Azərbaycana Rusiyadan ərazi iddiası

Bu dəfə də «Qırmızı Kürdüstan» adı ilə Azərbaycan ərazisinə iddia edildi

İddia müəllifləri Rusiya prezidentinə müraciət etdilər

Özünü kürd əşirət başçılarının varisi elan edən Şeyx Rəşid Manafoviç Kakoyev Rusiya prezidenti Dmitri Medvedevə müraciət edərək, Azərbaycan, Gürcüstan və Ermənistan ərazilərinin hesabına “Qırmızı Kürdüstan” adlı dövlət yaratmaq işində onlara yardım etməyi xahiş edib. Kakoyev bu müraciəti Rusiyada mühacir kimi yaşayan kürdlərin adından imzaladığını bəyan edir. Müraciət müəllifləri iddia edirlər ki, Vladimir Lenin 1923-cü ildə Qırmızı Kürdüstan adlı dövlətin yaradılması üçün dekret versə də, sonralar bu ideya davam etməyib.
Müraciət müəllifləri hər üç Cənubi Qafqaz respublikasında kürdlərin hüquqlarının pozulduğunu iddia etsələr də (“Hər üç respublikada kürdlərin genosidi, onların məhv edilməsi” şəklində bəyanat verilir) “Qırmızı Kürdüstan” adlı dövlətin yalnız Azərbaycan ərazisində yaradılmasına iddia edirlər.
Müraciət müəllifləri Medvedevdən xahiş edirlər ki, Rusiya Abxaziya və Osetiya ərazisinə müdaxilə etdiyi kimi, “Qırmızı Kürdüstan”a da rus torpağı kimi müdaxilə edə bilər və onlar bunu “tarixi ədalətin bərpası” sayırlar.
Maraqlıdır ki, bolşeviklərin hakimiyyətinin ilk illərində Sergey Mironoviç Kirovun avantürası sayəsində Azərbaycanın qərb rayonları həqiqətən də “Qırmızı Kürdüstan” adı ilə birləşdirilmişdi. Amma bu əraziyə hətta mədəni-muxtariyyət də verilməmişdi. Çünki 1929-cu ilin sorğusunda məlum olmuşdu ki, Azərbaycan ərazisində (“Qırmızı Kürdüstan” adlandırılan bu ərazidə) yaşayan 41,2 min əhalinin yalnız 17 faizi kürd dilini ana dili hesab edir. Buna görə də, hətta bolşeviklər də “qırmızı kürdüstan” avantürasının yolverilməz olduğunu başa düşərək, bu ideyadan vaz keçməyə məcbur oldular.
Indi isə həmin tarixi “bekarçılıq” səhvindən ilhama gələn hansısa elementlər Azərbaycanın Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan və Cəbrayıl rayonlarının hesabına Kürdüstan adlı dövlət yaradıb, onu Rusiyaya ilhaq etmək ümidilə bəyanatlar verirlər.
Üstəlik, o da maraqlıdır ki, bu adamlar Azərbaycanda kürdlərə qarşı xüsusi repressiyaların həyata keçirildiyini iddia edirlər. Ən azı, dövri mətbuatdan bəllidir ki, Azərbaycanda kürdlərin xüsusi imtiyazları var və yerli kürd mafiyası ölkədəki sərvətlərin, siyasi imtiyazların əhəmiyyətli hissəsini öz əlində cəmləşdirib.
Nəticə bundan ibarətdir ki, Azərbaycan öz torpaqlarına sahiblik edə bilmədikcə, dövlət hakimiyyəti ölkənin ərazi bütövlüyünü təmin etmək əvəzinə ölkə üçün təhlükəli regional siyasi intriqalarla məşğul olduqca, başqaları bu torpaqlara iddia etməyə başlayırlar.

İnformasiya şöbəsi