“Ölüm qaşla göz arasındadır”. Bəlkə daha da yaxın… Sıralarımıza girib gözdən yayındırıb apardığı insanları saxlayacaq gücümüz yox. Nə qədər hüznlü, kədərli olsa da, bu Allah əmri qarşısında hər kəs susmağa məcbur. Amma o, özü bu gerçəyi gözəlliklə qəbul etmişdi. “O, ölüm haqqında heç düşünmürdü. O, bir kəlmə də olsun xəstəliyindən şikayət etmirdi. O, həyatından çox, razı idi…”. Bu sözləri sənətşünas Məryəm Əlizadə yaxın dostu Vaqif Ibrahimoğlu haqqında deyir. Ankaranın Qazi xəstəxanasında keçirdiyi ömrünün son aylarında rejissoru tək buraxmayan yaxın dostları arasında Məryəm xanım da olub. Onun Vaqif bəy haqqında xatirələri də kədərdən çox işıqla doludur: “Onun palatası türklər üçün Azərbaycan teatrı kimi idi. Türkiyənin müxtəlif şəhərlərindən onun yanına gəlirdilər. Onu türk sənətçiləri ziyarət edirdi. Düşünürəm ki, Vaqif doğrudan da xoşbəxt insandır. Baxmayaraq ki, sağalmaz xəstəliklə mübarizə aparırdı, amma onun siması daim gülüşlə dolu idi…”.
Mən başqa cür ola biləcəyini də düşünməzdim. Çünki o, öz tamaşalarıyla həyat və ölüm fəlsəfəsini bizə anladan bir insandı. Tamaşalarında qafilləri qəflətdən oyatmaq, Aşıq Veysəlin “uzun incə bir yol”una işıq salmaq istəyirdi.
Onu Azərbaycan teatrının ən fərqli, intellektual düşüncəli və yenilikçi simalarından biri kimi tanıyırdım. Zamanında bir çox tamaşalarının premyeralarına baxmışam, özüylə maraqlı söhbətlərimiz olub. Vaqif bəy çox fərqli, eyni zamanda da çox “çətin” müsahibdi. Həmsöhbətinin nə dərəcədə anlayışlı olması bəlkə də ən önəmli şərtdi onun üçün. Jurnalistlərə açıq bir sənətçi olsa da, “dərədən-təpədən” danışmağa, şablon sualları cavablandırmağa dözümsüz biriydi.Mən həmişə Vaqif bəyin “Yuğ”una Azərbaycan teatrında yeni bir cərəyan kimi baxmışam. Doğrudur, tamaşaları haqqında yüksək fikir söyləyənlər də olub, fərqli tərzini, yeni tapıntılarını “hoqqabazlıq” kimi qiymətləndirənlər də. Şübhəsiz, özünün də bu fikirlərdən xəbəri vardı və onlara böyük hörmətlə yanaşırdı. Vaqif bəy dostyana adamdı. Ümumiyyətlə, onun kiminləsə intriqası, davası və ya küskünlüyü olduğunu heç eşitməmişəm.
Vaqif bəy sözün əsl anlamında teatr üçün doğulmuş bir şəxsdi. Onun bu işini haradasa kamil bir papaqçının işiylə müqayisə etmək olar. Həqiqətən də, onun “papaq tikdiyi” tələbələrin hər biri öz həmkarları arasında fərqlidir. Bu mənada o, Azərbaycan teatrına böyük qazanc gətirmiş sənətkarlardan sayılır. Vaqif Ibrahimoğlunun ölümünü yeniliyə və yenilikçiliyə tamarzı Azərbaycan mühitində ölkə üçün böyük itki sayıram. Həqiqətən də, onun uzun yaşamından teatr sənətimiz çox qazanardı. Amma yəqin ki, o, heç bu barədə düşünməmişdi də. Ömrü və gücü çatdığı yerə qədər bacardığını vicdanla etmişdi. Dostlarının dediyi kimi, ölümü düşünmədən etmişdi. Çünki həyat və sevgi dolu biri olaraq o, arın-arxayın yoluna davam etməkdə idi. Ölümün də mütləq öz vaxtında gələcəyini bilirdi…
Internetdə rejissorun dəfn mərasimindən çox təsirli bir foto yayılmışdı. Bu, üzünü əlləriylə tutub ağlayan böyük şairimiz, rejissorun dostu Ramiz Rövşənin fotosu idi. O mənzərəyə baxarkən, qeyri-ixtiyari şairin bu məşhur misraları gəlir insanın ağlına. “Mən öləndə ağlamağa bütün dostlar sağ ola kaş…”.