kiv-df

Zamanın yaddaşına köçmüş qızıl səslər

Dövlət səs yazıları arxivi

Tariximizin ilk səs yazı nümunələri


Azərbaycanda səsyazma tarixinin başlanğıcı 1901-ci ildə Bakıda Rus Imperator Musiqi Cəmiyyəti yerli şöbəsinin açılışı ilə bağlıdır. XX yüzilliyin ilk onilliyində Azərbaycan folkloruna maraq durmadan artır. Şərq tarixində ilk dəfə səsini qrammafon valına yazdıran dahi Azərbaycan xanəndəsi Cabbar Qaryağdıoğlu olmuşdur ki, onun ilk müşayiətçisi kimi görkəmli tarzənimiz Qurban Pirimov çıxış etmişdir. C.Qaryağdıoğlu ilə yanaşı valları buraxılan və nəinki adı, eləcə səsi ilə tarixdə yaşayan və milli mədəniyyətimizi yaşadan görkəmli simalardan Şəkili Ələskər Abdullayevin, Mirseyid Mirbabayevin, Islam Abdullayevin, Məcid Behbudovun, Məşədi Məhəmməd Fərzəliyevin, Keçəçioğlu Məhəmmədin, Seyid Şuşinski və başqalarının adları çəkilməlidir. Buraya Azərbaycan teatrının tanınmış aktyorlarının səs yazılarını da əlavə etmək olar.

1913-cü ildə Bakıda qrammofon buraxan səhmdar cəmiyyətlərinin say artımı ilə yanaşı, fəaliyyətləri də genişlənir: ingilis “Qrammofon” və fransız “Pate” firmalarının ayrıca Bakı şöbələri açılır. Azərbaycan musiqi mədəniyyətinin vallara yazılması və yayımı çevrəsində o zamankı birinciliyə yiyələnmiş “Sport-Record” firmasının emblemində tar, kamança və dəf təsvir olunmuşdu. Firmanın 1913-cü ildə vallara yazdığı Zülfüqar Hacıbəyovun “Evliykən subay” və “Əlli yaşında cavan” musiqili komediyalarından ikincisinin tam vallar toplusu Azərbaycan Dövlət səs yazıları arxivində indiyədək qorunur.1916-cı ildə “Ekstrafon” firmasının Kiyev şöbəsi ilk Azərbaycan operasının – Ü.Hacıbəyovun “Leyli və Məcnun”unu qrammofona yazsa da, həmin vallar bizim dövrə gəlib çatmamışdır.

1932-ci ildə Dövlət Opera və Balet teatrının solisti Bülbül Azərbaycan Dövlət Konservatoriyasında elmi araşdırmalar kabinəsi yaratmaq işinə başlayır. Qafqazda ilk elmi araşdırmalar qurumu qarşısında Azərbaycan xalq melodiyalarının toplanması, öyrənilməsi və yayımlanması kimi başlıca məqsədlər qoyulmuşdu. Onun işində tanınmış musiqişünas-professorlar V.Pasxalov və A.Belyayev, bəstəkarlardan Üzeyir Hacıbəyov, Niyazi, Səid Rüstəmov, gənclərdən Qara Qarayev, Cövdət Hacıyev və gələcək nəzəriyyəçi Z.Stelnik yaxından iştirak etmişlər.Dağlıq Qarabağa ilk folklor ekspedisiyası zamanı fonovaliklərə 150-dən çox xalq mahnısı yazılmışdı. Bu zaman kabinə iki fonoqraf, diktofon və 200 mum valikdən faydalanmışdı.

1932-1939-cu illərdə Gəncə – Şəmkir və Şəki – Zaqatala bölgələrinə, eləcə də Ermənistan və Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrinə (Dilican, Basarkeçər, Borçalı, Sandar) ekspedisiyalar keçirilmişdi.Həmin illərdə Noginsk zavodu saz-söz sənətkarlarından Aşıq Mirzə (Bayramovun), Aşıq Əsəd (Rzayevin), Aşıq Islam (Yusifov), Aşıq Qara (Movlayev) və Aşıq Teymurun (Huseynov) vallarında onların səsi və çalğısını yaşatmışdır. Tanınmış aşıq və xanəndələrlə yanaşı, Ü.Hacıbəyovun “Koroğlu”, M.Maqomayevin “Nərgiz” və R.Qlierin “Şahsənəm” operalarından ariyalar da 1940-cı illərdə buraxılan vallarda öz əksini tapmışdır.

Dövlət Səs Yazıları Arxivinin yaranması

Azərbaycanda Dövlət Səs Yazıları Arxivinin yaradılması 1968-ci ilə təsadüf edir. Ölkənin ictimai-siyasi, tarixi, elmi və mədəni həyatını özündə əks etdirən bədii və sənədli fono-video materialları, həmçinin səs və video yazılarının toplanaraq mühafizə edilməsində arxivin əhəmiyyəti danılmazdır.Artıq 43 ildir ki, səs irsimizin qorunub saxlandığı yer olan  Azərbaycan Dövlət Səs Yazıları Arxivi MDB məkanında Rusiyadan sonra bu istiqamətdə fəaliyyət göstərən ikinci belə müəssisədir. Arxivdə tanınmış şəxsiyyətlər, həmçinin görkəmli sənət adamları, xanəndələrlə bağlı qiymətli materiallar qorunub saxlanılır. Hazırda arxivdə 70 min fonosənəd, 4 mindən artıq videoyazı mühafizə edilir.

