Qeyri-təcili yardım maşını

Həmkarım Elnur Astanbəylinin bir sualı günlərdir ağlımdan çıxmır. Bilirsiniz ki, şanlı hakimiyyətimiz xeyli vaxtdır Vətənimizə bənövşəyi rəngli London taksiləri gətirib. Ilham Əliyev bunu təntənə ilə qeyd etmişdi. Görünür, taksi bazarı inhisara alınmayıb, onu da bir ələ yığırlar. Həmkarım Elnur bəyi isə Ziya Məmmədovun sözçüsünün “sifarişdən 3 dəqiqə sonra bu taksilər yanınızda olacaq” deməsi yandırıb-yaxıb. Elnur bəy soruşur ki, əgər taksi 3 dəqiqəyə gələ bilirsə, təcili yardım niyə 1 saat 20 dəqiqəyə gəlir?

Həmkarımız bu il mayın 2-də baş vermiş bir faciəni də xatırladıb, məhz təcili yardım maşınının 1 saat 20 dəqiqəyə gəlməsi səbəbindən Binəqədidə 2 uşaq anasının həyatını xilas etmək mümkün olmayıb.

Təcili yardım maşını həmişəmi tıxaca düşür? Bəs London taksiləri niyə tıxaca düşmür? Onların qanadı var? Tutaq ki, təcili yardım maşını tıxaca düşüb, bəs onda xəstə ölməlidir? Helikopterlər hanı? Yolu açmalı olan polis hanı? Niyə Ilham Əliyevin maşın karvanı gedəndə bütün dövlət sistemi tökülüb “bibit-bibit”, “saxla-saxla” hay-küyü ilə yol açmaqla məşğul olur, amma təcili yardım maşını yollarda qalır?

Bizim camaat lap qəribədir. Gecikən tibbi yardım maşınına görə məsuliyyət daşıyanları da məhkəməyə verməyə qorxurlar? Bu da mitinqə çıxmaqdır? Saxta mandatla parlamentdə şeşələnən deputatlar da lap ağ edib. Məgər səhiyyənin, təhsilin problemini də qaldırmağa diliniz laldır, bu da siyasi azadlıqların müdafiəsidir?!Biz illərdir yazırıq ki, kasıba-varlıya, YAP-çıya-Cəbhəçiyə fərq qoymayan dərdlər də bir yandan bu xalqı sakit-sakit yeyir. Hepatit ölkəni başına götürüb. Neçə il öncə mən bir xəbər aldım və onu mətbuatda dəfələrlə yaydım. O zaman Almaniyanın Səhiyyə Nazirliyi federal hökumət qarşısında məsələ qaldırmışdı ki, Azərbaycandan gələn Hepatit xəstələrinin yüksək statistikası onları çox narahat edir; həm bu xəstəliyin müalicəsi üçün Azərbaycandan ora gələnlər çoxdur, həm də başqa xəstəliklərlə gələnlərin əksəriyyətində həmin virus aşkar olunur.

Bizimkilər isə korrupsiya xortumları ilə tikdiyi və ya təmir etdikləri xəstəxanalar haqda elə şövq və fəxrlə danışırlar ki, bundan sonra təzyiqləri və ya şəkərləri qalxır, axırda da müalicə üçün həmin xəstəxanalara yox, xarici klinikalara gedirlər. Ölkəyə bir xarici həkim gələndə isə həmin klinikanın qarşısında növbə yaranır.

Elnur Astanbəylinin haqlı sualı məni çox təsirləndirdi və bir əhvalatı yazmağa vadar etdi.

Sizdə də Hepatit var?

Bir YAP-çı ilə xəstəxana dəhlizində görüşdüm. Onunla iqtidarçı olmasından öncə də tanış idim. Söhbət uzandı. Dedim ki, xəfiyyələriniz videokamera əllərində bizi güdür, görsünlər biz harada hansı fahişənin qoynuna giririk, yaxud hansı xəlvətdə onanizmlə məşğul oluruq. Amma xəbəriniz yoxdur ki, qazandıqlarınızı necə gəldi xərcləyən uşaqlarınız hepatitdən və hər cür təhlükədən sığortalanmayıb. Bu məsələni niyə qaldırmırsınız? Dedi ki, bu artıq taledir. Mən də söylədim ki, çox pis taledir, əgər təcili yardım gələnə kimi hipertoniya Əzrayıla çevrilirsə…

Başladım həyatımızdakı qeyri-siyasi sayılan, amma pis siyasətdən doğan problemlərdən danışmağa. Həmsöhbətim xeyli qulaq asdı və birdən sakitcə dedi: “Mən özüm də Hepatit xəstəsiyəm. Evdəkilər də bilmir”.

Sifətinin rəngi çox şey deyirdi. Düzü peşman oldum söhbətə görə. Amma neyləmək olardı?! Üzr istədim və şəfa dilədim. Susdum.Görünür, eyni xəstəxana dəhlizində rastlaşdığımızdan soruşdu:

– Sizdə də Hepatit var?

Mən ora xəstə anamın analizlərinin nəticələrini almağa gəlmişdim. Amma “yox” deyə bilmədim:
– Hələ bilmirəm, görək…