Mehdiyevin pulunu ödəmək üçün ev və böyrək satılır

Əvəz Zeynallı: «Hökumətə yaxın insanlar mənə mesaj yazdılar ki, Ramiz Mehdiyevdən üzr istəməsən səninlə dostluğumuz qurtardı»

 

“Ramiz Mehdiyevin ”Xural” qəzetini məhkəməyə verməsi həm də onun azad mətbuatın ünvanını göstərməsidir. Çünki bu ölkədə müstəqil mətbuatın sərhədlərini o qədər daraldıb, o qədər məhdudlaşdırıblar ki, onsuz da barmaqla sayılacaq qədər az müstəqil mətbu orqan qalıb” – bu sözləri “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı ötən gün keçirdiyi mətbuat konfransında səsləndirib.
Onun sözlərinə görə, Ramiz Mehdiyevin “Xural” qəzetinə qarşı qaldırdığı məhkəmə işinin iyunun 10-da bir ili tamam olacaq: “Bir il ərzində qəzet olaraq yaşadıqlarımız çox komikdir. Müəyyən yaxın adamlardan, millət vəkilləri, siyasətçilərdən tutmuş ən normal ünsiyyətdə olduğum insanlara qədər bu məsələdən sonra bir ehtiyatlanma, qorxu və vahimə hiss etdik. Hökumətə yaxın insanlar mənə mesaj yazdılar ki, Ramiz Mehdiyevdən üzr istəməsən bizim səninlə dostluğumuz qurtardı”.
Qəzetin bir il boyunda hər ay uzaqbaşı 70-90 manat arasında cərimə ödəyə biləcəyini qeyd edən Zeynallı bundan artığına imkanın olmayacağını söylədi: “Bir dəfə yazmışdım ki, mətbuata qarşı ”rus ruleti” tətbiq olunur. Tutaq ki, Eynullaya həbs düşdü, Elmara güllə dəydi, Bahəddinin üstündən maşın keçdi, bizə də bu düşdü. Sabah bu “rulet” başqa cür də dövr edə bilər”.
Mətbuat konfransında çıxış edən Pərviz Səmədbəyli parlamentə keçirilən son seçkilər zamanı adına olduğu iddia edilən evi Ramiz Mehdiyevin kəsdirdiyi cəriməni ödəmək üçün “Xural”a verdiyini söylədi: “Hətta Baş Dövlət Texniki Inventarlaşdırma və Mülkiyyət Hüququnun Qeydiyyatı Idarəsindən verilmiş sənədləri olan evi ”Xural”a hədiyyə edirəm. Hazırda həmin 3 otaqlı evin sənədləri redaksiyadadır, onlar araşdırma aparıb, həmin evi cəriməni ödəmək üçün satışa çıxara bilərlər”.
Jurnalist Vüqar Qurdqanlı mətbuat konfransında iştirak etməsə də, Əvəz Zeynallıya zəng edərək məhkəmənin çıxardığı pulu ödəmək üçün böyrəyini satışa çıxardığını deyib: “Zəng edib bildirdi ki, böyrəyimi 10 min manata satışa çıxarmışam. Bunu həm də azad sözün susdurulmasına can atan məmurlara etiraz əlaməti olaraq etdiyini söylədi”.

 

Ramin DEKO