Əli Əhmədovdan dahiyanə kəşf

Onun böyük tapıntısı Avropa xalqlarını xoşbəxt edəcək…

Əli Əhmədov doğrudan böyük alimdir. Onun politologiya kitabını oxuyanlar bilir. Zatən, mən bu yazını o möhtərəm zatın kitabını oxumayan yazıq insanlar üçün yazıram. Adam “Eurovision” yarışmasını şərh edib. Şərh, özü də necə şərh.
Politologiyamızın “xaç atası” deyir: “Eurovision”da bizim qələbə qazanmağımız göstərdi ki, Avropanın sadə insanları elitası qədər qərəzli deyil”.
Bu qədər “dəqiq” təsbiti dünyanın ən möhtəşəm araşdırma mərkəzləri bacarmazdılar. Əli Əhmədov, hərəsinin tərkibində 1000 qərəzli avropalı elitarın işlədiyi mərkəzə dəyər…
Amma olay təkcə bununla bitmir. Əli Əhmədovun bu çıxışı və polito-sosioloji tapıntısı Avropanın qədirbilən və qərəzsiz xalqını şoka salıb. Dünyanın hər yerindən məktublar, e-maillər, “Twitter” və “Facebook” yazıları axışıb gəlməkdədir. Bütün bu yazışmaların və beynəlxalq təzyiqlərin iki mühüm tələbi var:
Birinci tələb odur ki, Azərbaycanda bu cür hakimiyyətin qədrini bilməyən xalq və onu təşkilatlandıran müxalifət qüvvələri təcili şəkildə tonqalda yandırılmalı, daş-qalaq olunmalı və yaxud “Fukuşima”dakı nüvə sızıntısının təmirinə göndərilməlidir. Bu prosesə nəzarət isə xalqı və müxalifəti dəstəkləyən Avropa elitasına tapşırılmalıdır. Məhz bundan sonra dünyada həqiqətin və ədalətin bərqərar olacağına inanırsınızsa, səhv edirsiniz. Bu da hələ haqqın tam təcallası deyil…
Ikinci tələbdə isə açıq şəkildə göstərilir ki, dünyada əmin-amanlığın və sülhün, qərəzsizliyin və obyektivliyin, müdrikliyin və uzaqgörənliyin, dini dözümlülüyün və tolerantlığın hakimiyyətə gəlməsi üçün mühüm addımlar atılmalı, Avropa xalqlarının çağırışıyla Azərbaycanın hakim elitası (başda Ilham Əliyev, sağ tərəfdə Əli Əhmədov olmaq şərtilə) Avropa Birliyinin konfederativ idarəçiliyini öz üzərinə götürməyə razılıq verməlidir.
Yalnız bundan sonra dünyada həqiqi xoşbəxtliyin olacağına əmin olmaq olar. Bir daha Əli Əhmədovu bu tapıntı münasibətilə təbrik edir, ona və sadə Avropa xalqına uzunmüddətli, təmiz vicdanlı həyat və yeni-yeni nailiyyətlər arzu edirəm.

Seymur Həzi