Məhbus hüquq müdafiəçisi

«Vidadi haqq-ədalət uğrunda mübarizə apardığına görə, onu tutdular»

«Ədalət uğrunda mübarizə aparan insanlar üçün inildəməyə dəyməz, çünki bu insanlar qəhrəmandırlar»

Ailəsi, 2 məktəbli qızı onun ad gününü təbrik etməyə hazırlaşdığı bir vaxtda hakimiyyətdən çoxdan gözlədiyi “hədiyyəni” aldı. Mayın 2-də tanınmış hüquq müdafiəçisi, Ictimai Palatanın üzvü Vidadi Isgəndərlinin 49 yaşı tamam olurdu. 17 aprel mitinqində iştirakına görə ona verilən 15 sutkalıq inzibati həbs də həmin gün başa çatırdı. Ancaq onu evinə gəlməyə qoymadılar. Ötən ilin noyabrında keçirilmiş parlament seçkisində iştirak qaydalarını pozmaqda, seçki komissiyasının işinə müdaxilədə təqsirləndirərək, ilkin istintaq müddəti kimi, barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçildi.
Vidadi Isgəndərli son seçkidə Göyçaydan müstəqil namizəd idi. Seçki günü onun haqqının oğurlandığını sübut edən video-roliklər indinin özündə də müxtəlif internet resurslarında dolaşır. Günümüzün gülünc tərəfi də budur ki, indi oğrunu yox, oğurluğu görənləri, onları ifşa edənləri cəzalandırırlar…

Qısa bioqrafiya

Vidadi Isgəndərli 1962-ci ildə Göyçayda ziyalı ailəsində doğulub. Ailənin sonbeşiyidir. Isgəndərli ailəsi 4 qardaş, 3 bacıdan ibarətdir. O, orta məktəbi rayonda bitirdikdən sonra Gürcüstan və Ermənistanda hərbi xidmət edib. Xidmətdən sonra Ukraynaya (Xarkova) işləməyə gedib. Bir qədər işlədikdən sonra orada hüquq təhsili alıb. 1988-ci ildən başlayaraq mühum işlər üzrə müstəntiq işləyib. 1992-ci ildə Azərbaycana qayıdan Vidadi Isgəndərli prokurorluqda çalışmağa başlayıb.
2003-cü ilədək o, prokurorluq sistemində müxtəlif məsul vəzifələr tutub. 2003-cü ildə hüquq-mühafizə orqanlarıyla yolu ayrılan Isgəndərli 2006-ci ilin sonunda “Demokratiyanın Inkişafına Kömək” Ictimai Birliyini yaradıb və dərhal hüquq müdafiəçisi kimi, aktiv hüquq müdafiəçiliyilə məşğul olub. O, ölkədə kifayət qədər səs-küylü proseslərdə hüquq müdafiəçisi kimi iştirak edib, çoxlarının ehtiyatlanıb geri çəkildiyi işləri öhdəsinə götürüb. Yüzlərlə insanın hüquqlarının bərpası üçün çalışan Isgəndərli, fəaliyyəti dövründə daim inzibati orqanların təzyiqi altında olub, sifarişlə müxtəlif vaxtlarda məhkəmələrə çəkilib.

Elçibəy və Isgəndərli ailəsi

Onun xudmani iş otağının divarlarını müxtəlif fotolar bəzəyir: anasının, qızlarının və Milli Azadlıq Hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin. Divardan Əbülfəz bəyin iki iri portreti asılıb…
Oqtay bəy Vidadi Isgəndərlinin Göyçayda yaşayan böyük qardaşıdır. O, hazırda qardaşının ailəsinin qayğıları ilə məşğul olmaq üçün Bakıdadır. Oqtay bəy bizimlə söhbətində Isgəndərlilər ailəsinin Əbülfəz Elçibəylə bağlı zəngin və uzaqlara gedib çıxan tarixçəsindən danışır. Bəlli olur ki,  Vidadi bəyin böyük qardaşı Isfəndiyar Elçibəylə yaxın dost olub. Elçibəy 1976-ci ildə həbsdən çıxandan sonra dincəlmək üçün məhz onların ailəsini seçib: “O vaxt mən də, Vidadi də məktəbli idik, 6-7-də oxuyurduq. O zaman Əbülfəz bəy bizə müstəmləkədən, imperiyadan maraqlı söhbətlər edirdi. Uşaq da olsaq, onun fikirləri hər birimizi təsirləndirirdi, düşündürürdü. Sonralar da ailəmizin Əbülfəz bəylə daim əlaqəsi olub. Vidadinin milli-demokratik düşüncəsinin formalaşmasında Elçibəyin inkarolunmaz rolu var”.

O, komandan olmalıydı…

Qardaşı deyir ki, Vidadi lap uşaq vaxtlarından təşəbbüskarlığı və təşkilatçılığıyla seçilib: “Onun toyunda dostlarından biri dəqiq fikir işlətdi ki, ”Vidadinin yolu prokurorluğa səhv düşüb. Bu adam hərbçi komandan olmalıydı ki, tezliklə mükəmməl ordu birləşməsi təşkil edib düşmənin üstünə getsin”.
Vidadi ona görə həbs edildi ki, o, “yağlı və şirin” təkliflərə “yox” dedi. Onun həbsi siyasi xarakter daşıyır. Düzü, bir az sevinirik də ki, nə yaxşı, onu siyasi maddələrlə tutublar. Onu narkotiklə də şərləyə bilərdilər,  xuliqan da çıxara bilərdilər. Hüquq müdafiəçisi kimi fəaliyyətə başladığı gündən həbs təhlükəsi Vidadinin başının üstünü kəsdirib. Çünki o, açıq və cəsur fəaliyyət göstərib. Heç nədən, heç kimdən qorxmayaraq, qanunları ayaq altına atanları, cinayət törədənləri, insanların başına oyun açanları öz adı ilə çağırıb. Həbslə Vidadiyə neyləmək istəyirlər, anlamıram. Bu adam xalq yolunda şəhid olmağa hazır biridir”.

