Lerikin təhsil müdiri ilə bağlı şok faktlar

Şikayətçilər sırasında şöbə müdirinin bacısı da var

O, qardaşı haqqında ilginc məlumatlar açıqlayıb

“Lerik rayonu Mastail kəndində biologiya müəllimi işləyən Balaşirin Nəsirov 2009-cu ilin iyun ayında 20 min manat müqabilində Lerik Peşə Məktəbinə direktor, 7 aydan sonra isə 40 min manat rüşvət müqabilində Lerik Rayon Təhsil Şöbəsinə müdir təyin olundu. Təhsil Şöbəsinin müdiri təyin olunandan sonra Balaşirin Nəsirov ona rüşvət verməyən 17 məktəb direktorunu müxtəlif təzyiqlərlə işdən çıxarıb. Yeni təyin edilən direktorların isə hər birindən 3 min manat alıb.
Işdən çıxarmadığı orta məktəb direktorlarının isə hər birindən 500-1500 manat arasında pul alıb. O, hər ay guya qonaqları yola salmaq bəhanəsiylə 47 tam orta məktəb direktorunun hər birindən 50 manat, 40 əsas məktəb direktorunun hər birindən 30 manat, ibtidai məktəb direktorlarının hər birindən 20 manat pul alır” – bu sözləri ötən gün Reportyorların Azadlıq və Təhlükəsizlik Institutunda mətbuat konfransı keçirən Eldar Cəfərov dedi. Deyir ki, 5 il direktor işləməyən adam heç bir halda Təhsil Şöbəsinin müdiri ola bilməz. Onun sözlərinə görə, təsadüfi adamların vəzifəyə təyin olunmasının nəticəsində rayonun Laman məktəbində bir neçə aydır direktor məktəbə gəlmir: “Rayondakı 16 uşaq bağçası müdirinin hər biri postunu qorumaq üçün ona 1000 manat verməyə məcbur edilib. Halbuki, uşaq bağçalarının, demək olar, əksəriyyəti çox formal fəaliyyət göstərir. Bu uşaq bağçalarına verilən ərzaq və inventar pulunun əksər hissəsi həmin uşaq təşkilatına çatmamış mənimsənilir. Hər bağça qrupu üçün ayrılan 500 manat pulun necə xərcləndiyini bilən çətin tapılar. Bu isə bir ayda 5-6 min manat pul edir. Elə Balaşirin Nəsirovun öz həyat yoldaşının rəhbərlik etdiyi Mastail kəndindəki uşaq bağçasındakı biabırçı vəziyyət onun bu sahəyə necə təmənnalı münasibət göstərdiyinə nümunədir. Iş orasındadır ki, Təhsil Nazirliyinin razılığı olmadan təkcə bu il Lerik rayonunda 25 müəllimi işə götürüb. O cümlədən, nazirliyin keçirdiyi test imtahanlarında lazımi qədər bal yığa bilməyən Cəsur Həmzəyev 3 min manat müqabilində Laman kənd məktəbinə müəllim təyin edilib”.
Eldar Cəfərov rayonun Züvüç kənd orta məktəbində 13 ibtidai sinif müəllimi çalışdığı halda, heç bir zərurət olmadan 2500 manat müqabilində 14-cü müəllimi də həmin məktəbə işə qəbul etdiyini vurğulayır: “Balaşirin Nəsirov Mastail kənd bələdiyyəsinin sədri işləyərkən xeyriyyəçilərin vəsaiti hesabına təmir olunan yolu bələdiyyənin çəkdiyi yol kimi sənədləşdirib, həmin pulları mənimsəmişdir. Lerik Peşə Məktəbində işlədiyi 7 ay müddətində avadanlıq və təmir adı ilə 40 min manat pulun əksər hissəsini şişirdilmiş rəqəmlər hesabına silmişdir”.
“Rayon təhsil işçilərinin həmkarlar təşkilatına daxil olan üzvlük haqları da Balaşirin Nəsirovun qazanclarına daxildir. Belə ki, hər ay toplanan 6 min manat üzvlük haqqının ən azı 2 min manatı Balaşirin Nəsirova çatır.
2010-cu ilin sonlarında məktəblərin təmiri üçün ayrılmış 50 min manat pulu o, heç bir təmir işi görülmədən saxta sənədlərlə, yaxını, satıcı işləyən Süleyman Rzayevin bank hesabına köçürüb” – deyə Cəfərov qeyd edir.
Ölkə başçısından tutmuş MTN, Milli Məclis və Baş Prokurorluğa məktublar yazan E.Cəfərovu Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə Idarəsində qəbul ediblər. Yazdıqlarını araşdırmaq üçün materialları Maliyyə Nazirliyinə yollayıblar. Maliyyə Nazirliyinin yoxlaması Lerikə gələn ərəfədə hansı güclü əlin sayəsindəsə yoxlama yubadılıb. Şikayətini geri götürmək üçün rayon prokurorundan tutmuş digər əlaqədar təşkilatların rəhbərlərinə qədər ona təzyiqlər və şirnikləndirici təkliflər etməyə başlayıblar. Onun dediyinə görə, rayon prokuroru ona xatırladıb ki, bu işlər dəqiq araşdırılsa, Lerikdə 30-40 adam həbs olunmalıdır.
Mətbuat konfransında iştirak edən Balaşirin Nəsirovun bacısı Səmayə Nəsirova deyir ki, Mastail kəndində uşaq bağçasında işləyirmiş: “Bağçada gözətçi və süpürgəçi idim. Bu iki işin birinin pulu mənə, o birinin pulu isə Balaşirinə çatırdı. Qardaşım olduğu üçün bir söz demirdim. Sonra məni və gəlinimi ciddi əsas olmadan işdən uzaqlaşdırdı. Həyat yoldaşı Təranə bağçanın müdiridir. Gözünə xoş görünənləri işdə saxlayır, xoşuna gəlməyənləri kənarlaşdırır”. 
Başqa bir sakin – Nurxanım Məmmədova oğlu Beyrək Əliyevi Mulalan kəndində məktəbə düzəltmək üçün B.Nəsirova 1000 manat rüşvət verdiyini deyir: “Nə oğlumu məktəbdə işə düzəltdi, nə də pulumu qaytardı. 1000 manatı tələb edəndə otağından qovdu”.
Sakinlər deyirlər ki, Balaşirin Nəsirovun arxasında rayonun icra başçısı Rövşən Bağırov dayanır.
Maraq üçün qeyd edək ki, Balaşirin Nəsirovun yaşadığı evin qapısında lövhə vurulub: “Bu evdə Lerik Təhsil Şöbəsinin müdiri Nəsirov Balaşirin Ağamirzə oğlu yaşayır”.
Mətbuat konfransında səsləndirilən ittihamlara Balaşirin Nəsirovun fikirlərini öyrənmək istəsək də, cəhdlərimiz səmərə vermədi. Onun da mövqeyini dərc etməyə hazırıq…

Ramin DEKO