Siyasilər Avropa Parlamentinin sədrinin Bakı səfərindən nə gözləyir?
Avropa Parlamentinin sədri Yeji Buzek mayın 20-də Azərbaycana gələcək. Y.Buzek səfəri zamanı Azərbaycan rəsmiləri, vətəndaş cəmiyyəti və siyasi partiyaların nümayəndələri ilə görüşəcək. Vurğulanmalı məqam ondan ibarətdir ki, Avropa Parlamenti bir neçə gün öncə Azərbaycana qarşı ciddi iradların irəli sürüldüyü qətnamə ilə çıxış etmişdi. Və bir çox ekspertlərin fikrincə, bu cür sərt qətnamədən sonra Yeji Buzekin Azərbaycana səfəri təsadüfi deyil.
AXCP sədrinin müavini Razi Nurullayevin fikrincə, Y.Buzekin Azərbaycana səfərinin məqsədi bundan əvvəl qəbul olunan qətnamənin müddəalarını bir daha dövlət başçısının nəzərinə çatdırmaqdır. R.Nurullayevin sözlərinə görə, bununla Avropa Parlamenti Azərbaycanda gedə biləcək demokratik prosesləri üzbəüz müzakirəyə çıxarmaq istəyir: “Yeji Buzekin Azərbaycanla Avropa Birliyi arasında olan assosiativ üzvlük məsələsini də gündəmə gətirəcəyi gözlənilir. Azərbaycan bu məsələni müzakirə etsə də, hələ ona imza atmayıb. Ona görə də, Avropa Birliyi layihədə nəzərdə tutulan öhdəliklərlə bağlı heç bir təzyiq göstərə bilmir. Azərbaycanın bu sənədi tez imzalaması üçün ciddi danışıqlar aparılacaq”.
R.Nurullayevin fikrincə, diplomatın toxunacağı daha bir önəmli məsələ ölkəmizdə artmaqda olan siyasi məhbus problemi olacaq. Avropa Insan Hüquqları Məhkəməsinin Azərbaycanla bağlı çıxardığı hökmlərin bir daha xatırlanacağını gözləyən R.Nurullayev hesab edir ki, E.Fətullayevin də məsələsinə toxunulacaq: “Yeji Buzekin verəcəyi əsas bəyanatlardan biri yəqin bundan ibarət olacaq ki, Azərbaycan ciddi tənqid olunmasına baxmayaraq, Qərb Avropanın qapılarını ölkəmizin üzünə qapamaq niyyətində deyil. Avropa özünün maliyyə, iqtisadi və siyasi resurslarını ölkəmizin üzünə açmaq istəyir ki, Azərbaycan özünün standartlarını Avropaya uyğunlaşdırsın. Azərbaycan buna getməyəcəksə, o zaman ölkəmizlə bağlı daha ciddi qətnamələr qəbul oluna bilər”.
Ekspert Sülhəddin Əkbər isə vurğuladı ki, Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlığı zamanı üzərinə bir sıra öhdəliklər götürür ki, onların da icrası vacibdir. Eyni zamanda qarşı tərəfin də üzərinə bir sıra öhdəliklər götürdüyünü deyən S.Əkbər vurğuladı ki, ona görə Avropa Parlamenti Azərbaycan qarşısında mənəvi məsuliyyət daşıdığını hiss edir: “Avropa Parlamenti Azərbaycanla bağlı problemləri gündəmə gətirib. Təbii ki, bütün bu məsələlər Avropa Parlamenti sədrinin Bakıya səfəri zamanı xatırladılacaq və öhdəliklərin yerinə yetirilməsi tələb olunacaq. Yəni, sazişlər tərəfləri bir-birinə bağlayır və Azərbaycanda yaranmış vəziyyətə görə həm də beynəlxalq təşkilatlar məsuliyyət daşıyırlar”.
Xəyal