“Lider TV”nin olduğu ölkədə “turizmin lideri” olmaq istəyənlər

Mən Azərbaycan hakimiyyətinin öz-özünü ifşa etmək qabiliyyətinə həqiqətən heyranam. Məsələn, bunlar təzə-təzə muğam üzərindən siyasət qurmağa başlayanda biz bunun heç də “milli mənəvi dəyərlərə hörmət”dən irəli gəlmədiyini deyirdik, çoxu ağız-burnunu əyirdi. Sonra nə oldu? Kral həzrətləri qızının toyuna Arif Babayevi, Canəli Əkbərovu, bəd ayaqda Alim Qasımovu yox, Ağadadaş Ağayevi, Ədalət Şükürovu, Iradə Ibrahimovanı, canım sizə desin, nağaraçalan Natiq Şirinovu çağırdı, özü isə rok-n-roll oynadı.

Ya da 2009-cu ili “Gənclər ili” elan etdi, məsələn. Sonra götürdü həmin bu “Gənclər ili”ndə iki intellektli, yüksək təhsil almış gənci – Eminlə Adnanı həbs etdirdi.

Harvard Universitetinin məzunu, xaricdə təhsil almış daha bir yüksək savadlı gəncimizə – Bəxtiyar Hacıyevə srağagün 2 il iş verməmişdən bircə ay əvvəl isə bilirsinizmi, Ilham Əliyev nə demişdi? Istəyirsiniz mən söyləməyim, elə bizzat kralın öz ağzından eşidək: “Mən hesab edirəm ki, Azərbaycandan xaricə oxumağa gedənlərin hamısı qayıdacaq və öz ölkəsinin rifahı naminə işləyəcəkdir”.Hakimiyyətin öz-özünü ifşasına ən parlaq nümunə isə heç şübhəsiz, “Turizm ili” ilə bağlıdır. Məlumdur, Ilham Əliyev 2011-ci ili “Turizm ili” elan edən sərəncam imzaladı, sərəncamın mürəkkəbi qurumamış iki jurnalistin bir otel otağına quraşdırılmış kameralarla çəkilmiş gizli görüntüləri ortaya çıxdı. Həmin görüntülər pik saatlarda “Lider TV”də yayımlandı. Indi soruşuruq: 2011-i “Turizm ili” elan etməyiniz nədi, otellərə kamera yerləşdirməyiniz nə? Bundan sonra hansı ağlı başında olan turist Azərbaycana gələr? Onlara lazımdırmı ki, işlədiyi, sevişdiyi, qasığını qaşıdığı yerdə çəkilən görüntüləri sabah interneti bəzəsin?

Keçənlərdə mədəniyyət və turizm naziri çıxıb nə dedi?

“Biz istəyirik ki, Azərbaycan turizm üzrə lider ölkələrdən biri olsun”.

Olsun, olsun, hətta istəməyən kor olsun. Amma bir dəqiqə lütfən! “Lider” telekanalının olduğu ölkədə “turizmin lideri” necə olacaqsınız? Bir halda ki, insanların ən intim, ən məhrəm anlarını çəkib “Lider”lə el-aləmə göstərirsiniz, belədə necə “turizmin lideri” ola bilərsiniz?Azərbaycana gələn turistin təminatı varmı ki, onun istirahət etdiyi, əyləndiyi hər hansı istirahət mərkəzinin də altından tıpkı “Qarabulaq” kimi, cəsədlər çıxmayacaq sabah? Azərbaycana gələn turist hardan əmin olmalıdır ki, onun dincəldiyi istirahət mərkəzinin sahibi də yeni bir Hacı Məmmədov çıxmayacaq, onu son qəpiyinədək soyub, sonra da alnına bir güllə sıxmayacaq?

Mən hələ turizm xidmətinin aşağı, qiymətlərin baha olmasını demirəm. Mən heç onu da demirəm ki, Gürcüstanda istirahət etmək bizdə istirahət etməkdən iki, bəzən üç dəfə ucuz başa gəlir.

Elə ona görə də biz – Azərbaycanın bir qrup yazarı, publisisti, bəstəkarı, blogeri, ictimai fəalı vətəndaşlarımızı istirahət üçün Gürcüstana üz tutmağa çağırdıq. Bəli, istirahət etmək üçün Azərbaycanın hər cür imkanları var, gözəl təbiəti var. Amma di gəl ki, bütün bu imkanlar bir ovuc adamın əlində cəmləşib, onlar istədikləri qiyməti müəyyənləşdiriblər və bu, sadə azərbaycanlının cibinə qətiyyən uyğun deyil.Amma çıxış yolu əlbəttə, var: bu, azad, demokratik, üstəlik, insanların şalvarının altına kamera qoymayan, “Lider TV”si olmayan Gürcüstan! Sərfəli qiymətlər, keyfiyyətli xidmət, gürcü qonaqpərvərliyi və üstəlik də istirahət üçün ayırdığımız vəsaiti Azərbaycanın bir dəstə harınlamış, gözünü sərvət ehtirası örtmüş oliqarxlarının məkanlarına deyil, demokratiyaya yatırmaq fürsəti!

Ola bilsin bizim çağırışlarımız hakimiyyət tərəfdaşlarında dərhal vətənpərvərlik damarını dombaldacaq, onlar görünməmiş şüvən qaldıracaq, bizə böhtan ataraq milli maraqları satmaqda günahlandıracaqlar.

Amma çağırış müəllifləri olaraq sizdən rica edirik: Təxribata uymayın və vicdan əzabı çəkmədən Gürcüstana gedin. Axı nə vaxtdan oliqarxlara qarşı nifrət milli maraqlara xəyanət etməkdir?

Rədd olsun oliqarxiya!Qardaş Gürcüstanda demokratiyanı dəstəkləyək!