“Növbəti mitinqləri keçirməyə qadirik”

“Artıq insanlar inanırlar ki, bu rejimin sonu yaxınlaşıb”

 

AXCP sədri Əli Kərimli gündəmin aktual mövzuları ilə bağlı “Azadlıq”ın suallarını cavablandırır.

 

Əvvəli ötən sayımızda

– Məgər indi də oxşar situasiya deyil?
– Xeyr, indi situasiya fərqlidir. Yuxarıda qeyd etdim ki, bunu sonuncu mərhələ sayıram. Izah edim niyə. Baxın, bu ilin əvvəlindən Ictimai Palatanın fəalları, etiraz edən dindarların hamısını hesablasaq görərik ki, 30 nəfərdən artıq şəxs cinayət məsuliyyətinə cəlb olunub. Amma Azərbaycan cəmiyyətində protest istəyi azalıbmı, total qorxu yaranıbmı? Mən deyərdim yox.

– Lakin belə fikirlər var ki, qorxu var, əgər belə olmasaydı, aksiyalar davam etdirilərdi…
– Mən tam məsuliyyətlə deyirəm ki, biz növbəti mitinqləri keçirməyə qadirik. Bu gün növbəti mitinqi təyin etməmişiksə, bu o demək deyil ki, qorxu hissi var, yaxud da ümumiyyətlə aksiya keçirmək gücündə deyilik. Hökumət də yaxşı bilir ki, biz mitinqi nə vaxt təyin etsək, o zaman da keçirəcəyik. Aksiyalara pauza verilməsinin səbəblərini mən yuxarıda izah elədim.

– Deməli, hesab edirsiniz ki, bu repressiyalar əks effekt verib, cəmiyyətdə qorxu hissi aradan qalxıb və bu son mərhələdir?
– Bəli. Məhz buna görə də budəfəki repressiyaları son mərhələ sayıram. Sual oluna bilər ki, bu yeni fenomen nə ilə bağlıdır? Niyə bu qədər adam həbs olunur, amma kütləvi qorxu yaranmır? Əvvəla, indi daha çox sayda insan prosesə qoşulub, ikincisi, artıq insanlar inanırlar ki, müəyyən bir itkiyə yol versələr də, müəyyən məhrumiyyətlər yaşamalı olsalar da, bu rejimin sonu yaxınlaşıb. Avtoritar rejimlərin heç biri istisna olmayacaq. Hamısı gedib, Azərbaycandakı rejim də getməyə məhkumdur. Bunu artıq əksəriyyət başa düşüb. Insanlar artıq bilir ki, indi yaşanan məhrumiyyətlər uzun müddətli ola bilməz. Nəhayət, indi artıq müxalif düşüncəli insanların böyük bir silahı var: Internet. Adamlar tənha olmurlar, fikirlərini bölüşürlər. Onlar başa düşürlər ki,  cəmiyyətdə çoxluqdadırlar. Əksinə, rejimi müdafiə edənlər tənhadır. Siz hakimiyyətə lazım olan günlərdə inzibati güclə yaradılan kütləviliyə baxmayın. Real, insanların inzibati asılılıqdan azad olduğu, məsələn, yeni mediada, hökumətpərəst səslər çox az eşidilir. Bütün bu səbəblərdən artıq, bu mərhələdə böyük fasilə, böyük məğlubiyyətlər gözlənilimir.

– Çox əminliklə danışırsınız…
– Mən hələ bu mərhələ başlamamışdan əvvəl çıxışlarımda demişdim ki, artıq Azərbaycan daha heç vaxt əvvəlki kimi olmayacaq. Bu proses Azərbaycanı demokratikləşməyə yaxınlaşdıra-yaxınlaşdıra davam edəcək. Indi mən onun dəqiq tarixini bilmirəm. Amma əminliklə deyirəm ki, bu repressiyalar adiləşəcək və artıq adiləşir. Necə ki, artıq inzibati həbslər, hətta polis zorakılığı aksiyaçılar üçün əhəmiyyətini itirib, onları qorxutmur. Bir müddət də lazımdır ki, cinayət işləri adiləşsin. Kütləvi cəza həmişə adiləşir. Baxın, ərəb ölkələrində – inşallah, Azərbaycanda elə vəziyyət olmaz – daha qəddar rejimlər var və onlar adamları nəinki həbs edirlər, hətta yüzlərlə adamı öldürürlər. Bununla belə aksiyaların qabağını ala bilmirlər. Artıq orda ölüm adiləşir. Burada da həbslərin adiləşməsi bir zaman məsələsidir. Bu da adiləşəndən sonra hökumət özünü əslində dalana dirəmiş olacaq. Artıq onun qorxutmaq resursları olmayacaq.
Həbslərə baxmayaraq bizim sıralarımıza çox faydalı adamlar qoşulur. Azərbaycan cəmiyyətinin müxalifət düşərgəsinə simpatiyasını hiss edirik. Ona görə də mübarizə davamlı olacaq.

