Kürsü naminə Azərbaycan rüsvay edilir

«Bu siyasət Əliyevlər rejiminin anti-xalq mahiyyətini çılpaqlığı ilə göstərir»

Əli Kərimli: «Necə ola bilər ki, korrupsiya piramidasının başında duranlar yerində qalsın, amma bu bəlanın kökü kəsilsin?»

AXCP sədri Əli Kərimli gündəmin aktual mövzuları ilə bağlı “Azadlıq”ın suallarını cavablandırır.

Əvvəli ötən sayımızda

– Hakimiyyət Qarabağ məsələsində vətənpərvər rolunda görünür. Ilham Əliyevin vətənpərvərliyinə şübhəniz var?
– Bu psevdopatriotizmdir. Və bu gün Ermənistan hakimiyyətinin sərbəst toplaşmaq azadlığına hörmətlə yanaşması, parlamentdə müxalifətin bir neçə fraksiyasının fəaliyyətinə dözməsi, söz və mətbuat azadlığı ilə bağlı Azərbaycan üçün hələlik əlçatmaz olan imkanlar yaratması, Azərbaycan hökumətinin isə bunların heç birini etməməsi bu psevdopatriotizmi tam ifşa edən tutarlı faktdır.
Azərbaycan hökumətinin heç bir ideoloji dayağı yoxdur. Bunlar xalqa, ədalətə söykənən heç bir ideal təqdim edə bilmirlər. Bunu pərdələmək üçün də son illərdə patriotizm ritorikası seçiblər. Guya Qarabağ üçün vuruşan batalyonları tərksilah edən bunlar olmayıb, guya Qarabağda erməniyə güllə atanları soununcu nəfərinə qədər ya həbs etdirən, ya da ölkədən didərgin salan bunlar olmayıb, guya Qarabağ qazilərinə bunlar divan tutmayıblar, guya 18 ildir hakimiyyət bunların əlində deyil və buna görə bu müddət ərzində Azərbaycanın bir kəndini azad etmədiklərinə görə məsuliyyət daşımamalıdırlar. Bütün bunların müqabilində indi utanmadan, təmtəraqlı patriotizm kampaniyası aparırlar. Guya  vətənpərvərdirlər. Yaxşı vətənpərvərsiz o zaman niyə kürsünüzü, o haram pul qazanmaq imkanlarınızı qoruyub saxlamaqdan ötrü Azərbaycanı bütün qara siyahılara salırsınız, ölkəni dünyanın aparıcı qüvvələri ilə qarşıdurmaya çəkirsiniz? Sənə deyirlər ki, həbsdə olan öz vətəninin övladını burax, seçkini saxtalaşdırma. Deyirsən yox, Qarabağı məndən alsanız da seçkini saxtalaşdırmalıyam. Qarabağ əldən getsə də, 19 yaşlı Cabbar Savalanlını azad edə bilmərəm, Avropa Məhkəməsinin qərarını yerinə yetirib Eynulla Fətullayevi həbsdən buraxmaram, zindanlara salınan Ictimai Palatanın mərd, mübariz, Qarabağda döyüşmüş fəallarına haqq elədikləri azadlığı vermərəm. Qarabağı sevən hakimiyyət heç zaman Azərbaycanın bu şəkildə təklənməsinə, rüsvay edilməsinə dözə bilməz. Özü də nəyin naminə? Kürsünün. Adam nə qədər oturar bir kürsüdə?! Ata, bala, fikir verin, 1969-cu ildən bu yana hakimiyyətdə heç kim yoxdur, bir Qəzzafidir, o da son günlərini yaşayır. Axı bir ailə bütöv bir ölkəni nə qədər əsarətdə saxlayar?! Ona görə də bu aparılan siyasət düşünən insanların gözündə Azərbaycan hökumətinin taxdığı patriotizm maskasını da yırtır və Əliyevlər rejiminin anti-xalq mahiyyətini çılpaqlığı ilə göstərir.

– Avropa Birliyi Parlamentinin Azərbaycanla bağlı qətnaməsini necə dəyərləndirirsiniz?
– Obyektivliyi əks etdirən prinsipial bir qətnamədir. Özü də burada söhbət dünyanın ən güclü, xüsusilə bizim region üçün siyasi, diplomatik, maliyyə və hərbi baxımdan çox böyük təsirə malik olan dövlətlər birliyinin parlamentindən gedir. Bu, Azərbaycan üçün ağır zərbə sayılmalıdır. Amma təəssüf ki, Azərbaycan hökuməti Şərq diktatorlarının yolu ilə gedir. Fikir verirsiniz, son günlərinə qədər nə baş verdiyini dərk etmirlər. Bircə hökumətdən başqa hamı başa düşür ki, bu rejim sonunu yaşayır.

– Bu, başa düşməzlik deyək, arxayınçılıq deyək, nədən irəli gəlir sizcə?
– Görünür, bu qeyri-məhdud hakimiyyət siyasi liderlərin situasiyanı düzgün analiz etmək qabiliyyətlərini də əlindən alır. Onlar reallıq hisslərini itirirlər. Həddindən artıq avtoritar üsullara aludə olan liderlər heç bir tənqid eşitmədiklərinə, ətraflarında fərqli fikir səsləndirə bilən insanlar görmədiklərinə görə uçurumun astasanasına çatanda belə, onu hiss etmirlər. Əslində isə Azərbaycan üçün çox ağır situasiyadır. Görün Azərbaycan hansı ölkələrlə bir sırada müzakirə olundu: Şri Lanka və Belarus. Şri Lanka bizim vətəndaşlara az tanışdır. Bura qeyri-demokratik bir hökumətə sahib, böyük repressiyalar həyata keçirmiş ölkədir. Avropadan çox uzaq olsa da, ümumbəşəri dəyərlər baxımından Avropa bu ölkədə də baş verənlərə biganə qala bilmir. Belarusla bağlı məsələ isə hər kəsə məlumdur. Belarusun üzərində artıq ciddi sanksiyalar var. Azərbaycan indi bax bu ölkələrlə bir sıraya salınıb. Qarşıda müsəlman dünyasında ilk respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 93-cü ili gəlir. Görün o kişilərin qurduğu cümhuriyyəti nə günə salıblar. Azərbaycana bu qədər haqsızlıq etmək olarmı?!

