Medvedev Putini bitirə bilərmi?

Ceyran Bayramova: «Seçkilərə qatılacağını açıq bəyan etməyən Rusiya prezidenti intriqanı bir qədər də uzatdı»

Rusiya prezidenti Dmitri Medvedev keçirdiyi son mətbuat konfransında diqqət çəkən bir sıra məqamlara toxunub. Gələn il keçiriləcək növbəti prezident seçkilərinə qatılacağını istisna etməyən dövlət başçısı hökuməti istefaya göndərmək hüququndan imtina etmədiyini də vurğulayıb. Bu da artıq Putinə təhdid kimi qiymətləndirilir. Medvedevin son açıqlamaları nədən xəbər verir? Bundan sonra onunla baş nazir Putin arasında Kreml uğrunda mübarizənin daha da kəskinləşəcəyini gözləmək olarmı?
Siyasi ekspert Ceyran Bayramovanın fikrincə, Medvedevin seçkilərə qatılacağı ilə bağlı dəqiq qərar verməməsi onunla Putinin fəaliyyətinin hələ bir müddət tandem şəklində davam edəcəyini deməyə əsas verir. Rusiya prezidenti seçkilərə qatılacağını açıq şəkildə bəyan etsə, bu, artıq baş nazirlə problemlərin olduğunu sübut edəcəkdir. Eyni zamanda bu, Putini hakimiyyətdən uzaqlaşdırmaq niyyəti kimi də qəbul edilə bilərdi. Seçkilərə qatılacağını açıq bəyan etməyən Medvedev intriqanı bir qədər də uzatdı.
Bununla belə, C.Bayramova növbəti seçkilərdə Medvedevin namizəd kimi qatılacağını istisna etmir. Çünki indiki halda Putinin seçilməsi Rusiya cəmiyyətinin daha da radikallaşmasına səbəb olacaq. Hazırkı vəziyyətdə Medvedev Rusiyanı tam qane edir.
Eyni zamanda onun seçkilərə qatılmaqla bağlı bəyanat verməməsi siyasi elitanın parçalanması qorxusundan irəli gəlir: “Əgər o, hansısa sensasiya xarakterli bəyanat versəydi, siyasi elitanı seçim qarşısında qoyacaqdı. Bu da siyasi elitanın parçalanmasına gətirib çıxara bilərdi. Belə bir halın yaranması indiki halda Rusiya üçün təhlükəlidir”.
Ekspert hesab edir ki, növbəti seçkilərdə əsas namizəd kimi Medvedevin iştirak etməsi Putin üçün də əlverişlidir. Çünki Medvedev özünü liberal siyasətçi kimi göstərməyə çalışsa da, əslində elə deyil: “Məhz Medvedevin vaxtında Xodorkovksinin ikinci məhkəmə prosesi davam etdirildi. Bu proses məhkəmələrin nə qədər aciz, asılı struktur olduğunu göstərdi. Korrupsiya ilə bağlı bir çox faktları sadalamaq olar. Bu səbəbdən də Medvedev-Putin tandemi hələ davam edəcək”.

Fizzə