Qələm oğrusu qələm sahiblərini oğurlayanların ölkəsində

Uzaq keçmiş deyil. Cəmi bir ay əvvəlin söhbətidir. Çexiya prezidenti Vaslav Klaus Çiliyə rəsmi səfəri zamanı oğurladığı qələmlə dünyanın gündəminə oturmuşdu. Hətta bizim YAP-çılar inciməsələr deyərdim ki, bir andaca dünya şöhrətli siyasətçi olmuşdu.

Klausun qələm oğurluğu isə eynən belə baş vermişdi: Çexiya prezidenti Çilidən olan həmkarı ilə protokol imzalamaq üçün masanın arxasına keçir. Öndə jurnalistlər oturub, kameralar yan-yana düzülüb. Çili prezidenti Avropa və Latın Amerikası ölkələri arasında əlaqələrin inkişafından üyüdüb-tökdüyü yerdə jurnalistlər bir də baxıb görərlər nə? Çexiya prezidenti masanın üzərindəki qələm qabını açdı, oradan ehmalca bir qələm götürdü, onu sol əli ilə cibinə dürtdü, sonra hər iki əlini masanın üzərinə qoydu və heç nə olmamış kimi, davam etdi.

Olay kameraların yaddaşına köçmüşdü, çox keçmədi internet saytlarında peyda oldu, “Youtube”də ən çox izlənənlər siyahısına girdi. Çexiya prezidenti bir andaca “qələm oğrusu” deyə dünyanın dörd bir yanında dillərə dastan oldu. Hətta Azərbaycanda – neft oğrularının ölkəsində belə, “qələm oğrusu” prezident haqqında xəbər bütün saytları, telekanalları, qəzet səhifələrini bəzədi.

Işin böyüdüyünü görüncə, Vaslav Klausun sözçüsü çıxdı, mətbuata açıqlama vermək zorunda qaldı. “Rəsmi səfərlər zamanı hər hansı sənədin imzalandığı qələmi götürməkdə qeyri-adi və cinayət tərkibli heç nə yoxdur, hətta bu, bir ənənədir” dedi. Amma nə yazıq ki, iş işdən keçmişdi. Vaslav Klaus bundan sonra bir qələm fabriki açsa, orada buraxdığı qələmləri də dədəsinin ehsanı olsun deyib, cümlə-cahana pulsuz-parasız paylasa belə, artıq qatar getmişdi. Adam artıq tarixə Çexiya prezidenti olmaqdan çox, “qələm oğrusu” kimi düşmüşdü.

Indi o “qələm oğrusu” prezident Azərbaycanda rəsmi səfərdədir. Sosial şəbəkələrdə, internet sitələrində Klausun ölkəmizə gəlişi şərəfinə məşhur və məşum olay yenidən xatırlanır, onun Bakıda da qələm oğurlayıb-oğurlamayacağı müzakirə olunur. Sanki nefti oğurlayanlardan qələm oğurlamaq mərifətsizlik-zaddır. Ən əsası, nədənsə unudulur ki, 18 ildir bu ölkədə qələm oğurluğu adi haldır, həyat hadisəsidir, normadır. 18 ildə bu ölkədə nə qədər cəsur, qorxmaz, tənqidçi, müxalif qələmləri oğurladı bu rejim. O qələmlərin çoxu sonradan rejimin yandaş qəzetlərində, saytlarında, agentliklərində peyda oldu, dünən yazdıqlarının bu gün tam əksini yazmağa başladı.

Yalnız qələmləri oğurlasalar, yenə dərd yarıydı. Qələm sahiblərini belə, oğurlamağa girişdilər. Bir qələm sahibini torbaya qoyub oğurlamış, aparıb bir gölün qırağına atmış, ayağının üstündən də maşın sürmüşdülər. Bir başqa qələm sahibinin isə təzəlikcə başına torba keçirib oğurlamışdılar, şəhərdən kənara aparıb yaxşıca əzişdirmiş, “ağıllı” olmasını məsləhət görmüşdülər.

Bütün bunlardan sonra Vaslav Klausu xor görməyə çalışmaq, ona “qələm oğrusu” deyə ironiya etmək nadanlıqdır, haqsızlıqdır. Ən yaxşısı, onun qələm oğurladığı Çilidən sonra niyə məhz Azərbaycana səfərə gəldiyinə diqqət etməkdir.

Işin maraqlı, maraqlı olduğu qədər də mistik tərəfi budur, məncə…

“Eurovision” qələbəsinə sevinməyimin tək səbəbi

Ilk günlər “Eurovision”da Azərbaycanın birinci olmasına heç, amma heç sevinmədim. Çünki mən bir ədalətli məhkəmə qərarından sevinməyin, işğaldakı bircə qarış da olsa torpağın azad edilməsindən sevinməyin, bir azad seçki keçirilməsindən sevinməyin mümkün olmadığı ölkədə bir şou yarışında birinci olmağımıza sevinməyi yumşaq desəm, cahillik sayıram.

Amma indi “Eurovision”dakı qələbəyə sevinmək üçün bir əsas tapmışam: baxın, dostlar, onsuz da bunlar hər il “Eurovision” mövzusu ilə başımızı-beynimizi xarab edirdilər. Ancaq görəcəksiniz, bu il Avropanın manıs çempionu olmağımızdan elə əttökən şou düzəldəcək, işin elə şitini-şorunu çıxaracaqlar, artıq bundan sonra “Eurovision” deyiləndə hər kəsin içi bulanacaq, ürəyi qalxacaq. Öz bayağı təbliğatları, düşük, mənasız şou kampaniyaları ilə özləri gözdən salacaq bu yarışmanı. 
Bax, buna sevinməyə dəyər.