Məhəmməd Talıblı: «Dünya Ticarət Təşkilatına üzvlük idxal və ixracda əsas söz sahibi olan inhisarçı-məmurların maraqlarına cavab vermir»
Azərbaycanın Dünya Ticarət Təşkilatına üzv olmaması ölkənin maraqlarına cavab vermir. Bununla belə hökumət bu addımı atmağa tələsmir. Hətta azad ticarət haqqında sazişin əldə olunmasına dair danışıqlar başlamayıb. Avropa Komissiyasının Bakıdakı nümayəndə heyətinin rəhbəri Rolan Kobia bildirib ki, bu cür saziş Azərbaycanın 6 min adda malı rüsumsuz ixrac etməsinə imkan verəcək.
Onu da qeyd edək ki, Azərbaycan bu quruma üzv olmaq üçün 1997-ci ildə müraciət edib. Bir il sonra müraciət edən Gürcüstan və Ermənistan qısa müddətdə Dünya Ticarət Təşkilatına üzv oldu. Bəs ölkə iqtisadiyyatı və ilk növbədə istehlakçılar üçün geniş imkanlar açacaq bu addım niyə gecikdirilir?
Iqtisadçı-ekspert Məhəmməd Talıblı Azərbaycanın bu vaxta qədər quruma üzv olmamasının bir sıra obyektiv və subyektiv səbəblərinin olduğunu bildirdi. Obyektiv səbəblərdən biri odur ki, müəyyən şərtlərə, azad ticarət sazişlərinə, Dünya Ticarət Təşkilatının prinsiplərinə uyğunlaşmaq üçün zaman lazım idi. Lakin ötən müddət bu problemləri aradan qaldırmaq üçün kifayət edirdi. Subyektiv səbəb isə inhisarçıların maraqları ilə bağlıdır. Belə ki, Dünya Ticarət Təşkilatına üzvlük idxal və ixracda əsas söz sahibi olan inhisarçı-məmurların maraqlarına cavab vermir.
Digər bir səbəb isə ölkənin bu quruma hansı statusla daxil olmasıdır. Ekspertin sözlərinə görə, rəsmilər Azərbaycanın inkişaf etmiş dövlət olduğunu desə də, quruma inkişaf etməkdə olan ölkə kimi üzv olmaq istəyirlər. Dünya Ticarət Təşkilatı isə Azərbaycanın bu quruma inkişaf etmiş ölkə statusu ilə qəbul olunmasının tərəfdarıdır: “Azərbaycan quruma inkişaf etməkdə olan ölkə stasusu ilə daxil olsa, müəyyən güzəştlər alar. Konkret olaraq aqrar sahədə büdcədən subsidiyalaşma ilə bağlı tətbiq olunan limitlər var. Əgər Azərbaycan Dünya Ticarət Təşkilatına inkişaf etməkdə olan ölkə statusu ilə daxil olsa, ümumi subsidiyaların 10 faizini aqrar sektora ayıra bilər. Inkişaf etmiş ölkə statusu ilə daxil olsa, bu, 5 faizdən artıq ola bilməz. Ölkə başçısı bir neçə dəfə bəyan edib ki, Azərbaycan artıq keçid dövrü yaşayan dövlət deyil. Bu baxımdan artıq ona inkişaf etmiş statusu vermək olar. Digər tərəfdən, Azərbaycanın özü kreditor rolunda çıxış edir. Bu, Dünya Ticarət Təşkilatına inkişaf etmiş dövlət statusu ilə daxil olmaq imkanı verir”.
Ekspert bu quruma üzvlüyün ölkə üçün faydalı olduğunu da vurğuladı. Belə ki, Azərbaycanda istehlakçılar ucuz və keyfiyyətli məhsuldan istifadə edə bilirlər. 6 min adda məhsul və xidmətlərdən istifadə ilə bağlı ticarət sazişləri imzalanacaq. Eyni zamanda ticarət tərəfdaşları ilə hər hansı bir problemli vəziyyət yaranarsa, Dünya Ticarət Təşkilatının nəzdində fəaliyyət göstərən konfliktlərin idarə olunması departamenti vasitəsilə ticarət münaqişəsi həll olunacaq. Bunun üçün müəyyən mexanizmlər var.
Ekspert Azərbaycan hökumətinin Dünya Ticarət Təşkilatına üzv olması üçün heç bir ciddi maneənin olmadığını deyir. Azərbaycan sanki özü bu quruma üzv olmaqdan imtina edir.
Fizzə