420 milyonluq layihə 1,2 milyarda qaldırıldı

Azərbaycan Gürcüstana daha 575 milyon dollar həcmində kredit verəcək

Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin həyata keçirilməsi ilə bağlı Azərbaycan və Gürcüstan arasındakı müqaviləyə dəyişiklik edilib.
Azərbaycan Nəqliyyat Nazirliyi Gürcüstanın apardığı müzakirələrin nəticəsi olaraq sahənin layihələndirmə, inşa, reabilitasiya-yenidənqurma işlərinin, həmçinin müvafiq infrastruktur obyektlərinin tikintisinin maliyyələşdirilməsi üçün Azərbaycan tərəfinin ayıracağı məbləğ 775 mln. dollara qədər artırılıb. Müvəkkil bank vasitəsilə ayrılacaq bu vəsait iki tranşla ödəniləcək. Ilk tranş – illik dərəcəsi 1% olmaqla 25 il müddətinə 200 mln. dollar, ikinci tranş – illik dərəcəsi 5% olmaqla 25 il müddətinə 575 mln. dollar həcmindədir. Birinci tranş çərçivəsində ayrılan vəsait bu layihə ilə bağlı 2007-ci ildən indiyədək görülən işləri əhatə edib. Ikinci tranşın ayrılmasının səbəbləri isə son illər dünya bazarında mal-materialların bahalaşması, Marabda-Kartsaxi dəmir yolunun mövcud vəziyyətinin bütün detalları ilə yenidən qiymətləndirilməsi, işlərin kəskin iqlim şəraitində aparılması və s. ilə bağlıdır.
Nazirlikdən bildirilib ki, yüklərin daşınmasının səmərəliliyinin artırılması, həmçinin işlərin daha sürətli və keyfiyyətlə aparılması üçün Azərbaycan və Gürcüstan tərəfi birgə müəssisə yaratmaq qərarına da gəlib.
Xatırladaq ki, ilkin olaraq Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin 420 mln. dollara, sonra isə 600 mln. dollara başa gələcəyi nəzərdə tutulurdu. Amma layihə ilə bağlı son dəyişikliklər və əlavə vəsaitlərin ayrılmasından sonra layihənin ümumi dəyəri 1,2 mlrd. dollara çatıb.
Nəticədə, layihəyə əlavə vəsaitin ayrılmasına ehtiyac yaranıb ki, bu da Azərbaycanın Gürcüstana əlavə 575 mln. dollar ayırmasına səbəb olub.
Indiyədək layihənin reallaşması üçün Azərbaycan Gürcüstana 200 mln. dollarlıq kredit ayırıb. Qeyd edək ki, 25 illiyə, illik 1%-lə ayrılan kreditin 90 mln-u artıq istifadə olunub.