– İlham Əliyevin korrupsiyaya qarşı mübarizəsi barədə fikirlərinizi də bilmək maraqlı olardı…
– Mən dediyim oldu. Onlar bu kampaniyaya başlayanda bir yazı yazmışdım ki, burada korrupsiyaya qarşı mübarizədən yox, korrupsionerlərin pəhriz saxlamasından söhbət gedir. Indi mənə çoxlu yazırlar ki, pəhriz müddəti deyəsən başa çatıb. Doğrudur ayrı-ayrı dövlət idarələrində müddət fərqlənir. Amma hər halda əksər qurumlarda artıq əvvəlki qaydada rüşvət almağa başlayıblar. Təlimat bundan ibarətdir ki, vətəndaşlara qiymət deməyin ki, şikayət etməsinlər.

– Korrupsiya qarşı mübarizənin nəticə vermədiyi Ilham Əliyevin komandasına təsir imkanlarını itirməsilə bağlıdır, yoxsa başqa səbəblər də var?
– Bir səbəb əlbəttə ki, birinci şəxsin hakim komandaya güclü təsirinin olmamasıdır. Amma əsas səbəb başqadır. Axı necə ola bilər ki, korrupsiya piramidasının başında duranlar yerində qalsın, amma bu bəlanın kökü kəsilsin? Bu mümkün deyil. Korrupsiyanın kökü kəsilsə, piramidanın başındakılar da yerində qala bilməz. Əgər onlar yerində qalıblarsa, deməli, bu kök onlara lazımdır. Ona görə ki, səltənətləri bu kökün üzərində bərqərar olub. Azərbaycanda ən varlı adamlar hökumət başında dayananlardır və bunu hamı bilir. Bu çox  neqativ haldır. Dünyanın heç bir normal ölkəsində belə bir vəziyyət yoxdur. Hətta demokratik, hüquqi dövlətləri kənara qoyaq, demokratiya sahəsində kifayət qədər problemləri olan, qonşuluqdakı ölkələri də gözümüzün qarşısına gətirsək görərik heç onların da dövlət və hökumət başçıları ən varlı adamlar deyil. O ölkələrdə biznes adamları var. Insanlar müxtəlif olur. Bəziləri öz təyinatını sahibkarlıqda görür, pul qazanmaq, biznesini genişləndirmək onun əsas amalıdır. Bir çoxları isə ictimai-siyasi işlərə, xalqa xidmət işlərinə üstünlük verir. Yeri gəlmişkən, normal ölkələrdə siyasət xalqa xidmət işidir və siyasətçilər normalda heç də ən zəngin adamlar olmalı deyillər. Amma bu ölkədə ən zəngin adamlar hökumətdə təmsil olunurlar. Onların heç biri gəlir bəyannaməsi vermirsə və antikorrupsiya kampaniyasında onların birinin də burnu qanamırsa, hansı sadəlövh adamı inandırmaq olar ki, Azərbaycan hakimiyyəti korrupsiyaya qarşı mübarizə aparır.

– Əli bəy, bu günlərdə “twitter”ə qoşuldunuz. “Facebook”da isə yoxsunuz. Nədən bu sosial şəbəkələr arasında “twitter”i seçdiniz?
– Əvvəla dəqiqləşdirim ki, “facebook” və “twitter”dən əlavə bloq da var. Ikincisi, öz fəaliyyətimi seçən zaman mənə bir siyasətçi kimi nə daha səmərəli ola bilər, onu fikirləşmişəm. “Twitter” qısa və operativ xəbərləşmə mexanizmidir. Bu baxımdan tək Azərbaycanda yox, dünyada siyasətçilərin üstünlük verdiyi bir şəbəkədir. Əlbəttə ki, “facebook” da çox qiymətli sosial şəbəkədir. Orada geniş fikir mübadilələrinə imkan var. Mən bir fərd olaraq “facebook”dan istifadə etməsəm də, orda azarkeşlər səhifəsi – “Fan page”-im var. Geniş fikirlərim olanda, ətraflı fikir mübadiləsi aparmaq istəyəndə böyük yazılar yazıram, həmin yazıları bloquma yerləşdirirəm. Sonra gənclər həmin materialları “facebook”da yayırlar. Video çıxışlarım da eyni qaydada yayılır. Yəni, orada tam yoxam demək də doğru deyil. Çünki həmin “Fan page”imdə yazdığım yazılar, verdiyim müsahibələr, etdiyim çıxışların hamısı var və ətrafında müzakirələr də aparılır. Ona görə də bloq yazılarımı yazmağa və “twitter” vasitəsilə xəbərləşməyə daha çox üstünlük verdim. Yeri gəlmişkən, bloquma müəyyən texniki problem yaradılıb və hazırda mən bu problemləri həll etməyə çalışıram. Ona görə də son vaxtlar orada materiallar yenilənmir. Problem həll olunan kimi yeni yazılarla çıxış edəcəm.

Vidadi Məmmədov