bbc-tv

“Eurovision-2012”in siyasi yorumu bu dəfə BBC-dən

“Yarışmanın Bakıda keçirilməsi ölkədə islahatların aparılmasına müsbət təsir göstərə bilər”

“Azərbaycan həm də insan haqlarının məhdudlaşdırılmasına görə dünyanın diqqət mərkəzində olacaq”

“BBC” media korporasiyasının Cənubi Qafqaz üzrə xüsusi müxbiri Demiyan Makkuinz Azərbaycanın “Eurovision-2011” yarışmasında qalib olması haqda müəllif yazısı ilə çıxış edib. Xüsusi müxbir məqaləsində Azərbaycanda insan haqları və söz azadlığının bərbad durumda olmasına da diqqət çəkib, Azərbaycan hakimiyyətinin alternativ fikirlərə aqressiv münasibət göstərdiyini qeyd edib.

Demiyan Makkuinz yazır ki, “Eurovision”da qələbə qazanmaq Azərbaycana öz mədəniyyətini, tarixi ənənələrini dünyaya tanıtdırmaq şansı verib. Amma keçmiş SSRİ ölkəsi, təbii ehtiyatlarla zəngin Azərbaycan həm də insan haqlarının məhdudlaşdırılmasına görə dünyanın diqqət mərkəzində olacaq.

“Freedom House” təşkilatının hesabatında Azərbaycan mətbuat azadlığının səviyyəsinə görə 191 ölkə arasında 171-ci yerdə dayanır. Mart və aprel aylarında hakimiyyətə qarşı dinc aksiyalar zamanı yüzlərlə müxalifət tətərəfdarı təhlükəsizlik qüvvələri tərəfindən həbs olundu. “Amnesty International” beynəlxalq hüquq-müdafiə təşkilatı həbs olunan müxalifətçilərə qarşı irəli sürülmüş ittihamların uydurma və qurama olduğunu bəyan etdi. İyirmi yaşlı gənc fəal Cabbar Savalanlı “Facebook” sosial şəbəkəsində hakimiyyət əleyhinə dinc aksiyalara start verilməsiylə bağlı çağırışlar etdiyi üçün həbs olundu. Barəsində narkotik maddələrdən istifadə ittihamı ilə 2 il 6 ay həbs qərarı çıxarıldı”, – deyə Makkuinz vurğulayır.

“BBC”nin xüsusi müxbiri bildirir ki, Qərb ölkələri və beynəlxaq hüquq-müdafiə təşkilatları “Eurovision” yarışmasının Bakıda keçirilməsinin Azərbaycanda qanunun aliliyinin bərpasına, ölkədə siyasi-iqtisadi islahatların aparılmasına müsbət təsir göstərəcəyinə ümid edir.

Demiyan Makkuinz Əliyev iqtidarının beynəlxalq ictimaiyyətlə açıq qarşıdurma vəziyyətində olduğunu da vurğulayıb. Müəllif Azərbaycan hakimiyyətinin insan haqları və demokratiyanın məhdudlaşdırılması haqda beynəlxalq ictimaiyyətin ittihamlarını qəbul etmədiyini xatırladıb: “Avropa Parlamenti və Avropa İnsan Haqları Məhkəməsinin sərt qərarlarına Azərbaycan hökuməti məhəl qoymayıb. Lakin Qərb güman edir ki, Azərbaycan hakimiyyəti musiqi yarışmasına zərər gətirəcək beynəlxalq təzyiqlərdən yayınmaq üçün müəyyən islahatlar həyata keçirəcək”.

Siyasət şöbəsi