daxilolmaların 770 milyon manat artırılması sahibkarlar üçün ciddi problemlər yaradacaq. Çünki qarşıdakı müddətdə məhz bu məbləğin vergi və gömrükdən cəlb olunması nəzərdə tutulub. Q.Ibadoğlunun sözlərinə görə, xüsusilə ilin ikinci yarısında gömrük və vergi orqanları proqnozu təmin etmək üçün sahibkarlara, biznes qurumlarına təzyiqləri artıracaqlar.
“Eurovision”a görə səmərəsiz və mənasız xərcləmələr
Mərkəz rəhbəri bildirir ki, büdcəyə dəyişikliklərin həcminə “Eurovision-2012″ yarışmasının Azərbaycanda keçirilməsi amili də təsir göstərib: ”Burada söhbət, əlbəttə ki, yarışmanın təşkilinə çəkiləcək birbaşa xərclərdən getmir. Söhbət dolayı xərclərdən – infrastrukturun hazırlanması, Bakının yarışma keçiriləcək hissəsində, həmçinin bir sıra digər yerlərdə küçələrin, binaların kosmetik təmirinə, bəzədilməsinə və sair istiqamətlərə yönələcək vəsaitlərdən gedir. Bu xərcləmələr səmərəsiz və mənasız olacaq.
Q.Ibadoğlunun fikrincə, büdcədə nəzərdə tutulan vəsaitlər hesabına pensiya, müavinət və əmək haqlarının artımı 20-25 faiz həcmində mümkündür: “Həmin vəsaitlər hesabına bundan yuxarı artımın aparılması mümkün deyil. Bu il pensiyalara 462,7 milyon manat vəsait yönəldiləcək. Burada narahatlıq doğuran bir məqam pensiya artımları üçün büdcədən Sosial Müdafiə Fondunun büdcəsinə ediləcək transfertin ikincinin birincidən asılılığını gücləndirəcəyidir. Bildiyiniz kimi, pensiya sistemində islahatların əsas məqsədi olaraq bu dövrdə Sosial Fondun büdcədən asılılığının azaldılması olduğu bildirilir. Amma büdcəyə dəyişikliklər buna imkan verməyəcək”.
2011-ci il dövlət büdcəsinin dəqiqləşməsi ilə dövlət əsaslı vəsait qoyuluşu xərclərinə əlavə xərclərin 77,8 faizi həcmində və yaxud 2484,1 milyon manat vəsait yönəldiləcək ki, bu da həmin xərclər üzrə təsdiq edilmiş göstəriciyə nisbətən 73,5 faiz çoxdur. Q.Ibadoğlu dövlət əsaslı vəsait qoyuluşu xərc maddəsi üzrə xərcləmələrin qapalı, qeyri-şəffaf aparıldığını bildirərək, bu məsələnin ITM ekspertlərini ciddi narahat etdiyini vurğulayıb.
Xəyal