Haqq heç vaxt müdafiəsiz qalmır

Hüquq müdafiəçisinin həbsi onun namizəd olduğu dairənin seçicilərinin də etirazına səbəb olub. Oqtay bəy deyir ki, hər gün o, telefonuna gələn yüzlərlə zəngi cavablandırmaq məcburiyyətində qalır. Hamı da Vidadi Isgəndərlinin başına gətirilənlərlə bağlı narazılığını bildirir: “Adamlar çaş-baş qalıblar ki, haqq-ədalət uğrunda çalışan hüquq müdafiəçisini şərlə həbsə atırlar. Vidadinin həbsi insanlarda qəzəb yaradıb. Hamı ”soruşur ki, “biz nə kömək edə bilərik?” Məlumatım var ki, Vidadinin həbsində birbaşa maraqlı olan Göyçayın icra başçısı Mənsur Məmmədov nə qədər təzyiq göstərib qarşısını almağa çalışsa da, 500-dən çox adam prezidentə məktub yollayıb. Bu məktublarda Vidadinin günahsız həbs olunduğu göstərilir, onun azadlığa buraxılması tələb olunur. Imzatoplama kampaniyasını hələ də davam etdirirlər. Bütün bunlar böyük ictimai dəstəkdir və bir daha onu sübut edir ki, haqq heç vaxt müdafiəsiz qalmır”.
O, korrupsiyanın millətə zülm eləməsindən şikayətçiydi…
Vidadi Isgəndərlinin həyat yoldaşı Kəmalə xanım da məğrur ovqatdadır. Həyat yoldaşının tutduğu yola hörmətlə yanaşdığını bəyan edən Kəmalə xanım deyir ki, heç zaman Vidadinin fəaliyyətə görə məhrumiyyətlə yaşamasına təəssüflənməyib, peşmançılıq hissi keçirməyib: “Mən yaxşı bilirəm ki, o, haqq üçün çalışır, haqsızlıq üçün yox. Vidadi istəyir ki, ölkəmizdə azadlıq və firavanlıq olsun. Onu həmişə insanların ağır dolanışığı düşündürüb, uşaqların yaxşı təhsil ala bilməməsindən, korrupsiyanın millətə zülm verməsindən şikayətlənib. Mən həmişə onun bu fəaliyyətini dəstəkləmişəm, yenə də ailəsi Vidadinin arxasındadır, onunla birgədir”.

Uşaqları gözü yaşlı qoyanlar…

Kəmalə xanımın sözlərinə görə, Vidadi Isgəndərli ailəsini öz həbsinə hələ xeyli əvvəldən hazırlayırmış: “O da, mən də başa düşürdük ki, hər an həbs oluna bilər. Çünki Vidadini bir an da rahat buraxmırdılar. Ona görə bu həbs bizim üçün sürpriz olmadı. Biz buna hazır idik”.
Hələlik ailənin çətinliyi azyaşlı uşaqlara görədir. Vidadi Isgəndərlinin iki qızı var. Böyük qız Həbibə 3-cü sinfi bitirmək üzrədir. Ayla isə hələ məktəbə getmir. Anası deyir ki, Ayla olub-keçənlərdən hələ xəbərsizdir, ancaq Həbibə hər şeyi bilir. Əvvəlcə atasının həbsini ondan gizlətmək istəsələr də, özü internetdən bu barədə oxuyub və çox pis olub: “Bu həbs Həbibənin psixologiyasına ciddi zərbə vurub. Çalışırıq ki, onun yanında atası barədə danışmayaq, çünki Vidadinin adını eşidən kimi uşaq ağlayır”.

Məktubu yetişməyə qoymadılar

Ailə üzvləri hələ ki, Vidadi Isgəndərli ilə görüşə bilməyiblər. Hüquq müdafiəçisi oxumaq üçün evdən bir neçə hüquq ədəbiyyatı istəyib, lakin onları təcridxanada buraxmayıblar. Kitablar bir yana, balaca Həbibənin atası üçün yazdığı məktubu da ona çatdırmayıb, geri qaytarıblar. Bundan əsəbiləşən uşaq ağlayaraq məktubu cırıb.
“Biz əminik ki, Vidadini türmədə saxlamaqla sındırmaq olmaz. Bircə narahatlığımız onun səhhətilə bağlıdır. Şəkəri, qan təzyiqi var, həbsdən sonra onun bədənində allergiya yaranıb. Istəyirik ki, o, sağlamlığını qorusun və bizdən narahat olmasın” – deyir Kəmalə xanım.
Eyni taleyi yaşayan başqa siyasi məhbus ailələrinə üz tutub əlavə edir ki, ədalət uğrunda mübarizə aparan insanlar üçün inildəməyə dəyməz. Çünki bu insanlar qəhrəmandırlar və tezliklə onlar da, ölkə də azadlığa qovuşacaq.

Natiq