Azərbaycanlılar Ilham Əliyevin xizək sürdüyü ölkədə niyə oxumaq istəmir?

Yox, yox, bu gün “Eurovision”dan danışmayacam. Bu mövzu bizim gözlədiyimizdən də tez köhnələcək və bayağılaşacaq. Və yalnız iki halda aktuallaşacaq:BIR: Ilham Əliyev və onun despotik rejimi hər dəfə Qərb mətbuatında məhz bu müsabiqə üzərindən “vurulduqda”;

IKI: Gələn il Bakıda keçiriləcək müsabiqəyə hazırlıq adı ilə dürlü-dürlü korrupsiya projeləri ortaya çıxdıqda.
Qalan heç bir halda “Eurovision” qələbəsi uzunömürlü olmayacaq, hətta görəcəksiniz, Çempionlar Liqasının gələn həftəki finalı küçədə-bacada, avtobusda, çayxanada daha çox danışılacaq, baxmayaraq ki, orada Azərbaycan təmsilçisi olmayacaq.

Bəs bugünkü yazıya seçdiyimiz başlığın anlamı nədir? Dünən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Rusiyada təhsil almaq istəyən azərbaycanlı abituriyentlər üçün imtahan vaxtını açıqladı. Bu, diqqətimi çəkdi və internetdə kiçik bir araşdırma apardım. Məlum oldu ki, Rusiyada oxumaq üçün cəmi 117 gəncimiz sənəd verib.

Razılaşaq ki, çox aşağı göstəricidir. Hətta yaxın 200 illik tariximizin bağlı olduğu, azərbaycanlıların savadlanmasına böyük töhfələr vermiş bir ölkəyə qarşı bəlkə də haqsızlıqdır. Amma məsələnin başqa tərəfi də var: bu faktın özü Azərbaycan cəmiyyətinin əsl əhval-ruhiyyəsini bilmək üçün olduqca maraqlı məqamdır. Hər kəs bilir ki, bu gün azərbaycanlı gənclər arasında Avropada təhsil almağa həvəs böyükdür. Valideynlər də övladlarını təhsil üçün Avropaya göndərməyə üstünlük verir, düzdür, böyük çoxluğun cibi buna müsaid deyil, ancaq onlar da, ən azı uşaqlarının Avropa təhsili alması arzusu ilə alışıb-yanırlar.Deməli, cəmiyyətimizdə Avropa dəyərlərinə münasibət heç də hakimiyyətdəkilərin iddia etdiyi kimi, neqativ deyil, əksinə, azərbaycanlılar 70 illik totalitar bir rejimdə yaşadıqlarını artıq çoxdan unudublar. Ona görə də hazırda avtoritarizmlə assosiasiya olunan Rusiyanın yox, demokratik, azad Avropanın təhsil sistemini üstün tuturlar.

“WikiLeaks”in açıqladığı sənədlərdən də bilirik, başda Ilham Əliyev olmaqla, hakimiyyətdəkilər illərdir Qərbin beynini “azərbaycanlıların demokratiyaya hazır olmaması” barədə yalanlarla doldurmaqla məşğul olublar. Mən bir rejimin öz xalqını bu qədər aşağılamağa çalışmasının, onu bu qədər kiçik görməsinin nə qədər iyrənc olduğunu bir tərəfə qoyuram. Heç “o necə demokratiyaya hazır olmayan xalqdır ki, yaxın 10 illik tarixində seçki saxtakarlığına qarşı, ən azı üç üsyana imza atmışdır” deyə soruşmuram da.

Sadəcə, bunu demək istəyirəm: bu xalq Avropa təhsili almağa hazırdır da, bu xalq Avropa elmini, dünyagörüşünü mənimsəməyə hazırdır da, Avropanın ən qutsal, ən aparıcı dəyəri olan demokratiyayamı hazır deyil? Bu xalq demokratiyaya hazır deyilsə, niyə demokratik Avropanın ali məktəblərinə üz tutur ki? Məntiqlə gedib avtoritar Rusiyanın universitetlərində oxuyar da.

Azərbaycanlıların Rusiya deyil, Avropa universitetlərinə axışması həm də bizim təhsil naziri Misir Mərdanovun bir müddət əvvəl dediyi “məktəblərdə heç kim pul yığmır, valideynlər, şagirdlər özü rüşvət verir” fikrini də alt-üst edir. Valideynlər, tələbələr gerçəkdən də rüşvət vermək üçün əldən-ayaqdan getsəydi, indi oxumaq ardınca Rusiyaya gedənləri barmaqla saymazdıq, nə də olmasa, rüşvətlə oxumaq üçün orada meydan hələ də genişdir. Bizim insanlar isə göründüyü kimi, rüşvətsiz və azad təhsilin hökm sürdüyü Avropaya üz tutur, bu, həm də azərbaycanlıların rüşvətsiz və azad yaşamağa hazır olmasının təntənəsidir!

***

Ilham Əliyev rejimi son üç ildə Qərb təhsili alan gənclərimizi qandallamağı vərdişə çevirib. Mən şübhələnirəm ki, bu, Azərbaycan cəmiyyətində xof yaratmaq üçündür, yəni, hakimiyyət insanlarda Avropa təhsili almağın sonra hansı qorxunc nəticələr verəcəyini anons edir. Demək istəyir ki, başınızın salamat, qulağınızın dinc olmasını istəyirsinizsə, demokratik, azad Avropanın, Qərbin yox, avtoritar, geriçi Rusiyanın universitetlərini seçin.Demək istəyir ki, bizə savadlı adamlar lazımdır, amma savadlı adamların həm də kölə olması ondan da vacibdir.