Əliyevin korrupsiya ilə “mübarizəsi” korrupsiyanı şişirtdi

Brejnev Əliyevdən bu qədər təbəəlik gözləmirdi…

«Onlar da əvvəlkilərin istədiyini istəyirlər, amma hamısını birdən…»

Əliyevlə Zemtsovun gizli sövdələşməsi

Əliyev Sviqunun vasitəsilə Azərbaycanla bağlı məlumatları Andropova və Brejnevə ötürürdü. Axundov haqqında faktları Zemtsova Əliyev özü xəlvəti vermişdi. Onun fikrincə, kitab  beynəlxalq aləmdə Əliyevə nüfuz qazandırmalıydı: Əliyev sabaha tam əmin deyildi, günlərin birində onu Sov.IKP MK-dan uzaqlaşdıra, şişirdilmiş planlara, volyuntarist kadr siyasətinə, buraxılmış səhvlərə, yalanlara və korrupsiyaya  görə cavab istəyə bilərdilər. Bu vaxt beynəlxalq nüfuz onun köməyi ola bilərdi, bədxahları susdurardı. Əliyev yəhudi alimin ölkədən getməsinə bu məqsədlə icazə vermişdi.

əvvəli ötən saylarımızda

***

Əslində, Əliyev Zemtsovu yaxşı tanıyırdı. Bilirdi ki, 1938-ci ildə Bakıda doğulub. Sovet sistemini dərindən bilir. Fəlsəfə və sosiologiya üzrə elmlər doktoru, professordur. SSRI Elmlər Akademiyası nəzdində yaradılmış sosiologiya assosiasiyasının üzvüdür. Bakıda institutlardan birində dekan olub, sonradan Yaroslavla köçərək, tibb institutunda fəlsəfə kafedrasına rəhbərlik edib. 200-dən artıq kitabın, məqalənin müəllifidir.
1973-cü ildə SSRI-dən köçüb və Israildə yaşayır. Amerikada Siyasi və Sosial Elmlər Akademiyasının üzvüdür.

***

(1983-cü ildə “Amerikanın səsi” radiosunda Ilya Zemtsovla iki böyük müsahibə verilib. (23 və 28 iyul 1983-cü il). Həmin müsahibədə Zemtsov Əliyevin 1967-ci ildə KQB-yə sədr təyin olunmasında Sviqunun xüsusi rol oynadığını qeyd edir.  Zemtsovun sözlərinə görə, H.Əliyev karyerasına görə daha çox Andropova borcludur).

Cəfərovun proqnozu özünə görə düz çıxdı, o, beyin xərçəngindən dünyasını dəyişdi. Amma Əliyevi Sov.IKP MK-ya katib aparmadılar. O, qurultayda uğursuz çıxış etdi, Brejnevin qarşısında dili topuq çaldı, təbəəliyə sadiqliyin həddini aşdı, bu yöndə açıq-aşkar uzunçuluq etdi. Illər keçdikcə Əliyevin özü də daha ehtiyatlı olmağa çalışdı. Məsələləri dalanlardan çıxarıb, yol ayrıcına gətirməyə çalışdı, nəzəriyyəbazlıqdan əl çəkib, daha irəli getmək istədi. Cəsarəti çatmadı. Yarı yolda ilişib qaldı, qaçılmaz nəticələrdən vahiməyə düşdü, özü çaşdı, başqalarını da çaşdırdı və cəzalandırdı.

O, Mərkəzi Komitəni necə KQB-ləşdirdi?