Səs Yazıları Arxivi yaradıldığı vaxtdan Azərbaycan mədəniyyətinə, zəngin milli musiqi irsimizin qorunmasına xidmət edən mühüm quruma çevrilib. Arxivin fəaliyyətə başladığı ilk gündən burada çalışan, 1974-cü ildən isə müəssisəyə rəhbərlik edən Əməkdar mədəniyyət işçisi Yaqub Mədətov bu barədə belə deyir: “Biz zəngin səs xəzinəsinin yaradılmasında, onun qorunmasında iştirak edirdik. Burada yer alan fonosənədlər Azərbaycanın müxtəlif bölgələrindən, hətta dünyanın bir çox ölkələrindən müxtəlif illərdə çətinliklə də olsa tapılıb, gətirilib. Məqsədimiz ondan ibarət olub ki, Azərbaycanın səs yazıları bir mərkəzdə toplanılsın”.

Hazırda arxivin tamamilə rəqəmsal sistemə keçməsi üçün iş aparılır. Eyni zamanda arxivdə qədim səs yazılarının bərpası da həyata keçirilir.Məlumdur ki, 1900-1914-cü illərdə Azərbaycanın klassik muğam ustalarının yüzlərlə əsəri dünyanın müxtəlif səsyazma studiyalarında yazılıb. Bu qiymətli mənəvi sərvətimizi bir yerə toplamaq, bərpa işləri aparmaq böyük zəhmət tələb edir. Bunun üçün ABŞ-dan gətirilən xüsusi məhlullardan istifadə olunur.Arxivdə toplanan fonosənədlər bölgələrimizdən, eləcə də müxtəlif ölkələrdən fərqli zamanlarda tapılıb, gətirilib. Ən qədim fonosənəd 1902-ci ilə aiddir. Dünya şöhrətli bəstəkar Üzeyir Hacıbəylinin bir dəqiqəlik ifası isə nadir fonosənədlərdəndir.

Arxivin zəngin fondu

Dövlət Səs Yazıları Arxivi öz fəaliyyətində beynəlxalq əməkdaşlığa da mühüm əhəmiyyət verir. Indiyədək 50-dək Azərbaycan aşıq dastanı rəqəmsal səs yazısında Böyük Britaniyanın Kral Kitabxanasının elmi-tədqiqat mərkəzinə göndərilib. Gələcəkdə muğam və folklor nümunələrimizin ABŞ-ın Konqres Kitabxanasına da göndərilməsi nəzərdə tutulur.

Arxiv Böyük Britaniyanın Kral kitabxanasının elmi-tədqiqat mərkəzi ilə əməkdaşlıq edir. Indiyədək 50-yə qədər Azərbaycan aşıq dastanı rəqəmsal səs yazısında həmin kitabxanaya göndərilib. Gələcəkdə ABŞ-ın Konqres Kitabxanasına da muğam və folklor nümunələrinin göndərilməsi nəzərdə tutulur. Arxivin direktoru Yaqub Mədətov deyir ki, SSRI dövründə fondun zənginləşməsi və komplektləşdirilməsi asanlıqla aparılırdı. Televiziya və radiolar ilə sıx əməkdaşlıq nəticəsində arxiv fondunun tərkibi yeni səslərlə zənginləşirdi. Bu gün isə vəziyyət başqa cürdür: “Əvvəllər qərar var idi ki, efirə gedən bütün verilişlər arxiv işçiləri tərəfindən seçilməli və səs yazıları arxivinə göndərilməli idi. ”Milli Arxiv Fondu haqqında” qanunda da bu nəzərdə tutulub. Qanuna əsasən, səs yazısının 3 il vaxtı keçəndən sonra arxivə təhvil verilməlidir. Bununla bağlı bizim televiziya və radiolara müraciətlərimiz olub, amma hələlik qanunun tələbinə əməl olunmur. Bəzi səsyazma şirkətləri ilə əlaqələr yaratmışıq. Hazırlanan disklərin bir nüsxəsini də bizə göndərirlər”. Arxiv sənətçilərlə, musiqi xadimləri ilə də əlaqələr qurub: “Onlar könüllü şəkildə bütün fonosənədləri bizim arxivə təhvil verirlər. Çünki evlərdə saxlanılan əsər çox vaxt itir. Professor Tofiq Bakıxanov özünün və atası tarzən Əhməd Bakıxanovun irsini arxivə təqdim edib. Tanınmış folklorşünas Elxan Məmmədli, Maşallah Xudubəyli, qarmonçalan Zakir Mirzəyev, xalq artistləri xanəndə Canəli Əkbərov, tarzən Ramiz Quliyev, bəstəkar Eldar Mansurov və başqaları səs yazılarını arxivə təqdim ediblər”.

Milli-mədəni dəyərlərimizi qoruyub saxlayan Dövlət Səs Yazıları Arxivində qədim səs yazılarının bərpası da həyata keçirilir. 1900-1914-cü illərə aid Azərbaycan klassik muğam ustalarının yüzlərlə əsəri dünyanın müxtəlif səsyazma studiyalarında yazılır…

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu

KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir