Ziyafət Əsgərova bir sual

Milli Məclisin 17 may toplantısında vitse-spiker Ziyafət Əsgərov Qərbin ünvanına təəccüblü ifadələr işlədib.Sizi deyə bilmərəm, şəxsən mən Ziyafət müəllimin Qərb barədə dediklərinin bir qismi ilə razıyam, bir qismi ilə razı deyiləm.

Hansı qismi ilə razıyam?

Vitse-spiker haqlıdır, Qərb öz maraqları naminə hər zaman kiçik dövlətləri məngənədə sıxır. Illah ki, o dövlətlərin NEFT adlı sərvəti ola.Və NEFTSTANA padşahlıq edənlər də neftin pulları hesabına kef çəkə.Əlahəzrət tarix var. Qərb nə qədər neft sayəsində milyarder olmuş padşahların taxt-tacını darmadağın etdi.Ziyafət müəllim gözəl bilir ki, Qərbin çox böyük gücü var.Silahı-sursatı var, ordusu var, başı işləyən alimləri var.Parlamentin qarşısında hesab verən hökuməti var.Vətəndaşlarının qayğısını çəkən, ilbəil onların rifahını yaxşılaşdıran dövləti var.

Bizim nəyimiz var?

Neftdən gələn gəlirlər hesabına yol çəkib, körpü tikib, park salmağa analoqsuz inkişaf deyərək, uşaq başı aldatmaqdan ayrı əlimizdən nə gəlir?Lap düzünə qalsa, Qərb düzgün hərəkət edir.

Hüsnü Mübarək dövlətdən 70 milyard, ətrafı da bir o qədər çırpışdırmasaydı, Misirdə nə bisavadlıq, nə dilənçilik tüğyan edərdi.Nə də Hüsnü bəy Suzannası ilə indi Qahirənin Bayılında oturardı.

Biz müsəlmanlar Allahın bəxş etdiyi sərvətlərdən müsəlman kimi yararlana bilməyincə, başqa sözlə, sərvətlərin hökmdar və onun dəstəsi tərəfindən yağmalanmasını təbii qəbul etdiyimizə rəğmən Qərb bizi öz məngənəsində sıxmaqda davam edəcək. Əminəm ki, Ziyafət müəllimin də bu məsələdə fərqli mövqeyi yoxdur.
Keçək, narazı qaldığım nəsnəyə. 
Vitse-spikerin Qərbin ünvanına “nakişi” deməsi ilə razı deyiləm.Nədən ki, siyasi terminologiyada “nakişi” anlayışı yoxdur və Ziyafət Əsgərov da bir hüquqçu alim kimi bunu yaxşı bilir. Qərbi riyakarlıqda, ikili standart nümayiş etdirməkdə suçlamağa YAP iqtidarı adətkar idi. Ziyafət müəllim valı dəyişdirdi.

“Nakişi” qəribə səslənir.

Özü də almanın, ingilisin, fransızın ünvanına tuşlananda lap qəribələşir bu məfhum. Insan faktoruna biganə qalmamaq nə vaxtdan nakişilik sayılıb, bundan xəbərim yoxdur, bu bir, ikincisi də Ziyafət Əsgərovun vitse-spikeri olduğu parlamentin də tam haqqı çatır ki, hər hansı bir ölkədə insan haqları pozularsa, azadlıq boğularsa, müxalifətə qarşı sözün əsl mənasında düşmən münasibəti sərgilənərsə, xüsusi bəyanatla çıxış etsin.

Belə olduğu halda, barəmizdə nakişimi deyəcəklər?Lap belə desələr də vecimizə almayacağıq.

Necə ki, ingilis, alman, fransız Ziyafət müəllimin kişilik barədə ünvanlarına dediyi sözləri veclərinə almayacaq.Yadımdan çıxmamış onu da yazım, Ziyafət müəllimin məntiqindən belə çıxır ki, Qərb Azərbaycanın neftinə ehtiyacı olduğuna görə zorakılığa, polis dubinkasına, sözə təcavüzə kor olmalıdır. 
Burada da hörmətli vitse-spikerlə razılaşmaq mümkün deyil. Çünki Qərbin Azərbaycanın neftinə ehtiyacı yoxdur, Azərbaycanın Qərbin puluna ehtiyacı var. Neftimizi almasa nə edəcəyik?

Moskvaya su qiymətinə sataraq, Kremlin orden-medalına bəlkə dəyişəcəyik? Kəsəsi, Qərbə “sağ ol” düşür ki, neftimizi alır və bir yekə “sağ ol” da deməliyik ki, Azərbaycanda insan haqlarının pozulmasına biganə qalmır.Keçək, Ziyafət müəllimə veriləcək suala.

Ziyafət müəllim, lütfən, söyləyin, Azərbaycanda insan haqlarını müdafiə edənlərə “nakişi” deyirsinizsə, o zaman bu dövləti çapıb-talayanlara, rüşvət hesabına milyonluq villalarda yaşayanlara, özünü fironlara tay tutanlara, vəzifəli qoçuəsgərlərə, gözü ayağının altını görməyənlərə hansı ad yaraşır?Oğru?Dəyyus?Nakişi?Bəlkə kişi?