Hakimiyyət bu il 10-dan çox gənci həbsə atıb

Leyla Yunus: «Gənclərlə bağlı yeni dövlət proqramı qanı axan yaranın üzərinə bəzəkli yaylıq atmağa bənzəyir»

«Bu hökumətdə nə komanda, nə strategiya, nə də taktika var»

Azərbaycan prezidenti gənclərlə bağlı yeni dövlət proqramı imzalamağa hazırlaşır. “2011-2015-ci illər Azərbaycan gəncliyi” adlanan bu proqram Azərbaycan gənclərinin rifahını yaxşılaşdırmağa hesablanıb. Amma qəribəsi odur ki, bir tərəfdən gənclər üçün xüsusi proqramlar hazırlayan hökumət, o biri tərəfdən ölkənin ictimai-siyasi həyatında aktiv rol oynayan, sosial şəbəkələrdə fəallıq edən, bir sözlə, sözünü deməkdən çəkinməyən gəncləri həbsə atır.
Elə 2001-ci il başlayandan 50-yə yaxın ictimai-siyasi fəal azadlıqdan məhrum edilib. Onlardan bir neçəsi məsələn, – Cabbar Savalanlı, Bəxtiyar Hacıyev barəsində artıq məhkəmə hökmü də var. Yerdə qalanların işi üzrə istintaq gedir və onlarla da bağlı hökm çıxarılacağı istisna deyil. Bu gənclərin arasında AXCP fəalları Məhəmməd Məcidli, Elnur Məcidli, Müsavat fəalları Tural Abbaslı, Rüfət Hacıbəyli, Əhəd Məmmədli, Elşən Həsənov, bitərəflər Elnur Israfilov, Ülvi Quliyev də var. Istər müxalifətin son mitinqlərində, istərsə də mayın 6-da keçirilən hicab aksiyasında həbs edilənlərin əksəriyyəti gənclərdir.
Dövlət və onun rəhbərliyi isə siyasi əqidəsindən və dini etiqadından asılı olmayaraq bütün vətəndaşlara, eləcə də gənclərə eyni gözlə baxmalıdır. Hakimiyyətin tərəfdarlarına bütün imkanları yaradıb, əks fikir söyləyənləri məhbəsdə çürütməməlidir. Maraqlıdır ki, gənc blogerlər Adnan Hacızadə və Emin Milli həbs olunarkən məsələyə hətta ABŞ rəhbərliyi səviyyəsində müdaxilə edilmiş, bu həbslərə görə hökumətin başı çox ağrımışıdı. Belə olan halda bu qədər gənci həbs etmək hakimiyyət üçün daha ağır nəticələrə səbəb olmayacaqmı?
Azərbaycan hakimiyyətinin gənclərə düşmən olduğunu deyən hüquq müdafiəçisi Leyla Yunus hesab edir ki, iqtidarın prosesləri analiz etmək qabiliyyətində olan komandası yoxdur: “Hökumətdə düşünən, analiz edən komanda olmalıdır. Bizim hökumətin işinə baxanda görürəm ki, orada nə komanda, nə strategiya, nə də taktika var. ”Ağa dedi sür dərəyə” şüarı ilə işləyirlər. Yalnız problem yaranandan, böyüyəndən sonra düşünürlər ki, onu necə həll edək, bu çaladan necə çıxaq? Çıxmaq istəyəndə də, o biri çalaya düşürlər. Azərbaycan vətəndaşları orta əsrlərdəki kimi yaşayırlar – hüquqsuz qul kimi. Bu sistemə qarşı çıxanları da amansızlıqla cəzalandırırlar”.
L.Yunusun sözlərinə görə, ölkəni inkişaf etdirməyə çalışan, onun ağrı-acılarını dilə gətirən gənclər həbsə atılır: “Azərbaycanda alternativ informasiya mənbələri yox səviyyəsindədir. Əhali arasında kütləvi şəkildə yayılan əsasən televiziyalardır ki, onlar da hökumətin birbaşa nəzarətindədir. Belə olan halda gənclər alternativ və obyektiv informasiya əldə etmək üçün internetə axın etməyə başladılar. Bundan duyuq düşən hökumət də blogerlərə, fəal gənclərə qarşı hücuma keçdi. Gənclərin obyektiv informasiya almaq və yaymaq imkanlarını iflic vəziyyətə salmağa çalışırlar. Bir dövlət üçün ən yaxşı sərmayə gənclərin təhsilinə qoyulan sərmayədir. Bizdə buna əhəmiyyət verən yoxdur. Xaricdə təhsil alıb özünü inkişaf etdirən və qayıdandan sonra öz cəmiyyətini inkişaf etdirməyə çalışanlar isə repressiyalara məruz qalır. Harvard kimi dünyanın nüfuzlu təhsil ocağının məzunu olan Bəxtiyar Hacıyevə məhz vətəndaş mövqeyinə görə 2 il həbs verdilər. Bu gəncləri öz ölkələrini irəli aparmaq istədikləri, millətin ağrılarını çəkdikləri üçün cəzalandırırlar. Cabbar Savalanlı, Bəxtiyar Hacıyev, Ruslan Bəşirli, Elnur Məcidli Azərbaycanın faəl gənclərinin hansı vəziyyətlə üzləşdiyinin bariz nümunəsidir”.
Hüquq müdafiəçisi gənclərlə bağlı imzalanacaq dövlət proqramının da imitasiya xarakterli olduğunu deyir: “Insan alverinə qarşı, korrupsiyaya qarşı mübarizə proqramlarını yada salaq. Bunların hansı fayda verdi, heç biri. Əksinə korrupsiya üçün yeni imkanlar açdı. Bu, qanı axan yaranın  üzərinə bəzəkli yaylıq atmağa bənzəyir. Halbuki yaranı sağaltmaq lazımdır”.