Üç il ərzində, 1969-cu ilin avqustundan 1972-ci ilə qədər Dövlət Təhlükəsizlik Komitəsindən partiya, sovet işinə 1983 nəfər işə gətirilmişdi.
Siyahıya diqqət yetirək:
Nazirlər Sovetinin sədri A.I.Ibrahimov, 1940-cı illərdə Moskvada KQB- nin mərkəzi aparatında işləmişdi;
Nazirlər Soveti sədrinin birinci müavini I.A.Ibrahimov KQB-nin elmi məsləhətçisi olmuşdu, 1957-1968-ci illərdə çoxsaylı xarici səfərlərdə KQB-nin tapşırıqlarını yerinə yetirmişdi;
Azərbaycan KP MK-nin katibi D.R.Quliyev 30-cu illərdə MK-da işləmişdi, müharibə illərində SMERŞ-də qulluq etmişdi;
Bakı şəhər partiya Komitəsinin birinci katibi  Ə.H.Kərimov, müxtəlif illərdə daxili işlər naziri olmuşdu;
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Q.A.Xəlilov 50-ci illərdə KQB-nin maliyyə şöbəsinin müdiri olmuşdu;
Kirovabad Şəhər partiya Komitəsinin birinci katibi Ə.X.Vəzirov KQB-nin iki illik kursunu bitirmişdi, SSRI KQB-nin kadr ehtiyatında idi;
Daxili işlər naziri A.Heydərov 60-cı illərin ortalarında sovet kəşfiyyatının Türkiyədə rezidenti olmuşdu;
Daxili Işlər Nazirliyində bir qrup zabitin pulgirliyi aşkar ediləndən sonra nazir və onun dörd müavini vəzifəsindən azad edildi. Onlar haqqında cinayət işi açıldı. Bakı şəhərinin və bir çox rayonların milis rəisləri də məsuliyyətə cəlb olundular. Nazir Əlizadə də əvvəllər KQB-də şöbə müdiri olmuşdu. Əliyev DIN əməkdaşlarına inanmadığını açıq bəyan etdi.
Əliyev Moskvaya uçub KQB sədri Andropovla görüşdü. Onu Heydərovu Türkiyədən geri çağırmağa razı saldı. Əliyev düşünürdü ki, DIN-i və həbsxanaları yalnız çox yaxından tanıdığı, bir yerdə çalışdığı Heydərova tapşırmaq olar. Təkcə üç ildə – 1969-cu ilin dekabrından 1972-ci ilin dekabrına kimi DIN-dən 384 əməkdaş qovulmuşdu. Arif Heydərov və onun iki müavininin taleyi faciə ilə qurtardı. Şuşa həbsxanasından iş yerini dəyişə bilməyən bir baş leytenant tərəfindən iş otağında güllələndi. Üçüncü müavin isə qorxudan stolun altına girdiyi üçün (əslində, ölmədiyi üçün) işdən və polisdən çıxarıldı.

Siyahını davam etdirək.
Azərbaycan KP MK-da partiya-təşkilat şöbəsinin müdiri R.Məmmədzadə KQB-də şöbə müdiri olmuşdu;
Azərbaycan KP MK-nın elm şöbəsinin müdiri, A.Şərifov 60-cı illərdə “Izvestiya” qəzetinin Türkiyə və Pakistanda xüsusi müxbiri işləmişdi, faktiki olaraq KQB-nin Cənub bölməsinin emissarı olmuşdu. Şərifovu Axundov Sviqun və Əliyevin dəfələrlə təhriki və zəmanəti ilə MK-ya işə götürmüşdü.
Əliyev tərəfindən vəzifə verilən Neftçala rayon partiya Komitəsinin birinci katibi Xankişiyev, Sabirabad rayon partiya Komitəsinin birinci katibi M.Məmmədov, Kürdəmir rayon partiya Komitəsinin birinci katibi M.Məmmədov,  Şamaxı rayon partiya Komitəsinin birinci katibi M.Nağıyev, Bərdə rayon partiya Komitəsinin birinci katibi X.Ibrahimov, Naxçıvan Vilayət partiya Komitəsinin birinci katibi A.Hüseynov, Imişli rayon partiya Komitəsinin birinci katibi M.Kərimov, Qasım Ismayılov rayon partiya Komitəsinin birinci katibi S.Sailov, Orcenikidze rayon partiya Komitəsinin birinci katibi E.Kərimov, Martuni rayon partiya Komitəsinin birinci katibi B.Petrosyan, Lənkəran rayon partiya Komitəsinin birinci katibi I.Məmmədov, Xaçmaz rayon partiya Komitəsinin birinci katibi B.Hüseynov, Naxçıvan vilayət  partiya Komitəsinin ikinci katibi N.Volodin, Dağlıq Qarabağ Vilayət sovetinin sədri M.Oqacanyan ya KQB-də işləmişdilər, ya da gizli şəkildə bu təşkilatda çalışmışdılar. Bütövlükdə 37 rayon partiya komitəsinin katibi, icraiyyə komitəsinin sədri, 7 nazir, 14 nazir müavini, 29 komitə sədri, teatr direktoru, universitetin və Xalq Təsərrüfatı Institutunun rektoru KQB ilə bağlı adamlardı.
1971-ci ildə “VÇK-KQB-nin 50 illiyi” medalı və yubiley nişanı ilə təltif olunan 3742 nəfərin içərisində bu vəzifəlilərin də adı var. (Bu adlar SSRI KQB-nin Azərbaycanda təltif olunanlar siyahısından götürülmüşdür. 1970-ci il dekabr).

