ABŞ internetin müdafiəsinə ordunu cəlb edir

Vaşinqton dünyada internet təhlükəsizliyilə bağlı strateji planını elan etdi

Dünən ABŞ-da elan olunan “Kibersahə üzrə beynəlxalq strategiya” adlı 30 səhifəlik direktiv Ağ evin internetlə bağlı strateji planları barədədir.
“Bununla ABŞ öz üzərinə ”etibarlılığın və internetə çıxışın artırılması, həmçinin kibercinayətkarlığa, hökumətlərin dəstəklədiyi sənaye casusluğuna və hakerliyə qarşı sərt tədbirlərin həyata keçirilməsi”nə çalışmaq kimi məsuliyyət götürüb”, – deyə “Financial Times” yazır.
Maraqlıdır ki, ABŞ rəsmilərinin əvvəllər verdikləri bəyanatlar da, xüsusən, dövlət katibi Hillari Klintonun “başqa ölkələrdəki ictimai fəal qrupların şəbəkənin köməyi ilə bir-birilə əlaqə qurmasına kömək etmək”lə bağlı vədi də formal olaraq, bu sənəddə öz əksini tapıb. Qəzetin məlumatına görə, bununla ABŞ eyni zamanda, özünə və müttəfiqlərinə aid şəbəkələrə zorla soxulanlara qarşı hərbi vasitələrlə cavab vermək hüququnu da özündə saxlayıb.
“Hökumətləri vadar etmək lazımdır ki, kibercinayətkarlığın “himayəçisi” olmaqdan imtina etsinlər və kibercinayətkarlıqla bağlı Avropa Konvensiyasına qoşulsunlar. Ya da həmin hökumətləri buna ekvivalent olan qanunların qəbuluna təhrik etməyə çox ciddi zərurət var ki, belə cinayətlər baş verərkən beynəlxalq məhkəmə prosesləri kifayət qədər səmərəli olsun”, – deyə “The Financial Times” sənədə istinadən yazır.

İnformasiya şöbəsi