– Cəmiyyətin ayrı-ayrı təbəqələrinin müxtəlif tələblərlə  aksiyalarının şahidi oluruq…
– Görürsünüz, təkcə bu fakt göstərir ki, qorxu hissi artıq aradan qalxıb. Indi vətəndaşlar qorxmadan, özləri öz haqları uğrunda mübarizəyə başlayıblar.

– Amma bu davamlı hal almır. Bir neçə il əvvəl də bu tip lokal aksiyalar müşahidə olunurdu. Lakin bizi maraqlandıran budur ki, nədən müxalifət bu lokal aksiyalara bir o qədər də diqqət yetirmir, etirazları ümumi bir hərəkata çevirmək barədə düşünmür? Hər halda bu istiqamətdə bir hərəkət müşahidə olunmur.
– Xeyr belə deyil. Bir neçə il əvvəl vətəndaşlarda haqlarını müdafiə etmək istiqamətində təşəbbüskarlıq bu dərəcədə deyildi. Və gəlin dəqiqləşdirək ki, vətəndaşlarda təşəbbüskarlıq niyə bu qədər artıb. Bilirsiniz, adamlar gördülər ki, özlərilə hesablaşmağı tələb etdikdən sonra hökumət başladı onlarla qismən də olsa hesablaşmağa. Baxın müxalifət, Ictimai Palata kütləvi aksiyalar təyin edəndən sonra Ilham Əliyev başda olmaqla Azərbaycan hökuməti əvvəlki illərdə atmadıqları bir sıra addımları atdılar. Xalqın ayağına gəldilər. Bakıətrafı qəsəbələrdə açıq-aşkar adamları ələ almaq üçün yerli sosial məsələlərə diqqəti artırdılar. Ardıcıl vəsaitlər ayırdılar, hətta haqlarını daha çox tələb edən bölgələrdə, məsələn, Nardaranda adamlara güzəştli kreditlər verdilər. Əhalinin su borcunu bağışladılar və s. bu kimi tədbirlər gördülər. Azərbaycan vətəndaşları gördü ki, aha, əgər müxalifət güclü olmasaydı, müxalifətin mitinqləri hökuməti narahat etməsəydi, biz bunların yadına düşməzdik. Axı illərlə bizi yada salmırdılar. Niyə bəs indi yada salıblar?! Məgər ölkə başçısı indi xəbər tutub ki, əhalinin suya neçə ildən bəri yığılmış borcları var?! Bu adam paytaxtda yaşayır, 8 ildir dövlət başçısıdır xəbəri yox idi ki, Bakı kəndlərinin hansı sosial problemləri var?! Indi niyə yadına düşdü? Hamısı birdən yadına düşdü həm də.

– Siz hesab edirsiniz ki, buna səbəb müxalifətin aksiyaları oldu. Amma hökumət bu addımların xalqa qayğıdan irəli gəldiyini iddia edir…
– Bu hökumət atdığı addımları tabeliyində olan televiziyalar vasitəsilə nə qədər xalqa qayğı kimi təqdim eləsə də, xalq bildiyini də bilir. Əgər qayğı idisə, bəs niyyə əvvəllər bu qayğı gözə görünmürdü?
Xalq həmçinin nəticə çıxardı ki, biz kütləvi şəkildə haqqımızı istəyəndə hökumət bizdən qorxa da bilir. Heç də o bizə təqdim edildiyi kimi hər şeyə qadir, hamıdan güclü, mifik bir qüvvə deyil. Xalq ayağa qalxanda hökumət də aciz duruma düşə bilir. Ona görə də adamlar başladılar haqlarını tələb etməyə. Yeri gəlmişkən, bütün haqlarını tələb edənlər bu və ya digər şəkildə istəklərinə nail olacaqlar. Və bu çox gözəl presedentdir. Məzlum, başını aşağı salıb cızılmış çərçivədən kənara addımını qoymağa cəsarət etməyən insanların hamısına bir müsbət nümunədir. Haqqın uğrunda mübarizə apar, müəyyən bir məhrumiyyət yaşa, amma insan kimi öz haqlarına sahib ol.
Bu aksiyalar bizim diqqətimizdədir. Lakin Ictimai Palatanın mübarizə ilə bağlı yanaşması bundan ibarətdir ki, biz vətəndaş hərəkatıyıq. Biz istəmirik ki, apardığımız mübarizə siyasi partiyalarda olduğu kimi çox sərt mərkəzləşsin. Bütün qərarların hamısı, ən xırda məsələlərlə bağlı da yüksək səviyyədə Ictimai Palatada müzakirələr nəticəsində qəbul edlisin. Məsələn, biz istəyirik ki, regional təşkilatlarımızın çox geniş muxtariyyəti olmalıdır. Bizə dəstək verən vətəndaşların  Ictimai Palatanın köklü dəyişikliklər fəlsəfəsinə uyğun olaraq lokal aksiyaları sərbəst təşkil etmək imkanları olmalıdır. Hamı öz haqqı uğrunda mübarizə aparanda avtomatik olaraq Azərbaycan xalqının azadlıqlar uğrunda mübarizəsi də baş tutmuş olacaq.

