Əliyev ATƏT nümayəndəsinə hənsı vədləri verib?

Dunya Miyatoviç: “İrəliləyiş görməsəm, heç bir tərəddüd etmədən dünya birliyinə müraciət edəcəm”

 

ATƏT-in media və söz azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç (Dunja Mijatovic) Azərbaycana səfərinin yekunlarına dair mətbuat konfransı keçirib. Miyatoviç bildirib ki, Azərbaycandan ümidlə gedir. Bakıda keçirdiyi rəsmi görüşlərdə həbsdəki jurnalist və bloggerlər tezliklə azad olunacağına, media azadlığı sahəsində problemlərin həll ediləcəyinə onu əmin ediblər. Əgər verilən vədlərə əməl olunmasa Miyatoviç dünya ictimaiyyətinə müraciət edəcək.

 

Miyatoviç diffamasiyanın dekriminallaşdırılması məsələsinin hökumətlə müzakirəsini yaxşılığa doğru dəyişiklik adlandırıb. “Lakin mən dedim ki, qanunun qəbulundan sonra daha çox iş görülməlidir. Diffamasiyaya görə həbslər ləğv olunmalı, cərimələr adekvat olmalıdır”, –  deyə Miyatoviç vurğulayıb.
Miyatoviç həbsxanada jurnalist Eynulla Fətullayevə baş çəkdiyini xatırladıb. Bildirib ki, Fətullayevi yüksək ruhda görmək onu sevindirib. Koloniya rəhbərliyi bildirib ki, Fətullayevin təhlükəsizliyini təmin edəcək.

Prezident İlham Əliyevi Fətullayevi  azad etməyə çağırıb-çağırmaması ilə bağlı “Turan”ın sualına Miyatoviç müsbət cavab verib. Bundan əlavə, o, prezidentlə  görüş zamanı məhkum olunmuş gənc blogerlərin, əsasən bu günlərdə həbs olunmuş Cabbar Savalanını məsələsini qaldırıb. Əliyevlə görüşün “müsbət atmosferdə” keçdiyini qeyd edən Miyatoviç Fətullayevlə Savalanın tezliklə azad olunacağına ümid etdiyini bildirib.  Savalanın işi ilə bağlı Miyatoviç qeyd edib ki, hökumət sosial şəbəkələrdə vətəndaşların azad fikirlərinə dözümlü olmalıdır. Onun sözlərinə görə, Əliyev vəd edib ki, Azərbaycanda İnternet “azad” fəaliyyət göstərəcək.
Miyatoviçin sözlərinə görə, Azərbaycan hakimiyyəti “jurnalistlərin heç bir qorxu olmadan istənilən mövzuda sərbəst yaza bilməsi” barədə onun fikirləri ilə razılaşıb. Bu planda o, hakimiyyəti “Azadlıq” qəzetinin əməkdaşlarının (Seymur Həziyev və Ramin Deko) oğurlanması və döyülməsilə bağlı son iki hadisəni araşdırmağa, həmçinin Elmar Hüseynovun qətlinin sifarişçilərini və icraçılarını tapıb cəzalandırmağa çağırıb.
Bundan əlavə, Miyatoviç Azərbaycan hakimiyyətini Milli Televiziya  və Radio Şurasında islahatlar aparmağa, onun müstəqilliyini təmin etməyə çağırıb. Yalnız belə olan halda teleradioda plüralizmi təmin etmək olar. Şura yayım üçün lisenziyaların verilməsinin şəffaflığını təmin etməlidir.

Miyatoviç “Amerikanın səsi”, “Azadlıq”, BBC radiostansiyalarının yerli tezliklərdə yayımının dayandırılması ilə bağlı suallarına hakimiyyətin cavablarının onu qane etmədiyini bildirib. O qeyd edib ki,  hakimiyyət sözügedən problemlərin həllində ATƏT-lə əməkdaşlıq edəcəyinə  söz verib. Qonaq bundan sonra da Azərbaycanda vəziyyəti diqqətlə izləyəcəyini söyləyib. “Lakin mən irəliləyiş görməsəm, heç bir tərəddüd etmədən dünya birliyinə müraciət edəcəm”, – deyə o vurğulayıb.
Mətbuat konfransında bəzi Qərb diplomatik missiyalarının əməkdaşları iştirak edib.Fransa və Niderland səfirlikləri isə səfirlərlə təmsil olunub ki, bunu da Azərbaycanda media azadlığının təminatı üzrə səylərin dəstəklənməsinin nümayişi kimi qiymətləndirmək olar.
Bu, D.Miyatoviçin Azərbaycana ilk səfəridir. ATƏT təmsilçisi deyir ki, Bakıya onu prezident İlham Əliyevin dəvət edib.