Əliyevə öz adamlarından zərbə…

Beləliklə, MK-nın nəzarət etdiyi partiya aparatı, tədricən Respublika KQB-nin aparatda təmsil olunan oliqarxlarının əlinə keçdi. Amma arzu olunan qanunçuluq və qayda yaratmaq mümkün olmadı.
1973-cü ilin ortalarında bir xəbər ildırım sürəti ilə respublikaya yayıldı: son illər Əliyevin təhlükəsizlik orqanlarından gətirdiyi 12 məsul partiya işçisi rüşvət almaqda və fırıldaqçılıqda ittiham olunurdular. Əliyevin şəxsən zamin durduğu N.Əhmədov və S.Brızqalin də onların arasındaydı. Nə qədər ki, “cəsur” çekistlər KQB çərçivəsində özlərinə çəkilmişdilər, vicdanlı olmağa məcburdular, amma real həyata atılan kimi həqiqətin tərs üzünə dözə bilmədilər, əlahiddə güclərinə inanıb nəfslərinin qulu oldular, “günaha  batdılar”.

“Onlar hamısını birdən istəyirlər…”

Onların özlərini qoruması niyə belə az çəkdi? Bakı şəhər partiya Komitəsinin katibi V.Məmmədov zarafatla bir acı həqiqəti deyirdi: “Indiki rəhbərlik əvvəlkindən onunla fərqlənir ki, bunlar da onlar istəyəni istəyirdilər, ancaq hamısını birdən”.
Əliyev çox qəzəblənmişdi. Məlumat mətbuata da sızmışdı.  “Bakinskiy raboçi” qəzeti plenum haqqında hesabatda yazırdı: “Plenum N.Əhmədovu özünü apara bilmədiyinə görə Azərbaycan KP MK üzvlüyündən azad edib”.
Brızqalin isə məhkəməyə verildi, 10 nəfər partiyadan çıxarıldı.
Yeni birinci katibin korrupsiyaya qarşı mübarizəsi bumeranq rolu oynadı, qarşısıalınmaz dərəcədə artdı və genişləndi. 1973-cü ildə Əliyev partiya-sovet orqanlarında 29 nəfəri işdən çıxardı, amma bu dəfə qəzəbli çıxış etmədi. O, xalq qarşısında etiraf edə bilməzdi ki, onun apardığı iş əbəsdir, nəticəsi yoxdur. Moskvadan da cəzalandırmaq, işdən çıxarmaqla bağlı elə asan razılıq vermirdilər, “keçmişlərin” hər birinin mərkəzdə “əli və başı” vardı.

“Yeni” partiyanın sirli talançılığının izləri

Faciə ondaydı ki, sosial struktur insanları mövcudluğuna və tələbatına görə geriyə dönməyə imkan verilməyən bir zamana inteqrasiya edirdi. Bir qədər mənəvi dəyərlərə söykənən insanlar belə, onu tezliklə itirirdilər. Sosial struktur partiya və dövlət məmurlarından özünə yararlı keyfiyyətləri alırdı: tamahgirliyi, acgözlüyü və eqoizmi. Bu struktur vicdanlılığı, prinsipiallığı və ardıcıllığı özünə düşmən sayırdı.
Geri dönüb baxanda “yeni” adında partiyanın sirli  talançılığının fəlakətləri görünürdü. Keyləşmiş (əslində, ölmüş) uzaqgörənlik partiya fəallarının və yığıncaqlarının yaraşığıydı, amma faydasız yaraşıqdı, çünki mənasızdı. Bunlar ilk əvvəl başa düşülmədi, çünki o vaxt – 1969-cu ildə plenumda qeyri-adi bir məqsəd kimi təqdim olunmuşdu. Sonradan aydınlaşdı ki, bu ümid işığı doğurur və eyni zamanda şübhəli qaranlıq toxumu səpir. Ifşaedici saflıq vəd edirdi, haqqı yeyən dava-dalaş reallaşırdı, başgicəlləndirən vədlər verilirdi, dəhşətli qisasçılıqla qorxudurdular. Ixtilaf qəlbləri parçalayırdı, ziddiyyətlər ağılı çaşdırırdı.

(ardı var)

Surxay Hüseynli