– Yeri gəlmişkən, Ermənistanda mitinqlərin mərkəzi meydanlarda keçirilməsinə icazə verildi. Ekspertlər hesab edir ki, Ermənistan hökumətinin demokratiyaya yönəlik addımları Qarabağ probleminin həllinə təsirsiz ötüşməyəcək. Siz necə düşünürüsüz?
– Beş-altı il əvvəl belə bir mövqe ortaya qoymuşduq ki, demokratikləşmə Azərbaycan üçün milli təhlükəsizlik məsələsidir. Demokratikləşmə hər zaman və bütün xalqlar üçün yaxşıdır. Amma əgər Qarabağ kimi bir problemin olmasa, demokratiyaya bir neçə il gec qovuşmaq bəlkə də böyük faciə olmaz. Amma bir halda ki, Azərbaycanın Qarabağ kimi problemi, Ermənistan kimi düşməni var, onda demokratiyaya bir an öncə qovuşmaq bizim Qarabağ üzərində suverenliyi bərpa etməyimizə böyük təsiri olar. Baxın, Rusiya kimi güclü bir dövlət nə qədər səy göstərsə də, Gürcüstandan qopardığı keçmiş muxtar vilayətlərin dünya tərəfindən tanınmasına nail ola bilmədi. Çünki Gürcüstanın demokratik imici var. Və artıq məlum məsələdir ki, dünya heç vaxt Gürcüstanın ərazi bütövlüyündən vaz keçməyəcək. Çünki Gürcüstan demokratik dövlətlər ailəsinə qoşula bilib. Bu da Azərbaycan üçün müsbət nümunədir. Azərbaycan demokratikləşməyə tez nail olarsa, Avropa, NATO məkanına tez inteqrasiya edərsə, Qarabağ üzərində suverenliyini bərpa etmək imkanları müqayisəyə gəlməz dərəcədə artacaq. Yox əgər bu sahədə də Ermənistana uduzsaq, düşmənlərimiz Qarabağla bağlı məsələdə haqsız olsa da onların səsi diqqətlə dinləniləcək. Çünki Azərbaycan hakimiyyəti əksər məsələlərdə yalan danışırsa, əksər məsələlərdə mövqeyi saxtakarlıq üzərindədirsə, niyə Qarabağla bağlı onun dediyi həqiqətə dünya inanmalıdır? Məsələn, dünya eşidir ki, Azərbaycan hökuməti qabiliyyətli, ləyaqətli bir gənc narkoman kimi həbs edir, Harvardın ilk və yeganə məzununu zindana atır, ən nüfuzlu bloggerlərin, jurnalistlərin, siyasətçilərin üzünə adam qoyub onları etmədiyi əməllərə görə suçlayır. Dünya bu qədər yalanı, korrupsiyanı, hüquq pozuntularını, seçkilərin dövlət səviyyəsində saxtalaşdırıldığını görür, eşidir, sonra fikirləşir ki, yəqin bunların dediklərinin hamısı yalandır. Amma insafən, bu korrupsionerlərin Qarabağla bağlı dedikləri düzdür. Yəni, Qarabağ bizim tarixi ərazimizdir. Amma bu yeganə həqiqət xeyli yalanla əhatə olunub. Bu baxımdan onlarda ümumi şəkildə təsəvvür yaranır ki, əşi, bunlar nə deyirsə, hamısı yalandır. Beləliklə də Azərbaycan üçün çox böyük təhlükə yaranır.

– Hakimiyyət Qarabağ məsələsində vətənpərvər rolunda görünür. Ilham Əliyevin vətənpərvərliyinə şübhəniz var?

(ardı var)

Vidadi Məmmədov