Şahvələd Çobanoğlu: «Açıq şəkildə dedi ki, hökumət verdiyi sözləri yerinə yetirməsə, susmayacaq»
«Əvvəl diplomatik dildə danışan, tövsiyə verməklə kifayətlənən təşkilatlar indi konkret tələblər qoyurlar»
ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviçin Azərbaycana son səfərini kifayət qədər məhsuldar saymaq olar. Xanım Miyatoviç səfəri zamanı ölkə başçısı Ilham Əliyevlə, ayrı-ayrı hökumət nümayəndələrilə, həmçinin qəzet redaktorları ilə görüşdü. Və Azərbaycan mediasının demək olar ki, bütün əsas problemləri ilə tanış oldu. ATƏT rəsmisinin səfərlə bağlı əldə etdiyi konkret nəticələrdən biri də Azərbaycan hökumətindən bəzi vədlər ala bilməsi idi. Məsələn, I.Əliyev başda olmaqla hökumət Azərbaycanda internetin azad qalacağına, Eynulla Fətullayev, Cabbar Savalanlının işinin müsbət həllinə söz verib. Bu sözlərə əməl olunub-olunmayacağını zaman göstərəcək. Məsələnin maraqlı tərəfi odur ki, D.Miyatoviç hökumətdən vəd almaqla kifayətlənmədi. ATƏT nümayəndəsi bildirdi ki, məsələni nəzarətdə saxlayacaq və hökumət sözündən qaçacağı təqdirdə dünya ictimaiyyətinə müraciət edəcək. “Gündəlik Azərbaycan” qəzetinin şef-redaktoru Şahvələd Çobanoğlu ilə söhbətimizdə Dunya Miyatoviçin son səfərini qiymətləndirməyə çalışdıq.
– Şahvələd bəy, Azərbaycan hökumətinin Miyatoviçə verdiyi vədlərə əməl edəcəyinə inanmaq olarmı?
– Dünya birliyi, nüfuzlu beynəlxalq təşkilatlar bütün hallarda tələblərini irəli sürməlidirlər. Inansaq da, inanmasaq da, bu addımlar götürülən öhdəliklərin yerinə yetirilməsi üçün cəhdlərdir. Və bu cəhdlər alqışlanmalıdır. Azərbaycan hökuməti həmişə beynəlxalq təşhkilatları öhdəliklər məsələsində aldadıb. Bu bir faktdır. Öhdəlikləri uzun-uzadı tələblərdən sonra ya qismən həyata keçiriblər, ya da bunun imitasiyasını yaradıblar. Həbsdə olan siyasi məhbusların, jurnalistlərin bir qismini buraxıblar, bir qismini saxlayıblar. Kimisə azad edən kimi əvəzinə mütləq başqa birini tutublar. Son aksiyalardan sonra 20 nəfərdən artıq şəxs potensial siyasi məhbus siyahısına əlavə olunub. Bu baxımdan bəllidir ki, Azərbaycan hakimiyyəti öhdəlikləri yerinə yetirməkdən maksimum dərəcədə qaçmağa çalışır. Amma bu səfərlər, bəyanatlar, vədlərin alınması, onun yerinə yetirilməsinin tələb edilməsi çox vacibdir. Buna heç kim əhəmiyyətsiz iş kimi baxmamalıdır.
– Son vaxtlar beynəlxalq qurumlar Azərbaycana qarşı daha prinsipial mövqe nümayiş etdirir. Bu, vəziyyətin əvvəlki illərə nisbətən pisləşdiyinin göstəricisidir, yoxsa?
– Beynəlxalq aləmin tələbləri artır. Avropa qurumları əvvəlki illərdən fərqli olaraq daha prinsipialdır. Mikloş Haraştidən sonra onu əvəz edəcək adamın daha prinsipial olacağını gözləmirdik. Haraşti Avropada çox böyük nüfuza malikdir. O, siyasi yol keçmiş, azadlıq mücadiləsi vermiş adamdır. Azad sözün və jurnalistlərin müdafiəsi istiqamətində o çox böyük prinsipiallıq göstərdi. Amma onu əvəz edən diplomat Dunya xanım da həmin işi çox prinsipial olaraq davam etdirir. Mən deyərdim ki, o, hətta bizim gözlədiyimizdən də artıq mövqe sərgilədi. Miyatoviç dedi ki, Azərbaycan hökuməti verdiyi vədləri yerinə yetirməsə, o, tərəddüd etmədən dünya birliyinə müraciətlər edəcək. Yəni məsələni daha yüksək səviyyədə qaldıracaq, daha ali tədbirlərdə Azərbaycanı sıxışdıracaq. Dunya Miyatoviç həm vədlər aldı, həm də özü Azərbaycan cəmiyyətinə söz verdi ki, hökumət vədini yerinə yetirməsə, boş dayanmayacaq.
– ATƏT nümayəndəsinin dünya birliyinə müraciət edəcəyi ilə bağlı xəbərdarlığı onu deməyə əsas vermirmi ki, beynəlxalq təşkilatlar bu məsələdə Azərbaycan hökumətinə bir o qədər də etibar etmirlər.
– Mən bayaq da qeyd etdim ki, Azərbaycan hökuməti beynəlxalq aləmi çox aldadıb. Vədlər verib yerinə yetirməyib. Ona görə Miyatoviçin ehtiyatlanması təbiidir. Görünür, o, vədlərin yerinə yetiriləcəyinə tam əmin deyil. Azərbaycan hökuməti Avropa Məhkəməsi kimi bir qurumun qərarını yerinə yetirməkdən qaçdı. Bütün dünya qurumları dəfələrlə bununla bağlı narazılıq ifadə ediblər. Qərarda Eynulla Fəttullayevin azadlığı tələb edilirsə, o, həbsdən buraxılmalı idi. Bu, Azərbaycan hakimiyyətinə xarakterik xüsusiyyətdir. Yəqin hökumət bu dəfə də verdiyi vədlərin altından öz xeyrinə çıxmağa çalışacaq. Burada müsbət tərəf odur ki, bu vədləri alan adamın özü də vədlər verdi ki, yerinə yetirməsəniz, mən bu məsələləri dünya qarşısında qaldıracam.
Əvvəllər diplomatlar bunları xısın-xısın danışıb gedirdilər. Sonra da ya susurdular, ya deyirdilər ki, söz vermişdilər, eləmədilər. Yaxud deyirdilər, biz yalnız tövsiyə verə bilərik. Bir sözlə, riyakar mövqe tuturdular. Öhdəliklərin yerinə yetirilməməsini malalayırdılar. Suallara belə, doğru cavablar vermir, həqiqətin nədən ibarət olduğunu ifadə etmirdilər. Çox yaxşı ki, ATƏT-in media üzrə komissarı bu cür prinsipial mövqe qoydu. Açıq şəkildə bəyan etdi ki, vədlər yerinə yetirilməsə, susmayacam.
Gültəkin