ilham-eliyev3212

Əliyevin üstünə gələn Avropa

Yaxud Ermənistanı sıxışdıran «nakişilər» haqqında…

Avropa Parlamentinin prezidenti erməniləri şoka saldı. Irəvanın göbəyində bəyan elədi ki, təmsil etdiyi qurum Qarabağı müstəqil ərazi kimi tanımayacaq. Bu bəyanat əslində, ilk hadisə deyil və bundan öncə də dəfələrlə Avropa Birliyinin müxtəlif instansiyalarından Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən mövqelər səsləndirilib. Avropa Birliyinin yüksək vəzifəlisi tərəfindən səsləndirilən bu fikirlərin ərazi bütövlüyümüzün bərpası istiqamətində çox ciddi dəstək olduğunu şübhəsiz, hər kəs dərk edir. Amma bütün bunların paralelində Azərbaycan hakimiyyətinin Qərb strukturlarına və xüsusilə, Avropa Parlamentinə qarşı sərt mövqedən çıxış etməsi dövlətçilik baxımından anlaşılan deyil.
Biz təbii ki, Avropa strukturları ilə münasibətlərin Qarabağ münaqişəsinin həlli çərçivəsində bizim üçün son dərəcə vacib olduğunu dərk etməliyik. Azərbaycan hakimiyyəti baş verənləri soyuqqanlılıqla qiymətləndirə bilmədiyindən ölkəmiz üçün yaranmış münbit geosiyasi fürsəti əldən veririk. Digər tərəfdən, başlıca sual odur ki, rəsmi Bakı hazırkı şəraitdə niyə Qərblə Ermənistana qarşı birləşmək əvəzinə, antiAvropa xəttini gücləndirir?

Düşmənimizin düşməni düşmənimizdirmi?

Həssas geosiyasi şəraitin olduğu danılmazdır. Avropa Parlamentinin ölkəmizdəki insan haqlarının durumuna həsr edilmiş qətnaməsinə cavab olaraq Azərbaycan parlamentində komissiya hazırlanması və bunun ardından Avropa Birliyini “əlaqələri kəsmək”lə hədələməsi vəziyyəti xeyli gərginləşdirib. Ən nəhayət, parlamentin ikinci adamı Ziyafət Əsgərovun “Avropada kişilik qalmayıb” kimi kəskin təhqiri hakimiyyətin bütün məsələlərə yalnız kürsü maraqlarından yanaşdığını, ölkənin ümumi problemlərinə görə narahat olmadığını göstərir.
Əlbəttə, hakimiyyət daxilində də başa düşürlər ki, Azərbaycanın beynəlxalq aləmdə daha konstruktiv imicinin olması üçün daxili siyasi islahatların həyata keçirilməsi, diskriminasiya mühitinin tam aradan qaldırılması ilkin və dəyişməz şərtlərdəndir. Avropa Ittifaqının ölkədə siyasi vəziyyəti normallaşdırmaq, vətəndaşlara konstitusiyada verilən azadlıqların həyata keçirilməsi imkanlarını yaratmaq tələbləri hakimiyyət tərəfindən bu cür qarşılandıqda durum tamam çətinləşir və konfrantasiya müstəvisinə keçir. Bu isə bizim dövlət maraqlarımıza qətiyyən cavab vermir. Ilham Əliyevin gözlənilən və labüd islahatlara sanksiyaların və təzyiqlərin nəticəsində razılaşması indiki şəraiti əldən vermək baxımından çox ciddi səhv olardı.

Ermənistanı sıxışdıran “nakişilər”

Azərbaycan hakimiyyətinin isterik və qəzəbli təhqirilə üzləşən Avropa Birliyi eyni zamanda, Ermənistana qarşı sərt mövqedən çıxış etməklə Cənubi Qafqazda sadəcə, Gürcüstanla isti əlaqələrin olmasıyla kifayətlənə bilməz. Ermənistanın Rusiyanın tam nəzarətində olması Avropa Birliyinin bu ölkəyə indiki münasibətinin formalaşmasına ciddi təsir edib. Bizim üçün başlıca məqam odur ki, Avropa Birliyi Ermənistanın milli maraqları, Azərbaycanın isə hakimiyyətinin davranışlarıyla ziddiyyətli mövqedədir. Beləliklə, Avropa Birliyinin bizim dövlət maraqlarımızdan çıxış etməsi Azərbaycan hakimiyyətini onları ermənipərəstlikdə ittiham etməyə əsas vermir. Bu zaman isə təhqir sonuncu yoldur…

Seymur Həzi